İnsanlara hürriyət, millətlərə istiqlal!

2022 ekspertlərin gözü ilə: iqtisadiyyatımız necə dəyişdi?

736 27.12.2022 10:36 Siyasət A A

Neft-qaz qiymətləri, inflyasiya, azad olunan ərazilərin bərpası...

2022-ci ilin son həftəsini yaşamaqdayıq. Arxada qoymaqda olduğumuz ildə dünya pandemiyanın təsirlərindən ayılmamış Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibənin şokunu yaşadı. Məhz bu müharibənin təsiri ilə qlobal iqtisadi münasibətlərdə kəskin dəyişikliklər meydana çıxdı, ticari əlaqələrin tamamilə yenidən, yeni marşrutlar əsasında qurulmasına başlandı. 

Böyük iqtisadi, siyasi, hərbi dəyişikliklərlə keçən 2022-ci ili Azərbaycan iqtisadiyyatı necə başa vurur? Bu bir il ərzində ölkənin iqtisadi həyatında hansı mühüm hadisələr qeydə alındı? Rəsmi statistikaya əsasən, bu ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 121,4 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 9,2 faiz artıb.

On bir ayda Azərbaycanda sənaye istehsalında 1,1 faiz azalma qeydə alınıb. Bu zaman neft-qaz sektorunda məhsul istehsalı 2,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda 5,0 faiz artıb. Sənaye məhsulunun 76,1 faizi mədənçıxarma sektorunda, 20,1 faizi emal sektorunda, 3,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,0 faiz artıb.

Bu ilin 11 ayında xarici ticarətin həcmi 49 milyard 217.02 milyon dollar olub ki, bunun da 36 milyard  335.55 milyon dolları ixrac, 12 milyard 881.47 milyon dolları idxaldır.

2022-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 13 milyard 53,6 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 14,7 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,5 faiz artıb.

2022-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111 milyon manatlıq məhsul satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə cəmi 3 faizlik artım deməkdir.

On bir ayda Azərbaycanda inflyasiya ötən ilin eyni dövrünə nəzərən 13,8 faiz təşkil edib. Bu zaman ərzaq məhsulları 20,8 faiz bahalaşıb.

Oxu.az - Elmin inkişafı büdcədən nə dərəcədə asılıdır?

Pərviz Heydərov

2022-ci ildə ölkə iqtisadiyyatında baş verənləri dəyərləndirən iqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, 2022-ci il ərzində baş verən iqtisadi hadisələri nəzərdən keçirəndə bahalaşma ilə inflyasiya amilindən başqa hər şeyin uğurla davam etdiyini və bütövlükdə ilin 2021-ci ildə pandemiyadan sonrakı bərpa dövrünün yaratdığı imkanlar - müvafiq baza hesabına daha da irəli nətəcələrlə dolu olduğunu görürük: “Əlbəttə, qlobal şərait və imkanlar əlverişli olsaydı, bütün bunlardan artıq nəticələr və irəliləyiş əldə etmək mümkün olardı. Ancaq təəssüf ki, qeyd etdiyim kimi, bahalaşma ilə inflyasiya amili bir çox proseslərə mane oldu və bunu buxovladı. Amma ölkəmiz bir çox təsir və təzyiqlərdən sığortalandı. Yəni əslində bu il ərzində bizdə də iqtisadi artım davam etməyə, maliyyə sabitliyi möhkəmlənməyə, bir sıra məhsullar üzrə qıtlıq ortaya çıxa bilərdi. Özü də ən zəruri qida məhsulları üzrə... Ölkəmiz bütün bunlardan yan keçə bildi. Düzdür, əvəzində qiymət artımları bir az da alovlandı, ancaq ərzaq qıtlığı kimi böhran ortaya çıxmadı. Bunun bir səbəbi hökumətin həyata keçirdiyi bir sıra müvafiq ehtiyat tədbirləri oldusa da, bizim enerji idxalçısı deyil, ixracatçısı olmağımız da üzümüzə güldü. Əks halda, biz də Avropa ölkələri kimi daha yüksək bahaçılıq və inflyasiya, həmçinin enerji böhranı məngənəsində və ərzaq çatışmazlığı problemləri qarşısında sıxılardıq”.

Ekspert bildirir ki, bu il, ümumiyyətlə, əsas etibarilə ölkədə elektroenergetika sahəsində mühüm hadisələr baş verdi: “İl elə əvvəlcədən məhz bununla yadda qalacağını diktə etdi. Belə ki, iki ərəb ölkəsi ilə müvafiq müqavilələr imzalandı. Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasına dair bu il yanvarın 13-də imzalanan sənəd və bundan cəmi iki ay sonra, yəni 2022-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının inşasına dair saziş ölkəmizdə bərpa olunan enerji sferasında yaxın perspektivdə böyük nəticələr əldə olunacağı deməkdir. Bundan əlavə, düzdür, elektrik enerjisi istehsalı energetika sektoruna aid olsa da, adıçəkilən iki ərəb ölkəsi ilə imzalanan sözügedən sənədlər, fikrimcə, ölkəmizin qeyri-neft sektoruna investisiya axını üçün də mühüm yol açır və buna əlavə stimul yaradır.

Hesab edirəm, ilin daha bir mühüm hadisəsi olaraq  iyul ayında Avropa Komissiyası Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı ölkəmizlə qaz təchizatını 2 dəfəyədək artırmaq haqda Anlaşma Memorandumunun imzalanması qəbul edilməlidir. Bu, 2027-ci ilədək həyata keçiriləcək.

Əlbəttə, işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və qurulması istiqamətində aparılan işləri də qeyd etmək lazımdır. Məsələn, işğaldan azad olunan ərazilərdə Füzuli Beynəlxalq Hava Limanından sonra inşa edilən ikinci beynəlxalq aeroport - Zəngilan Beynəlxalq Hava Limanının açılışı 2022-ci ildə ən mühüm hadisələrdəndir. Cəmi 1 il 6 ay ərzində tikilib istifadəyə verilən hava limanı ən yüksək dünya standartlarına uyğundur. Və bu tikili Zəngəzur dəhlizi üzrə ən mühüm hava nəqliyyatı infrastrukturu rolunu oynamalıdır".

P.Heydərov 2022-ci ilin ən neqativ iqtisadi prosesi kimi inflyasiyanı qeyd edir: “Dünyada olduğu kimi, ölkəmizdə də inflyasiya və bahalaşma prosesi davam etdi və bu il ərzində bahalaşma tendensiyası heç 1 ay da olsa belə səngimədi, əksinə, hər keçən müddətdə bir az da sürətlənməklə yüksələn xətt üzrə inkişaf etdi. Bu isə o deməkdir ki, 2022-ci il ötən yaxın illər ərzində ən böyük bahalaşma ili olaraq yadda qalacaq. Proses sırf bizimlə əlaqədar deyil və daxili amillərdən qaynaqlanmır, odur ki, hər şeyi ölkədaxili səbəblərlə izah etmək mümkün deyil. Söhbət qlobal trenddən, ümumi tendensiyadan gedir. Ona görə də mütləq şəkildə birinci növbədə, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikinci, yerli məhsulların bazarlara çıxışı, yaxud başqa sözlə desəm, realizə imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır”.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərliyə görə, bu ilin ən mühüm iqtisadi hadisəsi yüksək inflyasiyadır: “Bu il Azərbaycan 2016-cı ildən bəri ən yüksək inflyasiya ilə qarşılaşdı. Bu, əhalinin alıcılıq qəbiliyyətini və gəlirlərini xeyli aşağı saldı. Azərbaycan iqtisadiyyatına qlobal baxsaq, uğurlu saymaq olar. Bu da ki, bilavasitə hökumətin uğurlu siyasətinin nəticəsi deyil, beynəlxalq bazarlardakı əlverişli şərtlərdən irəli gəlir. Söhbət neft-qaz bazarı və buradakı qiymətlərdən gedir. Neft ixracı azalsa da, yüksək qiymətlər gəliri artırdı. Qaz ixracında da xeyli artım baş verib. Bu nöqteyi-nəzərdən uğurlu ildir - valyuta gəlirləri artıb, xarici ticarətdə müsbət saldo qeydə alınıb. Lakin  yenə də deyirəm, yüksək inflyasiya vətəndaşlar üçün ciddi problemlər yaratdığına görə ilin əsas hadisəsi hesab olunmalıdır”.

İqtisadçı-ekspert Rəşad Həsənov da hesab edir ki, enerji bazarlarındakı qiymət şərtləri Azərbaycan üçün 2022-ci ildə əlverişli iqtisadi şərait formalaşdırıb: “Ümumiyyətlə, bu il çox ziddiyyətli keçdi. Həm əlverişli şərtlər, həm də risklər formalaşdırdı. Enerji qiymətlərinin yüksək olması, valyuta gəlirlərinin artması manatın məzənnəsinin saxlanmasına imkan verdi. Xüsusilə də büdcənin icrası prosesində müşahidə olunan artımlar iqtisadiyyatdakı bərpanın nəticəsi kimi qiymətləndirilə bilər. Mərkəzi Bank rəhbərliyindəki dəyişiklik bu qurumun daha çevik alətlərdən istifadə edərək monetar mühitdə sabitliyi qoruması baxımından müsbət gözləntilər formalaşdırır. Lakin quru sərhədlərinin bağlı qalması sərhəd bölgələrində yaşayan əhalini kifayət qədər çətinliklərlə üzləşdirməkdədir.

Bu ilin daha bir hadisəsi Ukraynadakı müharibə fonunda Rusiyadan ölkəmizə pul baratları göndərişinin kəskin artaraq 2,3 milyard dollara yaxınlaşmasıdır. Bu, ölkədə valyutaya olan tələbin qarşılanmasına, iqtisadi fəallığın artmasına müsbət təsir göstərir. Bu vəsaitlər xüsusilə Cənub və Gəncə-Qazax regionlarında əhalinin həyat səviyyəsinə müsbət təsir göstərib, həmin bölgələrdə iqtisadi aktivliyə səbəb olub".

Ekspert vurğulayır ki, bu ildən Azərbaycanda sənaye zonaları və sənaye məhəllələrinin iqtisadiyyata müsbət təsirləri hiss olunmağa başlayıb: “Düzdür, burada neft-qaz xammalının da rolu var və onu unutmaq olmaz. Lakin istehsalın artması hər bir halda iqtisadiyyat üçün müsbət çağırış hesab olunmalıdır. İşğaldan azad olunan ərazilərdə əhali məskunlaşmasının başlanması, yaşayış məskənlərinin tikintisinə start verilməsini də ilin müsbət hadisələrindən hesab etmək olar.

2022-ci il ərzində Azərbaycan hökuməti inflyasiyanın qarşısının alınması istiqamətində ciddi və təsirli addımlar atmadı. Bu isə əhalinin inflyasiyanın mənfi təsirləri ilə təkbətək buraxılması deməkdir. Çox təəssüflər olsun ki, 2023-cü ildə də hökumət eyni siyasəti davam etdirmək niyyətindədir".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR