İnsanlara hürriyət, millətlərə istiqlal!

20 min şagird 11-ci sinifdən niyə “YOXA ÇIXIB”?

783 04.06.2026 18:24 Təhsil A A

Azərbaycanda ötən il 20 min şagird 11-ci sinfi bitirməyib. 2024–2025-ci tədris ili ərzində təhsildən yayınan 340 uşaq yenidən təhsil sisteminə cəlb olunub.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkə üzrə 16 yeni təhsil müəssisəsi inşa edilib, 8 məktəbdə əsaslı təmir və əlavə korpusların tikintisi həyata keçirilib.

“Hazırda respublika üzrə ümumi təhsil müəssisələrində 1 milyon 682 min 134 şagird təhsil alır, 138 min 332 müəllim fəaliyyət göstərir”, – deyə Komitə sədri qeyd edib.
Bahar Muradova əlavə edib ki, ümumi orta təhsil səviyyəsini başa vuran 156 min 618 şagirddən 135 min 695 nəfəri və ya 86,6 faizi tam orta təhsilə cəlb olunub.
Ötən il 20 min şagirdin 11-ci sinfi bitirməməsi gənclərin peşə təhsilinə yönəlməsi ilə bağlıdır, yoxsa ümumiyyətlə təhsildən yayınmasının göstəricisidir?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Musavat.com-a danışıb. Mütəxəssis bildirib ki, ötən il ümumi orta təhsil səviyyəsini bitirən 156 min şagirddən 27 min nəfəri 9 illik təhsil bazasından kolleclərə, eləcə də peşə təhsili müəssisələrinə yönəlib: “Bunların müəyyən hissəsi isə təhsil almaqda maraqlı olmur. Yəni 9-cu sinifdən sonra 10 və 11-ci siniflərdə təhsil almaq istəmirlər. Bu da nəticə etibarilə təxminən 20 min şagirdin tam orta təhsil səviyyəsinə keçməməsinə gətirib çıxarır.Hazırda bunu 11 illik təhsil bazasında da müşahidə edirik. Orada da müəyyən hissə orta ixtisas təhsili müəssisələrinə müraciət edir, daha böyük kütlə ali təhsil almaqda maraqlı olur, bir hissəsi isə xaricdə təhsil almağa meyillənir. Lakin konkret olaraq 9 illik ümumi orta təhsil səviyyəsini bitirənlərə fokuslansaq, qeyd etdiyim kimi, hər il onların 8-9 min nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olunur. Təxminən bir o qədər də peşə təhsilinə qəbul həyata keçirilir. Müəyyən hissə isə tam orta təhsili başa vurmaqda maraqlı olmur və buna görə də 10-11-ci siniflərdə təhsillərini davam etdirmirlər”.
Elçin Əfəndi səbəblərdən də danışıb: “Bu, müxtəlif səbəblərdən qaynaqlanır. Burada maddi imkansızlıq və digər sosial amillər də rol oynayır. Çox cüzi bir hissə var ki, onlar ümumiyyətlə təhsildən yayınırlar. Arzuolunandır ki, həmin uşaqlar da təhsildən kənarda qalmasın, hansısa səbəbdən təhsillərini yarımçıq qoymasınlar.
Digər mühüm məqamlardan biri də ölkədəki təbii artımın təhsil statistikasına təsiridir. Əgər 2008-ci ildə ölkədə doğulan uşaqların 152 086 nəfər idisə, 2025-ci ildə bu rəqəm 95 875 nəfərdir. Hazırda ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik baza üzrə) ərizə təqdim edənlərin əsas hissəsini 2008 və 2009-cu il təvəllüdlülər təşkil edir. İstisna hallarda əvvəlki illərin məzunları, eləcə də 2010 və 2011-ci il təvəllüdlü namizədlər də var.
Bütün bunları nəzərə aldıqda, bu il ali və orta ixtisas təhsili müəssisələrinə 135 min 150 nəfər ərizə təqdim edib. Qarşıdakı 7 il ərzində ərizə verən abituriyentlərin sayında əhəmiyyətli artım müşahidə olunacaq. Yalnız 2034-cü ildən etibarən ərizə təqdim edənlərin sayında kəskin azalma qeydə alınacaq və bu tendensiya ən azı 10 il davam edəcək”.
9 məktəb koronavirusa görə BAĞLANDI

Sosioloq Üzeyir Şəfiyev isə mövzu ilə bağlı qeyd edib: “Əslində yeniyetmələrin və gənclərin məşğulluq məsələsi həmişə cəmiyyətimizdə müzakirə olunan mövzulardan biridir. Təsadüfi deyil ki, məşğulluqla bağlı dövlət strategiyasında qeyd olunur ki, Azərbaycanda 15-24 yaş arası təhsildən kənarda qalan və işləməyən gənclərin payı 24 faiz təşkil edir və bu göstəricinin 2030-cu ilədək 15 faizə endirilməsi hədəf kimi qarşıya qoyulub. Bu da onu göstərir ki, həmin sahədə müəyyən çətinliklərimiz mövcuddur.
O ki qaldı şagirdlərin 9-cu sinifdən sonra təhsildən ayrılmasına, məlumdur ki, onların bir hissəsi kolleclərə və peşə məktəblərinə yönəlir. Çünki son illərdə peşə və orta ixtisas təhsili daha fəal şəkildə təşviq olunur, bu istiqamətdə maarifləndirmə işləri aparılır. Hesab edirəm ki, bunun da müəyyən təsiri var və həmin şagirdlərin bir qismi məhz bu sahələrə üz tutur. Digər bir qismi isə əmək fəaliyyətinə cəlb olunur. Bu, qanunvericiliyin imkan verdiyi əmək fəaliyyəti də ola bilər. Belə ki, 9-cu sinfi bitirən və 15 yaşını tamamlayan şəxslər müəyyən şərtlərlə işləyə bilirlər. Eyni zamanda, bəzi hallarda ailənin sosial-iqtisadi vəziyyəti səbəbindən şagird təhsilini davam etdirə bilmir və əmək bazarına daxil olmağa məcbur olur”.
Sosioloqun fikrincə, həmin uşaqların təhsillərini davam etdirmələri üçün zəruri şərait yaradılmasına ehtiyac var:
“Yəni onların tam orta təhsil almaq imkanları və təhsilə əlçatanlığı təmin edilməsi zəruridir. Bunun üçün xüsusilə aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əlavə dəstək tədbirlərinə ehtiyac var. Doğrudur, hazırda ünvanlı dövlət sosial yardımı mexanizmi tətbiq olunur. Lakin hesab edirəm ki, bu sahədə daha geniş diaqnostik qiymətləndirmə aparılmalıdır. Əgər müəyyənləşdirilərsə ki, bəzi ailələrin uşaqları məhz maddi çətinliklər səbəbindən təhsildən uzaqlaşır və işləməyə üstünlük verirlər, həmin kateqoriyadan olan ailələr üçün əlavə sosial dəstək mexanizmlərinin tətbiqinə ehtiyac yaranacaq.Çünki əhalinin keyfiyyəti yalnız iqtisadi göstəricilərlə deyil, həm də təhsil göstəriciləri ilə ölçülür. Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə də mühüm addımlar atılacaq. Ancaq bunun üçün ilk növbədə geniş statistik təhlilə və iqtisadi qiymətləndirməyə ehtiyac var”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR