İnsanlara hürriyət, millətlərə istiqlal!

“91-lər”dən olan Zakir Sərdarovun işıqlı ömür yolu

1474 14.12.2021 10:55 Ölkə A A

Məşhur alim, ictimai-siyasi xadim, sabiq deputatın vəfatından 22 il ötür

O, hələ 20-ci əsrin 80-cı illərində erməni separatizminə, yalanlarına qarşı mübarizə aparıb. Elmi, publisistik məqalələrində Azərbaycan qarşı məkrli planları ifşa edən  alimlərdən olub. Vətənpərvərliyi onu sovetlərin repressiyalarından da çəkinməyə imkan verməyib, ermənilərin qədim türk yurdu İrəvana və Qarabağa köçürülmə xalq olduğunu davamlı olaraq yazıb, arxivləşdirib. Müxtəlif arxivlərdə saxlanılan, milli kimliyimiz, tariximiz üçün son dərəcə dəyərli faktları, əhəmiyyətli sənədləri üzə çıxarıb. Bunların əsasında 5 kitab, 300-dən artıq elmi məqalə, 4 monoqrafiyanın müəllifidir.

Söhbət məşhur “91-lər”dən, YAP-ın qurucularından, Ümummilli lider Heydər Əliyevin səmimi tərəfdarlarından, silahdaşlarından olan mərhum millət vəkili Zakir Sərdarovdan gedir.

SSRİ dağılan ərəfələrdə - 1990-cı illərdə imperıya rəhbərliyinin işğalçılıq siyasətinə qarşı çıxdığına görə o, həbs də edilib.

Bakı şəhərinin hərbi komendantı, polkovnik Valeri Bünyadov Səfiyar Musayev və Fərəməz Maqsudovla birgə Zakir Sərdarovu da iki günlük həbs etdirmişdi...

Zakir Həsən oğlu Sərdarov 1943-cü il dekabrın 31-də Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Yanıqpəyə kəndində qulluqçu ailəsində anadan olub. O, 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Tarix-filologiya fakültəsinə daxil olub. Yaradıcılıq həvəsi, istedadı olduğundan gənc yaşlarında "Xəzər dənizçisi" qəzetində əmək fəaliyyətinə başlayıb.

Pedaqoji İnstitutu fərqlənmə diplomu ilə bitirmiş Zakir Sərdarov bir il Salyan rayonunda müəllim işləyib. Daha sonra yaradıcılıq imkanlarını genişləndirmək üçün Zakir Sərdarov əyalətdən Bakıya dönüb.

1969-1971-ci illərdə Azərbaycan Jurnalistlər İttifaqında ədəbi işçi, eyni zamanda, Bakı Bədən Tərbiyəsi Texnikumunda müəllim işləyib. Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatına layiq görülüb.

1971-1984-cü illərdə "Gənc müəllim" qəzetinin redaktoru vəzifəsində çalışıb, daim ictimai problemləri, təhsildəki çatışmazlıqları qabardıb.

Daha sonra məzunu olduğu İnstitutda dərs deməyə başlayıb.

1982-ci ildə "SSRİ-nin Bolqarıstan Xalq Respublikası ilə iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığına Azərbaycan SSR-in töhfəsi" mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsini alıb.

SSRİ və Azərbaycan Jurnalistləri İttifaqının üzvü olub. Z.Sərdarovun elmi kadrların hazırlanmasında böyük xidmətləri var.

Ölümündən sonra ona həsr olunmuş 5 kitab, 1 poema yazılıb.

Z.Sərdarov ölkənin, xalqın taleyinə biganə qalmayan şəxslərdən biri kimi, ictimai-siyasi proseslərdən də kənarda qalmayıb.

O, Heydər Əliyev ideyalarının yayılması üçün bütün imkanları ilə çalışıb, Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib.

Z.Sərdarov 1992-ci il dekabrın 7-də elan edilən Heydər Əliyevin Müdafiə Komitəsinin ilk üzvlərindəndir, Yeni Azərbaycan Partiyasının "Qızıl fondu" elan olunmuş məşhur “91-lər”dən biridir.

Həyat fəaliyyətinə nəzər saldıqda bəlli olur ki, Zakir Sərdarov Ulu Öndər Heydər Əliyevə, onun dövlətçilik ideyalarına daim sadiq olub.

Ölümündən sonra Zakir Sərdarovun “Heydər Əliyev və milli mübarizə tariximiz” kitabı çap edilib.

Zakir Sərdarovun xatirəsinə - — "YAP-ın qızıl fondu"dan

O, vaxtilə Milli Məclisin qarşısında yaş senzinin aradan qaldırılması üçün keçirilən mitinqlərdə fəal iştirak edib. 1998-ci ildə keçirilən prezident seçkilərində Heydər Əliyevin səlahiyyətli nümayəndəsi olub.

1995-ci ildə Zakir Sərdarov birinci cağırış Milli Məclisə 24 saylı Nəsimi dairəsindən deputat seçilib. Milli Məclisinin İnsan hüquqları komissiyasının, Azərbaycan-Almaniya Parlamentlərarası Dostluq Qrupunun üzvü olub.

Zakir Həsən oğlu Sərdarov 14 dekabr 1999-cu ildə 58 yaşında vəfat edib. Mərhum II Fəxri Xiyabanda dəfn olunub.

Zakir müəllim həm də gözəl ailə başçısı olub. Vətənpərvər alim övladlarını layiqli vətəndaş kimi yetişdirib, azərbaycançılıq ruhunda tərbiyə edib. Onun böyük qızı Xatirə xanım müəllimə, kiçik qızı Züleyxa xanım isə həkimdir. Oğlanları Vüsal və Vüqar Sərdarovlar hüquq-mühafizə orqanlarında çalışırlar, ölkəmizdə ictimai asayişin, dövlətçiliyin, sabitliyin keşiyindədirlər.

Zakir Sərdarov — Vikipediya

Dünyasını dəyişməsindən 22 il keçsə də, müəllim, partiya yoldaşları onu unutmur, anım günündə onun məzarını ziyarət edir, xatirəsini əziz tuturlar.

Allah rəhmət eləsin!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR