İstanbulda tələbəliyimin ilk qışında, 1993-cü ilin Yanvar ayının axırını heç unutmayacağam. Deyəsən, Qurban bayramı idi, tələbələrin çoxu tətilə getmişdi. Qaldığım yataqxanada balkona çıxıb Topqapı istiqamətində İstanbula baxdım.
İstanbul görünmürdü. Şəhər bir yana, uzatdığım əlimi çətinliklə görürdüm.
İstanbulu qatı duman bürümüşdü.
İstanbullular o zamanlar koks kömürü yandırırdılar. Atmosfer kömür tüstüsü ilə kirlənmişdi.
Bənzər bir hadisə 1952-ci ildə Dekabrın 5-9 u arasında Londonda baş verirdi. Müharibədən sonra iqtisadi cəhətdən daha əlverişli olduğu üçün keyfiyyətli kömürü xaricə satırdılar. Daxilində kükürdü çox olan daha keyfiyyətsiz kömürü isə yerli əhali və elektrik stansiyaları istifadə edirdilər.
Dekabrın əvvəlində havalar soyuduğu üçün camaat daha lox kömür yandırmağa başladı, lakin, bədbəxtlikdən isti hava kütləsi gəldiyi üçün o an nisbətən soyuq olan London havası yuxarıya qalxa bilmədi və şəhərin üstünə çökdü.
Görüş məsafəsi tam itdiyi üçün nəqliyyatın hərəkəti dayandı, təcili yardım maşınları işləmədi. Hətta kinoteatrlar belə fəaliyyətini dayandırdılar - qatı dumandan ekran belə görünmürdü.
Dumanla alışıq olan London əhalisi özünü soyuqqanlı apardı. Heç bir panika olmadı.
Lakin statistik araşdırma aparıldığında dəhşətli həqiqət gün üzünə çıxdı.
Bu 4 gün ərzində dumanın yaratdığı tənəffüs problemlərindən ötrü həyatını itirən qoca və uşaqların sayı 25 000 adam idi.
Biz, indi başımız daşa dəymədiyi üçün Trampın Paris anlaşmasından çıxması haqqında elanına ciddi yanaşmırıq. Bəzilərimiz "krutoy oğlan" tərzinə rəğbət də bəsləyir.
Təbiət isə əfv etmir.
Təbiət çox səbrli olsa da, bir gün mütləq öldürür.