İnsanlara hürriyət, millətlərə istiqlal!

5 ay baş nazir oldu, sonda güllələndi – macar Stoyai Hitler nasizminin güdazına gedib

1417 14.02.2023 15:56 Yaxın tarix A A

O, öz gələcək karyerasının uğurlarını Almaniya hakimiyyəti ilə yaxınlıq etməkdə görüb. Dem Stoyai böyük Almaniya ideyalarının gerçəkləşəcəyinə şübhə etməyib, gec-tez Adolf Hitlerin qələbə qazanacağına inanıb. Amma heç də hadisələr onun düşündüyü, proqnozlaşdırdığı kimi cərəyan etməyib və bu cür yanlışlıq onun həyatına son qoyub...

Dem Stoyai 1883-cü ildə Serbiyanın Verşets şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Avstriya-Macarıstan ordusunda hərbi xidmətə başlayıb. I dünya müharibəsində Stoyai bacarığı, çevikliyi, qoçaqlığı, hərbi bilikləri tez mənimsəməyi ilə fərqlənib. O, artıq müharibənin son ilində polkovnik rütbəsini daşıyıb.

Stoyai müharibədən sonra hərbi xidmətini Yuqoslaviya ordusunda davam etdirib. General rütbəsini aldıqdan sonra isə Macarıstan ordusuna keçib. Macarstan Krallığının hökmdarı Mikloş Xorti ilə yaxın münasibətlər quran Stoyai 1925-ci ildə Berlində Macarıstanın hərbi attaşesi təyin edilib.

Sztojay-official_portrait_1944.jpg (67 KB)

Stoyai hərbi attaşe vəzifəsini daşısa da, o, Almaniyanın ictimai-siyasi həyatına kifayət qədər dərindən müdaxilə etməyi bacarıb, xüsusilə də nasist partiyasının fəalları ilə sıx əlaqələr qura bilib. Gələcəkdə partiyada Adolf Hitlerdən sonra ikinci şəxs sayılan vitse-fürer German Herinq və 3-cü Reyxin xarici işlər naziri İoahim Ribbentropla macarıstanlı hərbçi-diplomatın yaxın dostluq münasibətləri yaranıb.
Bununla yanaşı, Stoyai Almaniyanın xüsusi xidmət orqanları ilə də məxfi əməkdaşlıq edib.

1933-cü ildə nasistlər hakimiyyətə gəldikdən sonra Stoyai hərbi attaşe kimi vəzifəsindən geri çağrılıb. O, özünü bu vəzifədə saxlamaq imkanında olsa da, Macarstan rəhbərliyinin bu qərarına qarşı çıxmayıb. Stoyai Macarstana növbəti planlarını reallaşdırmaq üçün qayıdıb. Hərbi attaşe kimi sonuncu dəfə Ribbentropla görüşəndə nazir onun haqqında öz fikirlərini aşağıdakı kimi açıqlayıb: “Biz sizinlə yenidən əməkdaşlıq edəcəyik. Mən inanıram ki, Almaniya-Macarstan münasibətlərində sizin böyük rolunuz olacaq və yaxın gələcəkdə biz sizi Almaniyada səfir görmək arzusundayıq. Bu məsələnin həllində Almanita rəhbərliyi öz dəstəyini əsirgəməyəcək...”

Stoyai Macarstana qayıtdıqdan sonra iki ilə yaxın müddətdə fəaliyyətini Macarstan Müdafiə Nazirliyində davam etdirib. 1935-ci ildə o, Ribbentropun təşəbbüsü və müdaxiləsi ilə Macarıstanın Almaniyadakı səfiri təyin edilib.

image021-24.jpg (114 KB)

Səfir işlədiyi müddətdə Stoyai Almaniyanın siyasi və hərbi maraqlarını Macarstanda təmin etmək üçün bütün mümkün imkanlarından istifadə edib. İkinci dünya müharibəsi başlananda məhz Stoyainin səyi nəticəsində Almaniya ilə Macarstan arasında mühüm hərbi, siyasi sənədlər imzalanıb.

Stoyai Almaniyada fəaliyyət göstərən digər səfirlər arasında 3-cü Reyx komandasına yaxın bir fiqur kimi seçilib. Yozef Göbbels onun fəaliyyətini xüsusi fikirlərlə qiymətləndirib: “Almaniya hakimiyyəti və xalqı üçün Dem Stoyai adi bir səfir deyil. O, eyni zamanda nasist ideologiyasının yorulmaz təbliğatçısı və daşıyıcısıdır. Məhz Stoyainin gərgin diplimatik fəaliyyəti sayəsində Almaniya ilə Macarstan arasında dostluq və həmrəylik körpüsü yaranıb. Biz onun bu xidmətlərini yüksək qiymətləndirirk...”

Stoyai öz fəaliyyəti ilə gələcəkdə Macarstanda hakimiyyətə gəlmək maraqlarını təmin etməklə yanaşı, maddi durumunu zənginləşdirməyi də apxa plana salmayıb. O, Almaniyada işlədiyi zaman bir neçə şəxsi iqamətgaha, bir zavod və iki fabrikə sahib olub. Macarıstanlı diplomat Almaniyanın yüksək ranqlı dövlət məmurlarının ziyafətlərində fəxri qonaq kimi iştirak edib.

Nəhayət, 1944-cü ildə Stoyainin arzuları reallaşıb. Həmin ilin mart ayında almanlar Macarstana daxil olanda ölkənin baş naziri Mikloş Nadkallo vəzifəsindən kənarlaşdırılıb. Stoyai almanların yeganə namizədi kimi Macarstana baş nazir təyin edilib.

Bu vəzifədə də Stoyai Almaniyanın ona göstərdiyi etimadı artıqlaması ilə doğruldub. Ölkədə diktatura rejimi yaradan yeni baş nazir Vermaxt qoşunlarına kömək üçün şərq cəbhəsinə əlavə hərbi qüvvələr göndərib, ölkədə həmkarlar ittifaqı buraxılıb, siyasi rəqiblər kütləvi şəkildə həbs olunublar. Macarstanda nasist təbliğatını gücləndirən Stoyai on minlərlə yəhudini həbsə göndərib, onların mülkünə sahib çıxıb. Stoyainin cinayət əməlləri günü-gündən daha geniş vüsət alıb.

2f61c2f08af23fa2a5ec97620cfe5418.jpg (134 KB)

Macarstan Krallığının hökmdarı Mikloş Xorti vaxtilə Stoyaini dəstəkləsə də, onun karyerasında böyük rol oynasa da, baş nazir kimi onun fəaliyyətini məqbul saymayıb. Buna əsas səbəb isə Stoyainin onunla hesablaşmaması olub. Qarşılıqlı anlaşılmazlıq münasibətləri daha da gərginləşdirib. Xorti öz nüfuzundan istifadə edərək Almaniya hakimiyyəti ilə Stoyainin baş nazir vəzifəsindən azad olunmasının razılığını alıb. Bununla da Stoyai cəmi 5 ay baş nazir kürsüsündə əyləşə bilib. 1944-cü ilin avqust ayında o, vəzifəsindən kənarlaşdırılıb.

Stoyai siyasi müstəvidə bir daha özünə yer edə bilməyib. Onun üçün Macarıstanda yaşamaq da mümkünsüz olub. Çıxılmaz vəziyyətdə qalan sabiq baş nazir Almaniyaya qaçmağa məcbur olub. Almaniyada isə vəzyyət heç də ürəkaçan olmayıb. 3-cü Reyxin məğlubiyyətə doğru sürətlə yuvarlandığı bir vaxtda Stoyai ən maraqsız bir “obyekt” kimi görünüb. O, 1945-ci ildə amerikalılar tərəfindən həbs edilərək Macarıstana təhvil verilib.

Budapeşt Xalq Tribunalı Stoyai haqqında hökm çıxarmaqda çətinlik çəkməyib. Sabiq baş nazirin cinayət əməllərini sübuta yetirən o qədər dəlillər və canlı şahidlər olub ki, əlavə istintaq araşdırmalarına ehtiyac qalmayıb. Tribunalın hökmü ilə 63 yaşlı Dem Stoyai ən ağır cəzaya, güllələnməyə məhkum edilib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR