Dünən həm RF prezidenti Putin, həm də XİN rəhbəri Lavrov Fransa prezidenti Makrona fransız imperatoru Napoleon Bonopartın Moskvaya hücumunu xatırladıblar.
Bu, rusların öyündüyü tarixdir. Bütün Avropanı diz çökdürən Napoleon məhz Moskvada məğlubiyyətə uğrayaraq, böyük ordusunu bada verərək Parisə qaçıb.
Ancaq bu, necə baş verib?
Öncə Fransa-Rusiya müharibəsinin səbəblərinə baxaq.
Napoleon Fransada mütləq hakimiyyətə yiyələndikdən və qonşu ölkələri Fransa imperiyasına birləşdirərək özünü imperator elan etdikdən sonra “dünya ağalığı” iddiasına düşüb və qarşısındakı ən böyük maneənin Böyük Britaniya olduğunu görüb. O zamanlar dünyanın hər tərəfində Britaniyanın müstəmləkləri olub.
Napoleon Böyük Britaniyanı dünya ağalığından məhrum etmək üçün kontinental mühasirə tətbiq etməyə çalışıb və Rusiyadan fəal dəstək istəyib. Rusiyanın isə Britaniya ilə iqtisadi-ticari əlaqələri olduğundan bu işə qol qoymayıb. Ona görə də Bonopart öncə Rusiyanı ram etmək qərarına gəlib.
Napoleonu Rusiya üzərinə yürüşə tətikləyən daha bir səbəb Rusiya hökmdarının ona qarşı ehtiramsızlığı olub. Napoleon irsi monarx olmadığından, necə deyərlər, sümüyünü irsi zadəganlara calamaq istəyib və Avropanın böyük monarxiya ailələrin birinin nümayəndəsi ilə evlənmək fikrinə düşüb. 1808-ci ildə Napoleon I Aleksandrın bacısı böyük prinssesa Yekaterinaya elçi düşüb. Amma qızı ona verməyiblər, Yekaterinanın Sakse-Koburq şahzadəsi ilə nişanlı olması bəhanəsi ilə imperatorun təklifini rədd ediblər. 1810-cu ildə 41 yaşlı Napoleon ikinci dəfə, Aleksandrın balaca bacısı, 14 yaşlı Annanı almaq istəyib. Annanı da Napoleona verməyiblər. Elə həmin il Napoleon Avstriya imperatoru II Fransın qızı, Avstriya şahzadəsi Mari-Luiza ilə evlənib.
Əlbəttə, əgər Aleksandr öz bacılarından birini Napoleona versəydi, Fransa və Rusiya arasında müharibə olmayacaqdı. Çünki I Aleksandr yeznəsinin Böyük Britaniyanı kontinental mühasirəyə almasına kömək edəcəkdi. Ancaq “Avstriya nikahı” Napoleon üçün o baxımdan sərfəli olub ki, Rusiya ilə döyüşmək məcburiyyətində qalacağı təqdirdə Avstriyaya söykənə bilərdi.
Beləcə, Aleksandrın Napoleonun təkliflərindən üç dəfə (kontinental mühasirəyə qoşulmamaq və bacılarını ona verməmək) imtina etməsi müharibəyə gətirib çıxarıb.
Hazırda Napoleonun 1812-ci ildə Rusiya üzərinə yürüşünün fiasko ilə nəticələnməsinin səbəblərindən danışarkən rus tarixçilər ən çox aşağıdakı faktorlara istinad edirlər:
-müharibədə bütün xalq iştirakı edib və rus hərbçilər kütləvi şücaət göstəriblər;
-Rusiya ərazisinin genişliyi və sərt iqlim şəraiti fransızlar üçün əlverişsiz olub;
-rus ordusunun baş komandanı Kutuzov və digər generalların liderlik istedadı qələbədə böyük rol
oynayıb;
- rus ordusu tərəfindən döyüş əməliyyatları bacarıqlı şəkildə aparılıb.
Müharibədə bütün rus xalqının iştirak etməsi qismən doğrudur. Həmin müharibədə kəndlilər fransız işğalçıların ərzaqla təminatını sabotaj ediblər, böyük partizan dəstələri yaradıblar və Napoleonun ordusuna ağır zərbələr vurublar. Ancaq onlarla bərabər kollaborasionistlər də olub, meşədə gizlənən, fransızlara ərzaq verməyən kəndliləri tutub işğalçılara təslim ediblər.
Rus hərbçilərin kütləvi şücaət göstərməsi barədə qənaət də mifə söykənir. Bütün müharibələrdə olduğu kimi, 1812-ci il müharibəsində də şücaətlər olub, amma kütləvi olmayıb. Napoleonun marşalları atlarını minib, yorğa-yorğa Moskvaya qədər gəliblər. Rus ordusu hər yerdə onların qarşısından qaçıb, həlledici döyüşlərə girməyb.
Bu yazıda “marşal Davu ordan gəldi, marşal Makdonald bu tərəfdən soxuldu, marşal Ney, marşal Perren, marşal Murat filan şeyi etdi, yaxud Kutuzov, Mixail Barklay de Tolli, Baqration, Vttgensteyn, Platov, Çiçaqov elə etdi, belə etdi” deyə təfərrüata varsaq, uzun çəkər, kitab alınar.
Əsas odur ki, Napoleon ordusunu sarsıdan əsas factor Rusiya ərazisinin genişliyi və sərt iqlim şəraiti olub. Fransızlara qarşı “yandırılmış torpaq” taktikası tətbiq edilib. Geri çəkilən rus ordusu kəndləri, ot tayalarını, ərzaq anbarlarını yandırıblar, nəticədə fransız ordusunun süvariləri atlarına yem tapmaqda çətinlik çəkiblər və oktyabrın ortalarından başlayan rus qışının şaxtası onların nəfəsini kəsib. Moskvanı döyüşsüz tutmuş fransız ordusunda nizam-intizam da minima enib, hamının başı qarətə, qənimət toplamağa qarışıb. Napoleonun məşhur “Müharibə öz xərcini ödəməlidir” devizi Rusiyada özünü doğrultmayıb.
Moskvanı fransızlara təhvil verən rusların gücü şəhəri yandırmağa çatıb. İndiki təqvimlə götürsək, sentyabrın 15-dən 16-na keçən gecə Moskvada yanğın o qədər şiddətlənib ki, Napoleon Kremli tərk etməyə məcbur olub. Moskvadakı 30 min evdən yalnız 5 mini salamat qalıb. Fransızlar qəsdən yanğın törətməkdə şübhələndikləri 400 kasıb-kusubu güllələyiblər. Tarixçilər yanğının Moskvanın general-qubernatoru Rostopçinin əmri ilə törədildiyini bildirirlər.
Rus ordusunun “bacarıqlı döyüş əməliyyatları” aparması isə yalnız Napoleonun geriyə qayıtmaq qərarı verməsindən sonra üzə çıxıb. Fransa qoşunlarını təqib edən rus hərbçilər onları müxtəlif yerlərdə qəfil haqlayaraq ağır zərbələr vurublar, geri çəkilib, yenidən hücum ediblər, pərən-pərən salıb, əsir götürüblər. Əslində bu da uğurlu müharibə taktikasıdır, amma mürəkkəb hərbi əməliyyat planı tərtib etməyə, dərin hərbi zəka işlətməyə ehtiyac qalmır.
Rusiyaya 600 mindən çox əsgər və zabitdən ibarət qoşunla gələn fransız ordusunun 340 - 400 min əsgəri həlak olub, 100-200 mini əsir düşüb, 80 -130 mini isə fərarilik edib.
1200 kilometr o yandan gələrək başqa bir ölkəni işğal, insanları əsir etməyin bədəli bu cür olmalıydı. Napoleonun aqibəti 20-ci əsrdə Hitler üçün dərs olmadı, o da aşağı-yuxarı bənzər məğlubiyyətlə üzləşdi.
İndi Putin Rusiyası Almaniyaya, Fransaya, bütün dünyaya Napoleon və Hitlerin aqibətini xatırlada-xatırlada eynilə həmin aqressorların etdiyini edir.
Araz Altaylı, Musavat.com