İnsanlara hürriyət, millətlərə istiqlal!

5-ci Kennedinin namizədliyi – o, əmisinin və atasının yolunu getmək istəyir, ancaq şansı…

1585 08.04.2023 10:30 Yazarlar A A

Düz 63 ildir ki, dünyanın ən populyar sülaləsi Kennedi ailəsidir. Əgər 1960-cı ildə bu ailəni yalnız ABŞ-da tanıyırdılarsa, Con Kennedinin prezident seçilməsindən sonra onu dünyanın böyük hissəsində, 1963-cü ildə, Kennedinin qətlindən sonra isə dünyanın ən ucqar yerlərində də tanımağa başladılar.

Daha sonra ailənin daha bir üzvü, ədliyyə naziri-baş prokuror olmuş Robert Kennedi 1968-ci ildə prezidentliyə namizədliyini irəli sürərək ilk seçki uğurlarını qazanandan dərhal sonra öldürüldü və Kennedi ailəsinin söz-söhbəti uzun illər dillərdən düşmədi, hələ də düşməyib.

O vaxtdan bəri bu ailə haqqında minlərlə kitab, yüz minlərlə məqalə yazılıb, yüzlərlə sənədli, bədii bilm çəkilib, adı azı bir neçə trilyon dəfə hallandırılıb. Elə günümüzdə də Kennedi ailəsinin adı hər gün azı milyon dəfə çəkilir.

Fəqət Kennedi ailəsinin 5-ci üzvünün – kiçik Robert Kennedinin böyük siyasətə atılması, prezidentliyə namizədliyini irəli sürməsi nə ABŞ-da, nə də dünyada elə bir ajiotaj doğurmadı, hətta medianın da diqqətini bir elə çəkmədi.

Kennedi ailəsinin bundan əvvəlki siyasətçiləri bunlardır:

1. Cozef Patrik Kennedi – II dünya müharibəsi zamanı ABŞ-ın İngiltərədə səfiri, qiymətli kağızlar və birja komissiyasının sədri;

2. Con Fitscerald Kennedi, senator, ABŞ-ın 35-ci prezidenti (1961, yanvar-1963, noyabr);

3. Robert Frensis Kennedi, ABŞ-ın 64-cü baş prokuroru (ədliyyə naziri), senator.

4. Edvard Kennedi, Massaçests ştatından seçilmiş senator (1962-2009).

5kenne.JPG (82 KB)

Budur, daha bir Kennedi meydana çıxmaq istəyir. Bu, mərhum baş prokuror Robert Kennedinin 3-cü övladıdır və onunla eyni ad-soyadı daşıyır.

Onu da deyək ki, Kennedilər dədə-babadan çoxuşaqlı ailəyə sahib olurlar. Ailənin böyüyü Cozef Patrik Kennedinin 10, R.Kennedinin 11 övladı olub. Kiçik Kennedinin də 6 övladı var.

Bəs siyasət sülalələrinə, xüsusilə də Kennedilərə hörmətlə yanaşan ABŞ ictimaiyyəti 5-ci Kennediyə nədən soyuq yanaşır?

Bunun səbəb 5-ci Kennedinin yeniyetməlik və gənclik illərində qazandığı mənfi reputasiyadır.

3qardash.JPG (22 KB)

9 yaşı olanda prezident əmisi, 14 yaşı olanda prezidentliyə namizəd atası öldürüldükdən sonra kiçik Robert Kennedi avaralıq edib, marixuana çəkib, saxlayıb, buna görə həbs edilib. On beş yaşı olanda onu pis davranış və pis qiymətlərinə görə Millbruk məktəbindən qovublar.

Sülaləsinin adını batıran R.Kennedinin macəraları bununla bitməyib. Sonradan hüquq təhsili alan və 1983-cü ildə ailənin köhnə dostu Morgentaunun yanında, prokurorluqda işə düzələn Robert bir il keçməmiş narkotikə görə işdən qovulub.

Həyatı boyunca qanunlarla problem olan, adı müxtəlif qalmaqallara qarışan R.Kennedi bir ara özünü radio aparıcısı kimi sınayıb, hüquqşünas, bioqraf olub, peyvənd əleyhinə fəal kimi tanınıb, blogerlik edib, universitetdə dərs deyib. İndi də siyasətə atılıb.

ABŞ belə bir adamı – keçmiş narkomanı, avaralıq edən birini özünə rəhbər seçərmi? Çox da ki, o məşhur nəslin nümayəndəsidir.

atacoz.jpg (41 KB)

Ondan da ötə yerdə, Con Kennedini prezident seçdirən əslində onun atası Cozef Patrik olub. Prezident Franklin Ruzveltlə və İngiltərənin baş naziri Uinston Çörçillə dost olan böyük Kennedi özünün president olmaq yaşının keçməsini anlayaraq, oğullarından birini prezident postunda görmək istəyib. Onun böyük ümid bəslədiyi böyük oğlu, təyyarəçi Co II dünya müharibəsində həlak olduğundan ikinci oğlunu qabağa verib və 1960-cı ildə məqsədinə çatıb. C.P.Kennedi oğlunun prezidentliyinin ilk aylarında onun işlərinə çox qarışıb, hətta prezidentin ilk iqtidar komandasını özü tərtib edib və kiçik oğlu Robert Kennedinin baş prokuror təyin edilməsində israrlı olub. Con Kennedi əvvəlcə buna etiraz etsə də, sonda razılaşıb.

edliy.jpg (6 KB)

R.Kennedi isə baş prokuror olduqdan sonra prezidentin sevimli qardaşı və onun seçki qərargahının rəhbəri olmasından yararlanaraq, vitse-prezident Lindon Consonu, dövlət katibi David Raskı, Pentaqonun rəhbəri Maknamarı, FTB-nin direktoru Edqar Huveri, bir sözlə, hər kəsi sıxışdıraraq, 40 yaşındaykən dövlətin ikinci adamına çevrilib. Əslində Con Kennedinin və onun özünün qətlinin motivləri içində bu versiyaya da diqqət yetirilməliydi, ancaq bu istiqamət araşdırılmayıb. Onun prezidentliyə namizəd olarkən qəsd üçün ciddi motivi olmayan ərəb terrorçu tərəfindən öldürülməsi bəzi təhqiqatçılarda belə bir rəy yaradıb ki, Con Kennedinin əsl qatilləri R.Kennedinin prezident seçiləcəyi təqdirdə qardaşının müəmmalı qətlinin üstünü açacağından qorxublar və onu da aradan götürüblər.

Yeri gəlmişkən, kiçik R.Kennedi bir neçə dəfə deyib ki, atası prezident Con Kennedinin qatilinin Li Harvi Osvald yox, başqaları olduğunu və bu işi araşdıran Uorren komissyasının faktları saxtalaşdırdığına əmin olduğunu bildirirmiş.

Dövrünün xarizmatik və nüfuzlu siyasi xadimi, senator Edvard Kennedinin heç vaxt prezidentliyə namizəd olmamasının sirrini bu faktorla izah edənlər var. Onlar əmindirlər ki, Edvard Kennedi namizəd olacağı təqdirdə sui-qəsdə qurban gedəcəyindən qorxub.

robbi.jpg (52 KB)

Ona da diqqət edək ki, kiçik Robert Kennedi bundan əvvəlki seçkilərdə niyə prezidentliyə namizəd olmayıb.

2004-cü il seçkilərində o, prezidentliyə namizəd Con Kerrini dəstəkləyib, 2008-ci ildə isə Hillari Klintonun president olmasını istəyib, 2012-ci ildə Barak Obamanın tərəfini tutub.

Bu dəfə isə hələlik onun tərəfini tutan yoxdur.

İşdir, əgər möcüzə baş versə və kiçik R.Kennedi ABŞ prezidenti seçilsə, o zaman “4-cü Kennedi” romanının (eləcə də “Xaç atası” romanı və filminin) müəllifi Mario Pyuzonu “peyğəmbər” adlandıracaqlar. Çünki o, ABŞ-da daha bir Kennedi soyadlı prezidentin olacağını hələ 32 il öncə yazıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR