İnsanlara hürriyət, millətlərə istiqlal!

1918-ci ildən başlanan birgə yolçuluq: Əliyevin Nausedaya söylədiyi həqiqətlər; Bakı-Vilnüs münasibətlərində yeni mərhələ

1681 19.05.2022 22:34 Gündəm A A

Litva və Azərbaycan respublikaları arasında əlaqələrin möhkəmləndirilməsi hər iki dövlət üçün faydalıdır. Bu əlaqələrin tarixi 1918-ci ilə gedib çıxır. Taleyimizdə də oxşar cəhətlər az deyil. Azərbaycan Xalq Cümhuriyyəti dövründə keçmiş Pozenovskaya küçəsi 15-də (Cəfərov qardaşları-E.P.) bizdən bizdən üç ay əvvəl müstəqilliyini elan etmiş litvalıların nümayəndəliyi yerləşdirdi, konsul Vintsas Kreve-Mitskəviçusyusun rəhbərliyi ilə.

23 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılsa da, litvalıların bəxti gətirdi, 40-cı ilədək müstəqilliyin dadını çıxartdılar. Amma 1990-cı ilədək onlar da bizim kimi sovetlərin tərkibində azadlığa qovuşacaqları günü gözlədilər. Bu dəfə də irəli düşdülər, 11 martda Litvanın dövlət müstəqilliyini elan etdilər və elə həmin ilin payızında Azərbaycan bu müttəfiq respublikanı müstəqil olaraq tanıdı. İki dövlət arasında diplomatik əlaqələrin əsası isə 1995-ci ilin 27 noyabrında qoyuldu və o vaxtdan uzun bir yol qət edilib.

Düzdür, münasibətləti pozmaq istiqamətində cəhdlər də az olmayıb. Məsələn, elə bir neçə il əvvəl Litva Seymində qondarma “Dağlıq Qarabağ Respublikası” ilə parlament dostluq qrupunun yaradılması (!)Azərbaycanın kəskin etirazı ilə qarşılanmışdı və Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskas XİN-ə çağırılaraq, beynəlxalq hüququn pozulması, ikitərəfli əlaqələrə kölgə salan fakta görə ona nota təqdim olunmuşdu. Erməni uzantıları Vilnüs-Bakı münasibətlərinə də balta vurmağa çalışmışdılar, amma plan bu dəfə də fiaskoya uğramışdı.

Budur, Litva Prezidenti Gitanas Nauseda 30 il işğalda olan torpaqlarını azad etmiş, erməni separatçılarının “müstəqillik” arzularını ürəyində qoymuş Azərbaycana təşrif buyurdu, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən şərəf duyduğunu yüksək tribunadan bəyan etdi.

1652880402_4ead3285c3749cb51da7214b871ba2ed.jpg (249 KB)

Tarixi əsaslara dayanan əlaqələrin strateji müttəfiqlik səviyyəsinədək yüksəlməsi hər iki ölkəni qane edir və dövlət başçılarının və birinci xanımların səmimi ortamda apardığı danışıqlardan da bu, aydın şəkildə özünü göstərdi. Təqribən 3,5 milyonluq Litva dövlətinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğu şübhə doğurmur. Ümumi ərazisi 65,300 kv. km olan Litva ərazi və əhali cəhətdən böyük olan Azərbaycanla əməkdaşlığa üstünlük verir, çünki ölkəmizin potensialı göz önündədir.

Eyni zamanda Azərbaycan da Avropapanın Baltik dənizi sahillərindəki “üçlük”dən biri olan Litvaya böyük önəm verir. Həm tarixi əlaqələrə görə, həm də 2004-cü ildən etibarən NATO və Avropa İttifaqının üzvü olduğu üçün. Bu yerdə qeyd edək ki, Rusiyanın Kalininqrad bölgəsilə həmsərhəd olan Litva sözügedən təşkilatlara qansız-qadasız üzv qəbul olduğuna görə şanslılar sırasındadır. Şengen vizası tələb olunan ölkələrdən biri kimi Litvanın bir sıra üstünlük qazandığı da faktdır. Azərbaycan bloklara qoşulmamağa üstünlük verən ölkə olsa da, həm NATO, həm Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu hər zaman qeyd edir, eyni zamanda bu qurumların üzv ölkələri ilə bərabər partnyorluğu üstün sayır. Bu mənada Litva da istisna deyil.

litva.jpg (615 KB)

Ukraynada baş verənlərin, şimal qonşumuzun nəinki postsovet ölkələrinə, hətta keçmiş sosialist məkanına yönəlik təhdidlərinin fonunda Avropa İttifaqı və quruma üzv dövlətlərlə münasibətlərin qorunub-saxlanılması, həmçinin diplomatik ustalıqla inkişaf etdirilməsi önəmli məsələdir ki, Azərbaycan lideri uğurla bu siyasəti həyata keçirməkdədir. Prezident İlham Əliyev Litva ilə Azərbaycanın uzun illərdir ki, strateji tərəfdaş olduqlarını əbəs yerə səsləndirmədi. Qeyd etdi ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür. Özünü etibarlı müttəfiq olaraq hər zaman təsdiqləmiş bir ölkənin liderindən bu sözləri eşitmək şübhəsiz ki, Avropa məkanının bir hissəsi olan Litvanın dövlət başçısı üçün xoş idi və bu məmnunluq aydın görünürdü.

Azərbaycan Prezidenti elə görüş zamanı xatırlatdı ki, litvalı həmkarı Bakıdan sonra Ermənistana səfər edəcək və davamında çox önəmli məqamlara toxundu, dövlətimizin məram-məqsədi, tutduğu mövqe, siyasi baxışları barədə konturları təqdim etdi. Avropa İttifaqına üzv ölkələrdə Azərbaycanın qələbəsini hələ də həzm edə bilməyənlərin olması faktdır. Litva dövlətinin bu məkanın bir hissəsi, həm də söz sahiblərindən olması Azərbaycan həqiqətlərinin təkrar-təkrar çatdırılmasının önəmini artırır. Bir müddət öncə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdi, heç bir məntiqə əsaslanmadan. Bu mənada diplomatik cəbhələrdə hər fürsətdən yararlanmaqda fayda var. Dövlət başçısı açıq mətnlə bəyan etdi ki, Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Həmçinin İrəvan yolçuluğuna başlayacan litvalı həmkarına “İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir”-deyə, zəruri xatırlatma etdi. Cənab Əliyev bildirdi ki, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır.

“Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır”-Prezident bəyan etdi. Həmçinin bildirdi ki, sərhədlərin delimitasiyası artıq başlamalıdır. Çünki “Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır”.

Sərhədlərin delimitasiyası Ermənistanın hökumət proqramında

Amma Azərbaycan Prezidenti narahatlığını da aydın şəkildə ifadə etdi. Sitat: “Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin, aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. İşə başlamaq üçün Ermənistandan hər hansı yeni tarixləri gözləyirik”. Dövlət başçısının bu sözləri təkcə bir aydır İrəvanda “Azərbaycanla sülhə etiraz” tamaşası oynayanlara, verdiyi vədlərə, götürdüyü öhdəliklərə əməl etməyi uzadan Ermənistan rəhbərliyinə deyil, həmçinin bu ölkədəki şouları - əslində sülh prosesini pozmağa yönəlik təxribatları “demokratiya nümunəsi” olaraq əldə bayraq edən Qərb paytaxtlarına da ünvanlanmışdı. Yəni “sonra deməyin, demədi”. Azərbaycan Avropa Birliyinə üzv ölkənin liderinə də dolayısı ilə xatırlatdı ki, nələrsə baş verəcəksə, bizi suçlu saymağa cəhd göstərməsinlər. Basarkeçərin Yuxarı Şorca təxribatlarına hələ də səbr etməkdəyik, Paşinyanın ziddiyyətli davranışlarına dözürük, amma səbrimiz sonsuz deyil...

Dövlətimizin başçısı vaxtaşırı Litvada da erməni çevrələrinin əli ilə yaradılmış yanlış təsəvvürlərə rəğmən bir daha xatırlatdı ki, son savaşda Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Dəlil-sübutlarla yaxın tarixə ekskurs: “Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinəçağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi”. Vəssalam!(mı?!) Nəticəsini yaxın zamanlarda görəcəyik yəqin...

Bəli, hazırda Azərbaycan ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzədir, bu prosesi öz pulu ilə aparır, kimsənin maliyyə dəstəyi olmadan. Yenə də təkbaşına! Bu fikirlərin işğalçı Ermənistana milyardlarla avro maliyyə yardımı vədi verən Avropa Birliyinin üzv ölkələrindən birinin liderinə deyilməsi mühüm məqam idi. Ölkə başçısının “İşğal nəticəsində hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar”, sözləri də güman ki, təsirsiz qalmayacaq və perspektivdə Azərbaycana Qarabağı qurmaq üçün dəstək verilməsi müzakirələrində Litvanın simasında strateji müttəfiqimizi görə biləcəyik.

Ağdam şəhəri işğaldan sonra - FOTO

Azərbaycan sıradan ölkə deyil, bunu Litva lideri də yaxşı bilir. Necə ki, ölkəmizin potensialı barədə bəzi xatırlatmalar edildi. Məsələn, Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Yaxud digər məqam: Azərbaycan donor ölkəsinə çevrilib. Ölkəmiz özü kredit ayırır. Mövcud ehtiyatlar ölkənin xarici borclarını bir neçə ay ərzində sıfra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir. Litva belə bir ölkəyə niyə maraq göstərməsin ki?

Azərbaycana verilən önəmin təzahürü aşağıdakı sətirlərdən də aydın olur. Ölkələrimiz arasında biznes əlaqələrini daha da möhkəmləndirmək üçün Azərbaycanın işgüzar dairələrini bu ilin ikinci yarısında Litvaya səfərə dəvət edən litvalı prezident bildirdi ki, iqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlarımız var.

Sitat: “Görürəm ki, Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rolu daha da artacaq və əslində, ölkə artıq çoxsaylı nailiyyətlərə imza atıb. Ukraynadakı müharibə qlobal ticarəti yenidən nizamlayır. Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır...Mən Azərbaycanın işgüzar dairələrini Litvanın ekosistemindən Avropa İttifaqı bazarına giriş nöqtə kimi istifadə etməyə çağırıram”.

Eyni zamanda Azərbaycan dövləti Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini daim bəyan edib. Elə Prezident də bir daha həmkarına bildirdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. “Avropa İttifaqı -Azərbaycan əməkdaşlığıuğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır”, dövlət başçısı qeyd etdi. Bütün bu fikirlər erməni lobbisinin dirijor çubuğu ilə hərəkət edən, yaxud başqa iddialarda bulunan çevrələrə də yanlış düşüncələrinə son vermələri üçün real mənzərənin təqdimatıdır.

Bakıda keçirilən biznes forumda da nikbin mövqelər eşitdik. Ölkəmizin başçısı qeyd etdi ki, “ikitərəfli əməkdaşlığımızın müxtəlif mühüm məsələləri, eləcə də regional inkişaf, sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı çox yaxşı və geniş müzakirələr apardıq. Biz baxışlarımızda çox oxşarlıq olduğunu görürük. İkitərəfli əlaqələrin inkişafına gəlincə, biz çox nikbin fikirdəyik. Biz cənab Prezidentlə iqtisadi sektorda ümidverici olduğunu düşündüyümüz sahələri müzakirə etdik. Düşünürəm ki, bu gün nümayəndə heyətlərinin üzvləri artıq təmaslara başlayıb və bunu davam etdirəcəklər. Çünki müxtəlif sahələrə məsul olan şəxslər arasında birbaşa şəxsi təmaslar qurmaq vacibdir”.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı danışıqlara nə mane olur? - BBC  News Azərbaycanca

Prezident onu da əminliklə bildirdi ki, biz çox yaxşı nəticələrə nail ola bilərik: “Çünki bizim münasibətlərimizin çox yaxşı siyasi təməli var və Prezidentin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm amildir”.

Təsadüfi deyil ki, forumda “yaşıl” iqtisadiyyatın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətlərində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulanıb, bu sahədə əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminlik ifadə olunub. Beləcə, Avropa ölkəsinin lideri ilə görüş məmnunluq hissi ilə bitdi. Nəticəsinə ümid edirik...

104 il öncə başlanan birgə yolçuluğumuz xeyirli-uğurlu olsun!

Elşad PAŞASOY 

Elşad Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR