İnsanlara hürriyət, millətlərə istiqlal!

40 il öncə: “Dayaq” Brejnev öldü, Əliyev Kremlə getdi – Yeni gözləntinin köhnə presedenti

2489 21.04.2023 10:12 Yazarlar A A

 

1982-ci ilin sentyabrı. SSRİ-nin faktiki rəhbəri, hakim Kommunist Partiyasının baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri (dövlət başçısı) postlarını tutan Leonid Brejnev Bakıya gəlir. Aeroportda dövlət başçısını Azərbaycan SSR KP MK-nın birinci katibi Heydər Əliyev, Nazirlər Soveti sədrinin 1-ci müavini Süleyman Tatlıyev,  Bakı şəhər partiya komitəsinin 1-ci katibi Vaqif Hüseynov, Mərkəzi Komitənin katibi Fuad Musayev, Azərbaycan DTK-sının sədri Ziya Yusifzadə böyük təntənə ilə qarşılayırlar.

74258.jpg (145 KB)

Hərəkət edərkən və danışarkən problem yaşayan Brejnev Bakıda isti görüşlər keçirir və 3 gündən sonra, sentyabrın 27-də təyyarə ilə Moskvaya qayıdır.

 Brejnevin səfər boyunca respublikanın rəhbəri Əliyevə rəğbət hiss etdirməsi həm regionda, həm də ölkədə belə bir qənaət yaradır ki, baş katib sağ olduqca Əliyev də Azərbaycan rəhbəri olaraq qalacaq. Ahıl rəhbərin səhhətindəki problemlər bariz olsa da, Azərbaycanda belə bir qənaət hasil olur ki, Kremlin həkimləri onu uzun yaşadacaqlar. Kimsənin ağlına gəlmir ki, Bakıya səfərindən 47 gün sonra Brejnev öləcək.

 Bu, elə bir dövrdür ki, Azərbaycanın başçısı postunda gözü olanlar var. Bu sırada 40 yaşı hələ noyabrda tamam olacaq Vaqif Hüseynov, MK katibi Fuad Musayev, MK katibi Həsən Həsənov və başqaları yer alır.

 Brejnevin Kremldə çoxdan gözlənilən, müttəfiq respublikalarda isə gözlənilməz sayılan ölümündən sonra ictimaiyyət arasında, əmək kollektivlərində ən geniş yayılmış fikirlərdən biri belə olur: “Artıq Əliyevin də dövranı sona çatdı, indi Kreml onu başqasıyla əvəzləyəcək”.

74257.jpg (51 KB)

 Sovet tarixində adətən belə olub: rəhbərlər dəyişdikdə müttəfiq respublikalardakı rəhbərlər də mütləq dəyişdiirliblər. Lenindən sonra Stalin də belə edib, ondan sonra Xruşov da, Xruşovdan sonra Brejnev də. İndi Brejnev hakimiyyətdən və həyatdan gedibsə, demək, onun kadrı olan Əliyev də vəzifədən gedəcək. 1982-ci ilin noyabr ayının ikinci ongünlüyündə məmləkətimizdə qənaət, ümid və əndişə belə olub.

 Ancaq, necə deyərlər, sən saydığını say, gör, Kremldəki ixtiyarlar nə sayır.

 Bəlkə də çox az adamın ağlına gələ bilərdi ki, əksinə olacaq, Brejnevdən sonra hakimiyyətə gələn Yuri Andropov çox ləngitmədən, Brejnevin vəfatından  cəmi12 sonra Heydər Əliyevi Kremlə aparacaq, SSRİ Nazirlər Sovetinin birinci müavini təyin edəcək və Əliyev məhz Brejnevdən boşalmış Siyasi Büroya üzv seçiləcək.

 O zaman Azərbaycan hökumətində, eləcə də siyasi kuluarlarda bu təyinata görə məyus və umsuq olanlar əsl hisslərini yalnız güman etmək olar, özləri və yaxınları ya bu barədə heç nə yazmayıblar, ya da həqiqətdən yan ötüblər. Bu məyusluq əsasən ona görə dərin olmalıydı ki, Əliyev Moskvada işləməyə başlayandan sonra Azərbaycana Kamran Bağırov kimi elə böyük iddiası və liderlik keyfiyyəti olmayan, ölkə tarixində “boz siyasi xadim” kimi qalan Kamran Bağırov təyin olundu.

 Bax, bu, o dövrün böyük aldanışı idi ki, Brejnevdən sonra ölkənin idarəçiliyinin kardinal şəkildə dəyişəcəyi güman olunurdu. Bu aldanışın kütlələrə elə bir isti-soyuğu olmasa da, ambisiyalı “yoldaş”ın gələcək karyerasında mənfi rol oynadı. Əsas iddiaçılar bu təyinatı həzm edə bilmədilər. Bəziləri özlərini Kremlin və Əliyevin seçimi ilə barışmış kimi göstərsə də, 41 yaşlı V.Hüseynov o yolu tutmadı və postunu tərk etməli oldu. 1987-ci ildə Əliyev Kremldəki vəzifələrindən istefa verəndən sonra düzən tamam pozuldu,Kreml şahlıq quşunu əvvəlcə Əbdürrəhman Vəzirovun, daha sonra Ayaz Mütəllibovun başına ondurdu.

iddiali.JPG (34 KB)

 Ölkənin 1-ci şəxsi olmağa iddialılar isə baş nazir, DTK sədri, parlament sədrinin 1-ci müavini kimi yüksək postlar tutsalar da, Azərbaycanın lideri ola bilmədilər.

 Bu prosesin, hadisələr zəncirinin üstündən 40 il 5 ay keçib, çox şey unudulub və əhəmiyyətini itirib. Ancaq indi də yeni nəsillər qəribə bir gözləntinin içindədilər, şirin bir illüziyaya qapılıblar. Bunun növbəti aldanış olub-olmayacağını isə yalnız zaman, gələcək günlər müəyyən edəcək.

 Yeni gözlənti təkcə Kremldə dövlət başına kimin keçəcəyi ilə bağlı deyil, bu dəfə gözlər eyni zamanda Ankaraya da dikilib.

 Bir xeyli adam hesab edir ki, mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində prezident İlham Əliyevlə şəxsi dostluq münasibətində olan Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçilməsə, eləcə də Ukraynada apardığı uğursuz və faciəvi müharibə üzündən Rusiya prezidenti Vladimir Putin saray çevrilişi nəticəsində devrilsə, ya da ağır xəstəlik səbəbindən ölsə, o zaman İlham Əliyevin dayaqları sarsılacaq və onun hakimiyyətdən getməsi labüd olacaq.

77641.jpg (30 KB)

 Yenə də bir çox adam bu gümanı yaxın qoymur ki, həmin hipotetik düşüncələr yüzdəyüz doğrulsa da, gözlənilən, umulan şərait yaranmaya, hətta əksinə ola bilər. Məsələn, ola bilər ki, istər Beştəpədə, istərsə də Kremldə hakimiyyətə gələn yeni liderlər Azərbaycanın indiki rəhbərliyi ilə dil tapmağı üstün tutarlar, nəinki böyük bir proses başladıb, yeni qüvvələr tapıb, hazırlayıb, hakimiyyəti dəyişməyi düşünərlər.

 Ölkəmizdə Putinin və Ərdoğanın iqtidardan getməsinin gözlənilməsinin, ümumilikdə bu ölkələrdəki siyasi proseslərə böyük maraq göstərilməsinin əsas sirri budur. Yoxsa bu dəyişikliklər baş verəndən sonra o ölkələrdə vəziyyətin mənfiyə və ya müsbətə dəyişəcəyi, türk və rus xalqlarının istiqbalı bizimkiləri çox da ilgiləndirmir. Əsas odur ki, Türkiyə və Rusiyadakı siyasi dəyişiklikıər hansısa formada Azərbaycana təsir göstərsin.

 Bu, bir xeyli adamın şirin röyası, bir çoxlarının isə qorxulu yuxusudur.

 Putin və Ərdoğanın hakimiyyətdə qalmasını istəyənlər iki qrupa bölünür: 1. Bunun mövcud iqtidar komandası üçün sərfəli olacağını düşünənlər; 2. Bu şəxslər hakimiyyətdə qalmasını Qarabağ münaqişəsinin həllində ölkəmizin əlini gücləndirən faktor hesab edənlər.

 Uzun illərin təcrübəsi isə deyir ki, sonradan böyük umsuqluqlar yaşamaq istəmirsinizsə, heç nəyə, heç kimə böyük ümidlər bəsləməyin. Belə məsələlərdə aldanışlar qaçılmazdır. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR