İnsanlara hürriyət, millətlərə istiqlal!

2023 müharibəsinin “tətikçisi” - gecikən sülh müqaviləsinin bədəli İrəvana ağır olacaq!

884 11.01.2023 09:37 Siyasət A A

Praqa Bəyanatını kapitulyant tərəfə “başa salacaq” tək qüvvə - Ordumuzun işi bu il çox olacaq; Ermənistanın indiki konstitusiyasi dəyişməyincə...

Başa çatan 2022-ci ildə rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsindən yayınmaq üçün ən çox istifadə elədiyi bəhanə bu oldu ki, “bizim Azərbaycana qarşı heç bir ərazi iddiamız yoxdur, Qarabağ ermənilərinin problemi isə ərazi yox, hüquq məsələsidir, odur ki, sülh müqaviləsi ilə bərabər status problemi də həllini tapmalıdır”. Halbuki hər şey qırağa, Ermənistanın hazırkı, qüvvədə olan konstitusiyasında Azərbaycana da, qardaş Türkiyəyə də torpaq iddiası əksini tapıb.

Belə ki, 1995-ci ildə qəbul edilən həmin konstitusiyanın preambula hissəsində Ermənistanın Müstəqillik Aktına istinad edilir, Müstəqillik Aktında isə keçmiş DQMV-nin Ermənistana birləşdirilməsi haqda müddəa var. Həmçinin Müstəqillik Aktında (maddə 11) və konstitusiyada (maddə 13) Türkiyə ilə bağlı “soyqırım” və təzminat iddiaları yer alıb. Üstəlik, Türkiyənin qanuni torpaqları “Qərbi Ermənistan” kimi təsbit edilir. Ermənistanın gerbində isə hayların “Ararat” adlandırdığı Ağrı dağı təsvir olunub. Qısası, Azərbaycanla yanaşı, qardaş ölkəyə də konstitusion səviyyədə ərazi iddiası rəsmən (!) qalır.

Bundan əlavə, 1992-ci ildə Ermənistan parlamentinin qəbul elədiyi və hələ də qüvvədə olan (!) qanuna əsasən erməni rəsmilər “Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi heç bir sənədə imza ata bilməzlər”.

“Qarabağ klanı”nın siyasi meyitlərindən olan sabiq xarici işlər naziri Vardan Oskanyan da, görünür, məhz həmin qanundan ruhlanaraq srağagün deyib: “Biz qarşımıza iki hədəf qoymalıyıq: 1. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu göstərən hər hansı sənədə müqavimət göstərmək və onu imzalamamaq; 2. Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ imperativini ardıcıl şəkildə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaq”.

Ermənistan bir neçə ciddi problemlə üzləşəcək” - Vardan Oskanyan

 Vardan Oskanyan

Yada salaq ki, Suriya ermənisi olan V.Oskanyan uzun müddət (1998-2008) Köçəryan-Sərkisyan xunta rejiminin xarici işlər naziri olub. “Qarabağ klanı”na sədaqətlə qulluq edib. Bu cinayətkar rejimin Azərbaycanla 20 il ərzində apardığı “sülh” danışıqlarının nəyə gətirdiyi isə çoxdan məlum. İndi utanıb yerə girmək, heç olmasa, susmaq əvəzinə, gör nəyin xəyalını edir, nə çərənləyir. Paşinyana məsləhət görür ki, o və komandası da Köçəryan-Sərkisyan cütlüyü kimi sonu yenə erməni xalqına fəlakət gətirəcək köhnə avantürist kursu davam etdirsin!

Əfsus ki, Paşinyanın da 3 ildir apardığı kurs radikal-daşnak sələflərinin destruktiv siyasətindən ciddi fərqlənmir. O da təxminən eyni ağıldadır. Sadəcə, 44 günlük müharibədə başından “dəmir qapaz” yediyi üçün bir azca ehtiyatlı hərəkət edir. Unutmayaq, “Qarabağ Ermənistandır və nöqtə” deyənlər Xocalı hərbi caniləri R.Köçəryan və S.Sərkisyan yox, məhz N.Paşinyan olub!

Əlbəttə, biz Ermənistana, ümumən erməni toplumuna münasibətdə həmişə “İlanın ağına da lənət, qarasına da!” müdrik məsəlimizdən çıxış eləməliyik. Yoxsa növbəti dəfə faciəvi dalana gedib çıxarıq. Yəni Paşinyan və komandası ilə onun sələfləri arasında böyük məfkurə fərqinin olmadığını yaddan çıxarmamalıyıq. Zatən, erməni baş naziri və onun komanda üzvləri son iki ildə bunu dönə-dönə, əyani şəkildə sübut ediblər və edirlər. Sülh müqaviləsindən yayınmaqla, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi sənədləri imzalamaqdan qaçmaqla.

Praqa görüşünün yekun Bəyanatı

Hərçənd 6 oktyabr (2022) Praqa Bəyanatı ilə Azərbaycan və Ermənistan BMT Nizamnaməsi əsas sənəd kimi götürülməklə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıb. O zaman sülh müqaviləsi niyə imzalanmasın? İrəvan 2023-də də eyni taktika ilə baş qata biləcəkmi? Kapitulyant tərəf, nəhayət, dərk eləməlidir ki, bölgədə yeni dağıdıcı müharibənin əsas mənbəyi və ya tətikçisi Ermənistanın beynəlxalq hüquqa zidd olan indiki konstitusiyasi və sülh sənədini əngəlləyən 1992-ci il qanunudur...

Bir şeyi əminliklə söyləmək olar ki, çarə yenə hərbi və siyasi-diplomatik gücümüzün vəhdətinə qalacaq. Böyük ehtimalla, 2023-cü il Bakının Ermənistan üzərində total basqısı altında keçəcək və keçməlidir. Ordumuzun işi daha çox olacaq. Əks halda, bilməliyik ki, İrəvan Bakının 5 məlum prinsipi əsasında xoşluqla sülh sazişi imzalayan deyil. Bunu Ermənistan tərəfinin həmin prinsiplər əsasında hazırlanmış mətnə öz destruktiv əlavələrini edib Bakıya qaytarması şəkk-şübhə saxlamadı.

“Tərəflər (Azərbaycan və Ermənistan - red.) konkret sənəd üzərində işləyir. Bəllidir ki, bizim Xarici İşlər Nazirliyinin təqdim etdiyi mətnə ermənilər öz irad və təkliflərini bildiriblər. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Qriqoryan hətta bəyan edib ki, əgər Bakı sənədin erməni variantı ilə razılaşarsa, keçən ilin sonuna qədər o imzalana bilər. İşə bax, harada görünüb ki, davranışı və iddiaları beynəlxalq hüquqa zidd olan kapitulyant tərəf sülh şərtlərini diktə eləsin?”

Rasim Musabəyov da babası kimidir – Keçmiş deputat elə məqamlara aydınlıq  gətirdi ki… | KONKRET

Rasim Musabəyov

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Caliber.az-a politoloq Rasim Musabəyov söyləyib.  

Onun sözlərinə görə, aydındır ki, tərəflər qarşılıqlı məqbul mətnə nail olmaq üçün çox çalışmalı olacaq: “Düşünürəm ki, amerikalılar və Avropa İttifaqı ermənilərlə fikir mübadiləsi aparmalı, regiondakı və ən əsası "yerdəki" reallıqları onlara izah etməli olacaq. Əks halda, bunu Azərbaycan Silahlı Qüvvələri onlara başa salacaq".

R.Musabəyova görə, Avropa və ABŞ-ın ciddi analitik strukturları artıq xəbərdarlıq edib ki, sülh müqaviləsi olmazsa, onda yeni, qısamüddətli də olsa qanlı Ermənistan-Azərbaycan müharibəsi riskləri yüksək olacaq: “Bu isə heç kimə lazım deyil. Dağıntı, ölüm kifayətdir. İrəvan artıq anlamalı idi ki, nə Fransanın himayədarlığı, nə də informasiya hay-küyü Bakını istər Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağdan tamamilə çıxarılması, istərsə də Laçın və Zəngəzur dəhlizləri ilə bağlı öz prinsipial mövqeyindən geri çəkilməyə məcbur edə bilməz. Əgər İrəvan, necə deyərlər, "hasarda oturmağa" üstünlük verirsə, Rusiya və İran timsalında regional himayədarlarından əlverişli şanslar gözləyirsə, bu, əbəsdir".

Moskva-Tehran münasibətlərinin əvvəlki status-kvonu bərpa etmək imkanı  yoxdur – BAXIŞ BUCAĞI

Ekspertin qənaətincə, 2023-cü ildə Moskva və Tehran erməni “istəklərinin” hayında belə olmayacaq: “Demək, vaxt itkisi sülh müqaviləsinin şərtlərini də, yerdə qalan mübahisəli problemlərin həllini də ermənilər üçün daha da pisləşdirəcək”.

Bənzər xəbərdarlıqlar əcnəbi təhlilçilər və “beyin mərkəzləri”ndən də zaman-zaman eşidilir. Qalır, onların müvafiq ünvanlarda eşidilməsi və ciddiyə alınması. Əks təqdirdə, işə yenə ordumuz qarışmalı olacaq. Diplomatlar anlaşa bilməyəndə toplar işə düşür... 

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR