İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresindəki Ukrayna növrağı və Laçın yolundakı bayrağımızın “ağır daşı”  

1531 22.12.2022 12:55 Yazarlar A A

 

Sosial şəbəkəni yenə də mübahisələr bürüyüb: Ukrayna prezidentini yüksək səviyyədə qəbul edən ABŞ-da cərəyan edənlərdir mövzu. Volodimir Zelenskinin Rusiya işğalına qarşı apardığı mübarizəni həm də Azərbaycan uğrunda mübarizə hesab edənlərin arqumentlərində haqq var, xüsusilə də rusiyalı yeni “jirinovskilər”in “Ukrayna ilə məsələni bitirək, Bakı ilə məşğul olacağıq”-təhdidi fonunda...

Azərbaycan dövləti savaşın ilk günündən Ukrayna xalqının və dövlətinin yanındadır, hətta Rusiya qaranlığa qərq etdiyi Kiyevə 50 generator yollamağımızı, ukraynalı yetim uşaqların Azərbaycana gətirilməsinə belə qıcıq olur. Yəni Azərbaycan mümkün olanı edir, bundan artığını gözləyənlər isə görünür ölkəmizi od-alovun içərisinə atmaqda maraqlıdırlar...

 5t5t5t5t.jpg (29 KB)

Bəli, ABŞ prezidenti Co Bayden rus işğalına qarşı əzmlə mübarizə aparan Volodimir Zelenskinin pişvazına çıxır, onu yüksək səviyyədə qarşılayır, səmimiyyətini nümayiş etdirir. Amma Bayden bu günədək hələ də Azərbaycana, ölkəmizin liderinə münasibətdə eyni davranışı sərgiləməyib. Niyə? Ukraynanın ərazi bütövlüyünün qorunması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası arasında fərq qoymaq hansı kitabda yazılıb? BMT-yə daxil olarkən hər iki ölkənin sərhəd bütövlüyü tanınmayıbmı? Azərbaycan 30 ildən sonra BMT Təhlükəsizlik Şurasının ayaq altına atılmış 4 qətnaməsini təkbaşına icra etdi. Ən azı ABŞ kəşfiyyatı yaxşı bilirdi ki, bu, Ermənistanın işğalı deyildi, Rusiyanın işğalı idi. Şuşanın rus hərbçilər tərəfindən işğal edildiyini elə bu günlərdə Azərbaycanın ehtiyatda olan generalı da söylədi, bunu Ağ Evdə bilmirdilərmi? Deməli, Rusiya Ermənistan adı altında Azərbaycan ərazisini işğal edə, talaya, sərvətlərini daşıya bilər, amma Ukraynaya münasibətdə bu, yolverilməzdir? Biz dost Ukraynanın tezliklə qələbə qazanmasını, rus işğalına son verməsini istəyirik, lütfən, kimsə burada anti-Ukrayna ritorikası axtarmağa cəhd göstərməsin! Söhbət Qərbin ikili, üçlü sifətindən, ayrıseçkiliyindən gedir!

Bu günlərdə Azərbaycan ittiham olunur, Laçın-Xankəndi yolunu “kəsdiyinə” görə! Əclaflığın son həddidir! Ekofəalların dinc aksiyasını, ərazilərimizin qanunsuz şəkildə erməni-rus birləşmələri tərəfindən talanmasını, zərərli tullantıların çaylarımıza axıdılmasını, canlı aləmin məhv edilməsini dayandırmaq tələbilə keçirilən dinc aksiyanın 11-ci günüdür, amma “ədalətli” Qərb səsimizə səs verməkdənsə, şaxtalı qış günündə 24 saatlıq fasiləsiz aksiya keçirməklə əslində dünyaya fədakarlıq nümunəsini nümayiş etdirən gənclərimizi “yol kəsməkdə” ittiham edir. Dünyanın ekologiya ilə bağlı təşkilatlarının da səsi batıb, lal olublar. Səbəbi bəllidir, imperialist paytaxtlardan sifariş gəlməyib.   

ABŞ-ın Laçın yolundakı aksiyamıza reaksiyasına diqqət edək:  “Laçın dəhlizi ilə nəqliyyatın dayandırılmasının ağır humanitar nəticələri var və Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərər vurur”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə deyib. Ardınca da Azərbaycan hökumətini dəhliz boyunca sərbəst hərəkəti bərpa etməyə çağırıb, hətta enerji infrastrukturunun dayandırılması ilə bağlı xəbərlərdən bəhs etmişdi. Sitat: “Bu, xüsusilə qış aylarında humanitar böhranı daha da gücləndirə bilər. Dağlıq Qarabağın mülki əhalisinə zərər vurmaq qəbuledilməzdir”.

O boyda ölkənin rəsmisi qəbilə tayfalarının nümayəndəsi kimi danışır, sanki dünyadan bixəbərdir. Belə ürəyiniz yanır, Koloforniyada yaşayan ermənilərə xüsusi status tanıyın, dövlət yaratsınlar, lap ABŞ-ın növbəti ştatı elan edin! ABŞ-a səfər etmək üçün aylarla səfirliyə ayaq döyüb, viza alır insanlar. ABŞ rəsmisi isə Azərbaycana çağırış edir ki, sən Laşın “dəhlizi”ni açıq qoy, ermənilər İrandan gətirdikləri terrorçulardan tutmuş, Rusiya, Hindistan silah-sursatına qədər daşısınlar sənin ərazinə! Bu, nə yanaşmadır, nə çağırışdır?!

