İnsanlara hürriyət, millətlərə istiqlal!

87,7 faizlik etimadın sirri: Xalqın İlham Əliyevə güvən səbəbi

648 03.07.2026 12:11 Ölkə A A

Medianın İnkişafı Agentliyinin 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə keçirdiyi ictimai rəy sorğusu Dövlət Başçısına olan yüksək ictimai etimadı bir daha nümayiş etdirdi. Xatırlatma üçün bildirək ki, sorğu dövlət başçısına cəmiyyətin böyük əksəriyyəti tərəfindən güclü dəstək verildiyinin növbəti bariz sübutu oldu.

Bu göstəricilər təkcə statistik rəqəmlər deyil, eyni zamanda Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi siyasətin, qəbul etdiyi strateji qərarların və ölkənin inkişafına yönəlmiş fəaliyyətinin cəmiyyət tərəfindən necə qiymətləndirildiyini əks etdirir. Məhz bu siyasətin nəticəsi olaraq İlham Əliyev Azərbaycan cəmiyyətində yüksək nüfuza malik siyasi lider kimi qəbul olunur. Son sorğuların nəticələrinə əsasən, Prezident İlham Əliyevə rəyi soruşulanların etimad səviyyəsi 87,7 faiz təşkil edir. Respondentlərin 93,6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir, 81,9 faizi isə onu alternativsiz siyasi lider hesab edir.

Bu yüksək etimadın əsas səbəblərini bir daha sadalayaq:

  1. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutması, milli maraqları qətiyyət və prinsipiallıqla müdafiə etməsi ona olan yüksək ictimai etimadın əsas səbəblərindən biri kimi göstərilir.
  2. İlham Əliyevin öz gücünü xalqdan alması, xalqa güvənməsi, xalqın iradəsini ifadə etməsi və cəmiyyətlə qarşılıqlı etimada əsaslanan idarəçilik modeli onun geniş xalq dəstəyinə malik olmasını şərtləndirən əsas amillərdəndir.
  3. Dövlət Başçısının böyük şəxsiyyətə və qətiyyətli lider keyfiyyətlərinə malik olması, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə nüfuzlu dövlət xadimi kimi qəbul edilməsi də sorğularda əks olunan yüksək etimadın mühüm səbəbləri sırasında yer alır.
  4. İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hərtərəfli inkişaf etməsi, güclü iqtisadiyyata və müasir orduya malik, özünü təmin edən dövlətə çevrilməsi vətəndaşların dövlət başçısının fəaliyyətinə verdiyi yüksək qiymətin əsas faktorlarından hesab olunur.
  5. Ölkə başçısının həyata keçirdiyi müstəqil və prinsipial xarici siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsinə çevrilməsi, qlobal səviyyədə öz sözünü deyən dövlət kimi tanınması və yüksək beynəlxalq nüfuz qazanması da ictimai etimadı gücləndirən əsas amillərdən biridir.
  6. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması Prezident İlham Əliyevin liderliyi ilə əlaqələndirilən ən mühüm tarixi nailiyyətdir.
  7. Dünyada münaqişələrin və qarşıdurmaların artdığı mürəkkəb geosiyasi şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sabitliyin, ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə qorunub saxlanılması da vətəndaşların dövlət başçısına göstərdiyi yüksək etimadın əsas səbəblərindən biridir.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, müasir dövrdə siyasi liderlərə münasibət ən müxtəlif yanaşmalarla, o cümlədən seçkilərin nəticələri, ictimai rəy sorğuları ilə ölçülür: “Elə məqamlar var ki, rəqəmlər sadəcə statistik göstərici olmaqdan çıxaraq, dövlət-vətəndaş münasibətlərinin mahiyyətini ifadə edən siyasi indikatorlara çevrilir. Azərbaycanda Prezident İlham Əliyevə etimad səviyyəsini əks etdirən son ictimai rəy sorğularının nəticələri də məhz belə göstəricilər sırasındadır. Respondentlərin 87,7 faizinin Prezident İlham Əliyevə etimad göstərməsi, 93,6 faizinin onun fəaliyyətini müsbət qiymətləndirməsi və 81,9 faizinin dövlət başçısını alternativsiz siyasi lider hesab etməsi təsadüfi göstəricilər deyil. Bu göstəricilər uzun illər ərzində həyata keçirilən dövlət siyasətinin nəticələrinə cəmiyyət tərəfindən verilən qiymətin ifadəsidir. Müasir dünyanın siyasi mənzərəsinə nəzər saldıqda görürük ki, bir çox ölkələrdə hakimiyyət institutları ilə cəmiyyət arasında etimad böhranı yaşanır. Populizm, siyasi qütbləşmə, sosial narazılıqlar və idarəetmə sistemlərinin effektivliyinə dair suallar bir çox dövlətlərin qarşısında ciddi problemlər yaradır. Azərbaycan isə fərqli bir model nümayiş etdirir. Burada dövlət başçısına yüksək ictimai dəstək yalnız siyasi texnologiyaların və ya təbliğat mexanizmlərinin nəticəsi deyil, konkret nailiyyətlərə, milli maraqların müdafiəsinə və vətəndaşların gündəlik həyatında hiss olunan dəyişikliklərə əsaslanır”.

Parlament təmsilçisinin sözlərinə görə, Prezident İlham Əliyevə etimadın əsas mənbələrindən biri onun həyata keçirdiyi strateji və uzaqgörən siyasətdir: “Son iyirmi ildən artıq dövr ərzində qəbul olunan qərarlar göstərir ki, dövlət başçısı qısamüddətli siyasi dividendlərdən daha çox, Azərbaycanın uzunmüddətli milli maraqlarını əsas götürən idarəçilik xəttinə üstünlük verir. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə prinsipial şəkildə qorunması bu siyasətin əsas istiqamətlərini təşkil edir.

İctimai etimadı formalaşdıran mühüm amillərdən biri də Prezident İlham Əliyevin liderlik modelidir. Bu model siyasi hakimiyyətlə xalq arasında qarşılıqlı etimada əsaslanır. Dövlət başçısının müxtəlif regionlara səfərləri, vətəndaşlarla birbaşa ünsiyyətə üstünlük verməsi, insanların problemlərinin həllinə operativ yanaşması və qəbul edilən qərarların sosial yönümlü xarakter daşıması cəmiyyətlə hakimiyyət arasında möhkəm etimad körpüsünün formalaşmasına şərait yaradıb.

Sorğuların nəticələrində əksini tapan digər mühüm məqam Prezident İlham Əliyevin güclü və qətiyyətli lider kimi qəbul olunmasıdır. Mürəkkəb geosiyasi proseslərin yaşandığı, beynəlxalq münasibətlər sistemində yeni güc balanslarının formalaşdığı bir dövrdə qətiyyətli liderlik amili xüsusi əhəmiyyət daşıyır. Azərbaycan cəmiyyəti dövlət başçısında milli maraqları müdafiə etmək iqtidarında olan, siyasi iradə nümayiş etdirən və zəruri qərarlar qəbul etmək bacarığına malik lider görür”.

Deputatın sözlərinə görə, Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu da bu etimadın mühüm səbəblərindən biridir: “Ölkənin iqtisadi potensialının gücləndirilməsi, strateji valyuta ehtiyatlarının artırılması, sosial rifahın yüksəldilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi və regionların inkişafı istiqamətində görülən işlər vətəndaşların dövlətə və onun rəhbərinə münasibətində mühüm rol oynayıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri Azərbaycanın inkişaf modelinin yeni mərhələsini formalaşdırır.

Prezident İlham Əliyevin xarici siyasət kursu da ictimai etimadın formalaşmasında xüsusi yer tutur. Azərbaycan bu gün yalnız regionun deyil, daha geniş coğrafiyanın mühüm siyasi və iqtisadi aktorlarından birinə çevrilib. Müstəqil qərar qəbul etmək imkanına malik olan, heç bir güc mərkəzinin təsiri altında olmayan və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bu amil də vətəndaşlarda dövlətin gələcəyinə inamı gücləndirən faktorlar sırasındadır.

Lakin Prezident İlham Əliyevə yüksək ictimai etimadın ən mühüm siyasi və mənəvi əsasını Azərbaycanın əldə etdiyi tarixi Zəfər təşkil edir. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və sonrakı mərhələdə dövlət suverenliyinin tam bərpa olunması Azərbaycan dövlətçilik tarixinin ən mühüm hadisələrindən biridir. Onilliklər ərzində həll olunmamış qalan problemin məhz Prezident İlham Əliyevin siyasi iradəsi, diplomatik məharəti və Ali Baş Komandan qətiyyəti nəticəsində həll edilməsi onun liderlik fenomeninin əsas komponentlərindən biridir.

İctimai etimadın mühüm sütunlarından biri də təhlükəsizlik və sabitlik amilidir. Dünyanın müxtəlif bölgələrində müharibələrin, daxili qarşıdurmaların, iqtisadi böhranların və siyasi kataklizmlərin artdığı bir dövrdə Azərbaycanın sabit inkişafını davam etdirməsi, ictimai təhlükəsizliyin qorunması və vətəndaşların öz gələcəyinə əminlik hiss etməsi dövlət idarəçiliyinin effektivliyinin göstəricisi kimi qəbul olunur.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevə yüksək ictimai etimad ayrı-ayrı hadisələrin yaratdığı emosional reaksiyanın deyil, uzunmüddətli siyasi fəaliyyətin, strateji qərarların, milli maraqlara əsaslanan dövlətçilik kursunun və əldə olunan real nəticələrin məntiqi yekunudur. Məhz buna görə də ictimai rəy sorğularında əks olunan rəqəmlər yalnız bu günün mənzərəsini deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin dövlətçilik prioritetlərinə, milli həmrəyliyə və gələcək inkişaf perspektivlərinə münasibətini də ifadə edir”.

Cavanşir Abbaslı

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR