İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan növbəti xarici siyasət BOMBASI: "Hədəfdə Kubadır..."

428 11.06.2026 11:03 Dünya A A

 Venesuela Prezidenti Nikolas Maduronun ABŞ xüsusi xidmət orqanları tərəfindən Karakasda ələ keçirilərək Nyu-Yorka aparılmasından sonra, Vaşinqtonun növbəti hərbi hədəfinin Kuba adası olduğu rəsmən bəyan edilib.

Musavat.com xəbər verir ki, Pentaqonun rəhbəri (müdafiə naziri) Pit Heqset jurnalistlərə verdiyi qapalı açıqlamada Ağ Evin Kuba Prezidenti Migel Dias-Kanelin ölkədən qaçırılması (oğurlanması) ssenarisini ciddi şəkildə masaya qoyduğunu etiraf edib.

ABŞ-ın Karib hövzəsində artan hərbi fəallığı və kəşfiyyat uçuşları ilə bağlı sualları cavablandıran Heqset, rəsmi Vaşinqtonun Kuba rejimini dəyişməkdə qərarlı olduğunu gizlətməyib: "Hazırda bizim əlimizdə hər növ hərbi və strateji planlar mövcuddur. Kuba prezidentinin ələ keçirilməsi də daxil olmaqla, bütün mümkün və radikal variantlar hazırda masanın üzərindədir".

Pentaqon rəhbəri onu da xüsusi vurğulayıb ki, bu məsələdə yekun və qəti qərarı şəxsən Prezident Donald Tramp özü qəbul edəcək.

Xatırladaq ki, bundan əvvəl Prezident Donald Tramp Mayamidə keçirilən iqtisadi sammitdə regional gərginliyə toxunaraq "Yeri gəlmişkən, növbəti hədəf Kubadır" bəyanatını səsləndirmişdi. Ağ Evin bu açıq hədələrindən və ABŞ Hərbi Dəniz Qüvvələrinin "Nimitz" aviadaşıyıcı qrupunun Karib dənizinə daxil olmasından sonra Havana həyəcan təbili çalıb. Kuba hakimiyyəti ölkədə mülki müdafiə tədbirlərini maksimum dərəcədə gücləndirərək, ABŞ-ın mümkün hərbi müdaxiləsinə və qaçırma əməliyyatlarına qarşı dinc əhaliyə kütləvi şəkildə odlu silah paylamağa başlayıb. Beynəlxalq ekspertlər Maduronun qaçırılmasından sonra Vaşinqtonun bu addımını regionu tamamilə alova bürüyəcək yeni bir müharibə anonsu kimi qiymətləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR