İnsanlara hürriyət, millətlərə istiqlal!

35 il əvvəl “Spartak” stadionuna toplaşanlar olmasaydı... – Haqqı danılanlar

4903 29.05.2023 08:43 Yazarlar A A

Hər dəfə istiqlaliyyətimizin növbəti ildönümündə ürəkaçan, fərəh doğuran məqalə və çıxışlarla, sosial şəbəkə paylaşımları ilə yanaşı, elə söhbətlər də çıxır ki, onun qarşısında susmaq vicdanlı hərəkət olmaz.

Bu, haqqı danılanlarla, xidməti gözməzliyə vurulanlarla, haqsız yerə pis qələmə verilənlərlə bağlı məsələdir.

15-20 il əvvəl bu günlərdə istiqlalımızın baş banisi Məmmədəmin Rəsulzadənin adını yaxşı-yaman şəkldə hallandıranlar vardı, onun xidmətini azaltmaq, liderliyini danmaq üçün dövlət qurmuş digər kişilərin – Xoyskinin, Topçubaşovun, Yusfibəylinin və başqalarının adını bilə-bilə çox çəkərdilər. Sonradan artıq Rəsulzadəyə batmağın çətin olduğunu görüb, bir az istiqaməti dəyişdilər.

İndi də “Rəsulzadə-Elçibəy yolu” ifadəsinə ilişənlər var. Biri yazır ki, Rəsulzadə və komandası ideya, əqidə, məfkurə daşıyıcısı olublar, amma Elçibəy və silahdaşları haqda o sözü demək olmaz, bunların onlara dəxli yoxdur, başqa kateqoriyadandırlar.

Ölkə tarixində bundan böyük haqsız iddia, ədalətsiz mülahizə olmayıb və çətin ki olsun.

Necə yəni Elçibəy və silahdaşlarını Rəsulzadə yolunun davamçıları saymaq olmaz? Nədən olmasın?

Məgər 1988-ci ilin fevralında Elçibəyin silahdaşları – cəmi 100-150 nəfər (əsasən gənc alimlər) o vaxtkı “Spartak” stadionunun xiyabanına (köhnə avtovağzalın yanı) toplaşıb erməni qəsbkarlığına müqavimət hərəkatının rüşeymini qoyanda SSRİ-nin tezliklə dağılacağını, kompartiya və DTK-nın bir neçə ilə çökəcəyini, Azərbaycanın müstəqil olacağını bilirdilər və hakimiyyət davasına qalxmışdılar?

Bunu heç kim bilmirdi. Bəlkə ümumi şəkildə “belə quruluş çox gedə bilməz” deyənlər vardı, amma fakt o idi ki, 70 illik ömründə SSRİ-də yüzlərlə bu cür etiraz hərəkətlənmələri qanla boğulmuşdu, fəallar türmələrə doldurulmuş, sürgünlərdə çürüdülmüşdü.

Həmin vaxt meydana çıxan fəallar yalnız 8 aydan sonra xalqı yanlarında, meydanlarda gördülər. Ona qədər onlar çox az idilər və açıq-aşkar kəfənlərini geyib meydana çıxmışdılar. Repressiya olunmaq, erməni fitnəsinin qurbanı olmaq ehtimalları böyük idi. Onlara cəsarət verən tək bir səbəb var idi: haqlıydılar və vətən, torpaq naminə sinələrini qabağa vermişdilər. Bu, ideya, əqidə deyil?

Bəs bu şəxslər o cür fenomenal və təhlükəli cəsarət göstərməsəydilər, necə olacaqdı? Faciə olacaqdı, əsl faciə, ümummilli faciə.

O dövrdəki kommunist rəhbərlər Moskvanının qarşısında o qədər müti, sözəbaxan, cəsarətsiz idilər ki, Kremldə Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi barədə qərar verilsə, böyük ehtimalla susacaq və razılaşacaqdılar. Beləcə, Qarabağ de-yure əldən gedəcəkdi.

Qarabağın bu gün əlimizdə qalmasının əsas səbəbkarları məhz 1988-ci ilin fevralında “Spartak” stadionuna yığışan gənc alimlər və aspirantlar, bir də 1988-ci ilin noyabrında onlara qoşulan tələbələr, fəhlələr, xalq kütlələridir. Yerli kommunistlərə, komsomolçulara qalsa, Qarabağ münaqişəsi-filan olmayacaqdı, salam-səfa ilə ermənilərə verəcəkdilər, məsələ bitəcəkdi. Kreml məhz meydana çıxan 1 milyon adama görə Qarabağla bağlı məşum qərar qəbul edə bilmədi.

İndi üçrəngli milli bayrağımızı hamı şəstlə qaldırır, altında oturur, təntənəli günlərdə yelləyir, xaricə gedəndə çantalarında daşıyırlar. Amma o bayraq üstündə döyülən, söyülən Elçibəy tərəfdarlarının statistikası yoxdur. Onların əlindən həmin bu bayrağı alan, cıran, yerə atıb tapdayan adamların nisbətən gənc olanlarının özləri, yaşlıların isə övladları indi yüksək vəzifələrdə oturublar, yalandan dövlətçilik və bayraq davası aparırlar, vaxtilə bayraq uğrunda özlərini fəda edənlərə lağ edirlər.

Bəzi qərəzli və ədalətsiz adamlar da bilib-bilmədən onlara qoşulur, “Rəsulzadə yolu başqaydı, Elçibəy yolu başqadır” deyirlər.

Xeyr, yol eyni yoldur – millətin azadlığı, dövlətin istiqlalı yoludur. Hər iki lider və silahdaşları özlərini bu ideyaya həsr ediblər.

Bu gün onları bir-birindən ayırmağa çalışan, xüsusilə də ikincilərə ağız büzən adamlar hüquqi dövlət qurulması yolunda bütün bilik və bacarığını sərf edən, nazir olduğu qısa dövrdə fantastik işlər görən, dövlətin bir manatına əl uzatmayan Tofiq Qasımova, onun ruhuna sayğısızlıq edirlər.

Bu adamlar 20 il boyunca hər il qəbul imtahanlarında abituriyent valdeynlərindən bir neçə özüboşaldan maşına yüklənəcək miqdarda pul qamarlayan “qəbul mafiyası”nı iki ayın içində birdəfəlik çökdürən iki kişidən biri olan, öz doğma bacısına güzəştə getməyən, yüz minlərlə kasıb balasının ən prestijli universitetlərdə təhsil almasını təmin edən Vurğun Əyyubun haqqını yeyirlər.

Xidməti puç edilənlərin, qiyməti verilməyənlərin içində böyük demokrat Hikmət Hacızadə, adına yüz söz qoşulsa da, simasını və əlinin təmizliyini qoruyub saxlayan Pənah Hüseyn, baş nazir əvəzi olduğu dönəmdə yataqxanada yaşayan Əli Məsimli, ARDNŞ prezidenti olduğu vaxt kristal təmizliyi ilə ad çıxarmış Sabit Bağırov, ölkəmizi İranda ləyaqətlə təmsil etmiş Nəsib Nəsibli, parlamentdə hər zaman prinsipial mövqe sərgiləmiş İbrahim İbrahimli, Ədalət Rəhimli, Məryəm Həsənova, Hicran Kərimli, İH başçısı olduqları zaman təmizliyi ilə tanınan Həsən Kərimov, Hüseyn Məlikli, Xalid Muxtarov, Sahib Məmmədov, Şirzad Əyyub, Əli Quliyev, Şamil Quliyev, İltizam Əkbərli, İlham Hüseyn, İlham Həsən, Hüseynqulu Məmmədli, Zəlimxan Məmmədli, Loğman Abdullayev və onlarca, yüzlərcə başqaları var.

Onların hamısı Elçibəyin kadrlarıydı və idealist idilər, öz tutduqları yola, əqidəyə sona qədər sadiq qaldılar.

Bir də 28 May günündə bir qulaqdələn ifadə də çox səsləndi: “Sovet dövlətinin süqutu ilə yenidən müstəqillik əldə edən Azərbaycan...”.

Sanki sövet dövləti durduğu yerdə süqut etdi. Niyə etməliydi ki? 1988-ci ilə qədər bu dövlət dağ kimi yerində durmuşdu, hətta 1991-ci ilin avqustunda o “dağ” vulkan püskürərək öz əzəmətini qorumaq niyyətinə düşdü.

Fəqət Rusiyanın özündə, Ukraynada, Balyikyanı ölkələrdə, Gürcüstanda və Azərbaycanda başlanan xalq hərəkatları, Ermənistanda tüğyan edən və Kremlin əl-qolunu bağlayan dağıdıcı nasizm hərəkatı SSRİ-nin əsaslarını sarsıtdı. 1989-90-cı ildə Azərbaycandakı etiraz nümayişlərinin və kütləvi itaətsizliyin isə o dövrdə dünyada analoqu olmamışdı.

Məhz belə hərəkatlardan, üsyanlardan, itaətsizliklərdən, kütləvi qurbanlar verilməsindən sonra sovet dövləti idarəolunmaz hala gəldi.

Yəni adları çəkilən respublikalardakı xalq hərəkatları olmasaydı, Moskva situasiyanı tezliklə toparlayacaq, yenə 50-70 il əvvəl olduğu kimi ağıllı və üsyankar başları edam kötüyü üstünə qoymaqla sovet-rus imperiyasını qoruyacaqdı. Bir şey ki, Moskva 32 ildən sonra olsa da, postsovet məkanında neoimperiya təsis etmək niyyətindən vaz keçmir.

O baxımdan qoy heç kəs Rəsulzadə yolunun davamçıları olan, o yolu uzadıb Elçibəy yolu edən tarixi və fədakar şəxsiyyətlərin xidmətlərini görməzliyə vurmasın. Eybi yox, onların layiq olduqları haqqı verməsinlər, amma danmasınlar da.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR