İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan iki zərərçəkənə fərqli münasibət: birinə “döyüş!”, digərinə “separatçıya toxunma!” çağırışı

2253 25.01.2023 12:47 Yazarlar A A

İki xəbər diqqətimi çəkdi. Biri belə idi ki, ABŞ Ukraynanı döyüş taktikasını dəyişməyə çağırıb. İkincisi də okeanın o tayından edilən çağırış idi, bu dəfə Azərbaycana. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə “biz Laçın dəhlizi ilə sərbəst hərəkətin tam bərpasına çağırırıq”-deyib.

Həm Azərbaycan, həm Ukrayna müharibədən zərər çəkən ölkələrdir, hər ikisi əhali və ərazi sarıdan böyük itkilərə məruz qalıb və qalır, dağıntıların miqyası da bəlli. Adətən, Ukraynada dağıdılan şəhərlərlə ermənilərin yer üzündən sildiyi Ağdamın fotolarını yanaşı qoyuruq, işğalçıları lənətləyirik. Ukraynaya 21-ci əsr silahlarının göndərilməsini də təqdir edirik, hətta dəstəyin daha da artırılmasını, ukraynalıların bu bəladan tezliklə xilas olmasını arzulayırıq. Amma axı, Azərbaycan da belə bir dəstəyi haqq edirdi. Nə 30 illik işğal dövründə, nə 44 günlük müharibədə Qərbdən bir kibrit qutusu boyda dəstək, silah almadı, əksinə, qarşımızda əngəl oldular. Heç olmasa bu gün əl-ayağımıza dolaşmasınlar! ABŞ DD sözçüsü Prays “Laçın dəhlizi ilə sərbəst hərəkətin tam bərpası”na çağırış etməklə nə demək istəyir? Bəlkə çağırış edəydi ki, antierror əməliyyatlarında ABŞ-la bir yerdə olan Azərbaycana Qarabağdakı terrorçuların kökünü kəsmək üçün hər cür dəstəyi verməyə hazırıq, niyə demir?! O boyda dövlətin rəsmiləri niyə bu qədər həyəcanlanıb? Ermənilər xəstələrini də Laçın yolu ilə rahat aparırlar, mülki şəxslər də istədiyi vaxt ekofəalların qarşısından keçib gedir, yüklər də daşınır, ərzaq, dərman problemi də yoxdur. Elə isə “tam bərpa” nə deməkdir? Yəni terrorçular daşınsın, sərvətlərimiz talansın, TIR-larla İrəvana sarı aparılsın, yoxsa 2022-ci il istehsal olan kapron minaların Qarabağa daşınmasına əngəl olmağımız əndişələndirir amerikanları?!  

Blinken İlham Əliyevə ZƏNG ETDİ

Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdi. Düşünmək olardı ki, ondan sonra bitəcək bu söhbət, çünki dövlət başçımız qətiyyətli şəkildə sözünü demiş, mövqeyini ifadə etmişdi. Xatırladaq bir daha. Rəsmi məlumatda deyilirdi ki, telefon söhbəti zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini söyləyib. Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını da qeyd edib.

Laçın-Xankəndi yolunda son vəziyyət – Özəl - NEWS

Ən mühüm olan daha bir məqam: ABŞ dövlət katibi Antoni Blinkenin telefon zənginə cavabında Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını bir daha xatırladıb və... Dövlət başçısı bildirib ki, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.

Üstündən daha iki gün keçib və Laçın yolu ilə gedib-gələn, yük daşıyan maşınların sayı da 1000-i adlayıb! 25 min erməni nə qədər yeyib-içir ki? Belə çıxır ki, Qarabağ erməniləri hərəsi bir aya bir maşın ərzaq yeyir, Prays “tam”dan danışır?

Qarabağ erməniləri ilə danışıq: Masa arxasındakı adam kimdir? Yeni Sabah

Bu arada Avropadakı bəzi dairələr özlərini karlığa vurublar. Hətta Ruben Vardanyan da blokadada olmadıqlarını deyəndən sonra Avropada ermənilərin “kommersiya yüklərinin maneəsiz buraxılması” çağırşını edirlər. Nə olub, ermənilər kimin bacısı oğludur, haradan düşüb, harda yoğrulublar belə? Niyə ermənilər gömrük yoxlanışı olmadan, vergi ödəmədən Azərbaycan ərazilərinə yük daşımalıdırlar?! Üstəlik də Ağdərə qızılını, misini külçə halına salıb var-dövlət toplamalıdır erməni quldurları?

Prezidentimizin və dövlətimizin Laçın yolundakı aksiya ilə bağlı mövqeyinin dəyişməz olduğunu cənab Əliyevin bu sözləri də bir daha sübut edir: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir”.

44 günlük zəfər tariximiz dərsliklərdə əks olunacaq - VİDEO

Sadə və aydın dildə. Yenə də aydın olmadımı?!

Bu yerdə, 44 günlük müharibə günlərini də xatırladaq: Azərbaycan Prezidentinə dünyanın müxtəlif paytaxtlarından zənglər gəlirdi və cavabında “ermənilər bizə ordunu ərazilərimizdən çıxaracağı ilə bağlı vaxt versin, dayanaq”-deyirdi. Sonda Ermənistan ordusu əllərini qaldırdı, Ağdam, Kəlbəcər və Laçının azad olunmasının qrafiki təqdim olundu, Əliyev şanlı ordumuza dayanmağı tapşırdı.

Müharibənin ilk günlərində İlham Əliyevin dediklərini də unutmamışıq. Sitat: ““Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun”.

BMT Baş Assambleyası Folker Türkü İnsan Hüquqları üzrə Ali Komissarı  vəzifəsinə təyin edib

Baxıram ki, hətta BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk iş-gücünü atıb, bir ovuc erməni separatçının hay-küyü ilə məşğuldur. BMT TŞ-nin 4 qətnaməsini unutmasınlar! Ararat Mirzoyan donquldanıb ki, Laçın yolunun açılması üçün iki varuiant var, biri hərbi yol...Ağlı başına gəlməyib bu Araratın, “Ağrı oğrusu”nun!

44 günlük müharibə zamanı da Ermənistan rəhbərliyi dünya liderlərinin zəhləsini tökmüşdü, bəziləri telefonun dəstəyini qaldırmırdılar artıq. İndi də, Laçın yolunda dinc aksiyanın, ekoloji terror əleyhinə keçirdiyimiz etirazların fonunda da eyni davranışları müşahidə edirik. Anlamırlar ki, onların xilası Makronda, Baydendə, Blinkendə, Avropa İttifaqının müşahidəçilərində deyil, Azərbaycandan və Əliyevdən asılıdır!

Millət Laçın yolunda ekoloji terrora qarşı mübarizə aparır

Keçən həftə bir neçə paytaxtdan Azərbaycan əleyhinə çağırış “yağışı” yağandan sonra ermənilər ümidlənmişdilər, hətta “sabah Laçın dəhlizi açılacaq”-xəyalı qurmuşdular. Yoldakı aksiyanın 44 gün çəkəcəyi və bitəcəyi haqda gözləntilər də doğrulmadı. Qəti mövqe var: tələblər yerinə yetirilməlidir, vəssalam!

44 günlük müharibə günlərində İlham Əliyevin xəbərdarlıqlarını gec anladılar, qapı-qapı düşüb kömək istədilər xaricdən, ora-bura zəng etdilər, Azərbaycana təzyiq etməyə çağırdılar. Nəticə olmadı, qətiyyətli siyasət, güclü ordu, ali iradə sözünü dedi.

Bu dəfə də belə olacaq, şübhəmiz yoxdur. Sadəcə vaxtı uzadırlar...  

Elşad Paşasoy,
Musavat.com

237160_3mukv90bk9.jpg (28 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR