Azərbaycanın Vaqif Xaçaturyan və daha üç erməni məhbusu Ermənistana təhvil verməsi Ermənistan cəmiyyətində və media mühitində qarışıq reaksiyalara və geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, hadisə həm rəsmi dairələr, həm də ictimaiyyət tərəfindən fərqli prizmalardan qiymətləndirilir və bu yanaşmalar ölkə daxilində mövcud siyasi-ictimai parçalanmanı bir daha üzə çıxarır.
Ermənistan hökuməti Gevorg Sujyan, Davit Davtyan, Viken Euljekjian və Vaqif Xaçaturyanın Azərbaycan tərəfindən Ermənistana təhvil verilməsini Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində əldə olunmuş razılaşmaların praktik nəticəsi kimi təqdim edib. Rəsmi İrəvan bu hadisəni humanitar xarakterli addım və normallaşma istiqamətində atılmış mühüm jest kimi qiymətləndirib. Erməni media orqanları isə məsələni əsasən mövcud siyasi kontekst daxilində işıqlandırır. Bir sıra platformalarda məhbusların Azərbaycanda hansı ittihamlarla saxlanıldığı, onların hüquqi statusu və təhvil verilmə mexanizmi barədə məlumatlar verilir. Media materiallarında bu addımın sülh danışıqları fonunda baş verdiyi xüsusi vurğulanır.
Hökumətə yaxın və nisbətən müstəqil media orqanları dörd məhbusun qaytarılmasını iki ölkə arasında əldə olunmuş razılaşmanın nəticəsi kimi dəyərləndirir və bu prosesi sülh gündəliyi üçün “praktiki addım” hesab edir. Bəzi erməni portal və sosial şəbəkə səhifələri də bu hadisəni mübadilə və humanitar yanaşmanın tərkib hissəsi kimi dəyərləndirir. Eyni zamanda, digər məhbusların da azad edilə biləcəyi ilə bağlı müzakirələrin davam etdiyi qeyd olunur.
Bununla yanaşı, Ermənistanda bir sıra ictimai fəallar, hüquq müdafiəçiləri və müstəqil şərhçilər bu addımın yetərli olmadığını bildirirlər. Onların fikrincə, Azərbaycanda hələ də saxlanılan erməni məhbuslar məsələsi tam həll olunmayıb və dörd nəfərin qaytarılması problemin yalnız kiçik bir hissəsidir. Sosial şəbəkələrdə və erməni media məkanında səslənən fikirlərdə iddia olunur ki, onlarla, hətta yüzlərlə erməni əsir və məhbusun taleyi hələ də açıq qalır və bu məsələ beynəlxalq səviyyədə daha ciddi şəkildə qaldırılmalıdır.
Sosial mediada reaksiyalar daha da rəngarəngdir. Bir qrup istifadəçi bu addımı sülhə doğru atılmış müsbət jest kimi dəyərləndirir və qarşılıqlı humanitar addımların davam etdirilməsinin vacibliyini vurğulayır. Onların fikrincə, bu cür proseslər uzunmüddətli sülh üçün zəmin yarada bilər. Digər istifadəçilər isə hesab edirlər ki, söhbət yalnız kiçik bir qrupun azad edilməsindən gedir və əsas problem — bütün məhbusların azad olunması — hələ də həllini tapmayıb.
Bu cür fərqli yanaşmalar və reaksiyalar bir daha göstərdi ki, Bakının Azərbaycanda bir nəfər də olsun erməni əsir olmadığını dəfələrlə bəyan etməsinə baxmayaraq erməni cəmiyyətində hələ də “erməni əsirlər” mövzusu gündəmdə qalmaqdadır.
Eyni zamanda fərqli reaksiyalar və iddialar göstərir ki, Ermənistan cəmiyyətində Azərbaycanla normallaşma prosesinə münasibət hələ də birmənalı deyil və vəziyyətin müsbətə dəyişməsi üçün Paşinyan hökuməti öz xalqı ilə hələ xeyli iş aparmalıdır.
Etibar Seyidağa,
Musavat.com