 Konqres.jpg (196 KB)

ABŞ Konqresi Zelenskini ayaq üstə qarşıladı, bir-bir əl verib görüşmək istəyənlərin növbəsi yaranmışdı. Olsun! Amma həmin Konqres Azərbaycana qarşı sanksiya qərarını düz 30 il əvvəl qəbul etmişdi, unutmadıq! Yeri gəlmişkən, onda da ABŞ-ı qıcıqlandıran Ağdərə mövzusu idi. O zaman cəmi bir yaşı olan müstəqil Azərbaycan ordusu rus-erməni birləşmələri ilə döyüşərək Ağdərə şəhərinə bayrağımızı sancmışdı. Məntiqlə gərək ABŞ və Qərb aləmi ən azı bir gənc, müstəqil ölkənin minimum ehtiyatlarla Rusiyanın hərb maşınına qarşı döyüşməsinin qarşılığında Azərbaycana dəstək verəydi. Amma əksi baş verdi, Azərbaycana qarşı “907-ci düzəliş” adlı idbar sanksiya qərarı qəbul olundu və bu günədək ləğv olunmayıb. 30 il əvvəl Azərbaycan həm də Ukrayna üçün döyüşürdü, amma dünya bizə dəstək vermədi, nəticəsi bəlli...

Bu gün də Laçın yolunda keçirilən dinc aksiya Ağdərə bölgəsindəki yataqlarımızın qanunsuz istismarıdır, özü də bu istismarda Rusiya şirkətlərinin adı keçir. Amma Ukraynaya görə Rusiyanın basıb gözünü çıxaran Qərb aləmi rus şirkətinin qanunsuz şəkildə Azərbaycan ərazisindəki qızıl, mis, molibden yataqlarının talanmasına nəinki göz yumur, hətta “açın yolu, qoy işlərini görsünlər”-məzmunlu çağırışlar edirlər...Bu məsələyə Fransa kimi “erməni bacısı”nın baxışları bəllidir və təəccüb doğurmur. Amma on illərlə qətnamələri tapdaq edilən BMT-nin Azərbaycan əleyhinə bəyanat qəbul etməsi utancvericidir!

Heç olmasa ayıblarını örtmək, sifətlərini saxlamaq üçün Qarabağdakı erməni quldurları ilə bağlı çağırış edərdilər, Rusiyanın burdakı hərbi kontingentinə “yolu açın, dinc insanlar rahat keçsin”-deyərdilər, Ermənistan hakimiyyətindən 10 noyabr 2020-ci il razılaşmasına əməl etməyi tələb edərdilər...Bunların sifətini Azərbaycanın ərazi bütövlüyünə bitərəf qalanda görmüşük, amma yenə də tarix üçün yazırıq, simasızlıqları bilinsin.

Odur ki, əzizlərim, Ukraynaya münasibətin yüzdə biri Azərbaycana olsaydı...Biz “Patriot” raketləri istəmədik, sadəcə yolumuzu kəsməyin, özümüz torpaqlarımızı azad edək, dedik, yenə də müqavimətlə üzləşdik, Nensi Polesinin, Adam Şiffin konqresindən, digər çevrələrdən. ABŞ Ukraynaya 100 milyardlıq dəstək paketi qəbul etməyə hazırlaşır. Olsun! ABŞ Konqresi Ermənistana 60 milyon, Qarabağdakı erməni separatçılarına 2 milyon dəstək proqramını elan edib. Bəs, buna nə ad verək? Nə vaxtdan insan qatilləri, işğalçılara milyonlar ayrılır? Onda ABŞ Luqansk və Donesk, Dnestryanı, abxaz və osetiya separatçılarına niyə “ayrıseçkilik” edir, onlara da 2023-cü il üçün maliyyə ayırsın! Məntiq bunu demirmi? Qarabağdakı erməni separatçılarının “dövlət” naziri Rusiya ermənisi Ruben Vardanyanın digər separatçı qurumların liderlərindən nəyi və harası ABŞ Konqresinin ürəyinə yatıb?! Desinlər, biz də işimizi bilək, vaxtımızı bu mövzuya ayırmayaq, əsəblərimizi korlamayaq!

ABŞ Konqresinin rəhbərliyi Zelenskinin Ukraynadan apardığı, Baxmut müdafiəçilərinin üzərində imzalar olan bayrağı öpərək qəbul etdi, tribuna üzərində sərdi, Ukrayna prezidentinin yanağından öpdü. Biz eyni münasibəti gözləmirik, ummuruq. Demirik ki, vaxtilə rus ordusunun da iştirakı ilə işğal edilmiş Şuşanın azadlığından sonra asılan Azərbaycan bayrağına niyə eyni münasibət yoxdur. (Heç ABŞ səfiri bu günədək Şuşaya getmir ki, ermənilərin xoşuna gəlməz.) Demirik ki, Azərbaycan bayrağı niyə Konqresin tribunası üzərində görmədik? Sadəcə istəyirik ki, bayrağımızın Xankəndi, Ağdərə, Xocavənd, Xocalıda asılmasına mane olmasınlar! Bizim Laçın yolundakı bayrağımız belə gözlərinə girir, “daş”ı ağırdır bayrağımızın...

Budur Amerika “ədaləti”.

Elşad Paşasoy,
Musavat.com

4a9ab25faa64de6472ba32240d86584c.jpg (85 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR