İnsanlara hürriyət, millətlərə istiqlal!

16 ildən sonra açılan seyf – Sverdlov Nikolayın var-dövlətinə ata malı kimi sahib çıxıb...

4586 19.02.2023 19:15 Yaxın tarix A A

 

1935-ci ildə Kremlin komendaturasının anbarlarında inventarlaşdırma aparanda saxlanılan əşyaların siyahıya alınması zamanı maraqlı bir məqam ortaya çıxıb. Anbarda adı əvvəlki siyahılarda əks olunmayan seyfin kimə və hansı quruma məxsus olduğu heç bir sənəddə qeyd edilməyib. Kifayət qədər böyük, oda davamlı, açılması çox da asan başa gəlməyən seyfin açarlarını da tapmaq mümkün olmayıb...

Anbarda təftiş aparanlar bu haqda komendatura rəhbərliyinə məlumat veriblər, onlar da öz növbəsində məsələ ilə bağlı Mərkəzi Komitənin İşlər İdarəsinin müdiri Timofey Samsonovu məlumatlandırıblar. Əvvəlcə qapalı seyfə baxış keçirilib və təxmini müəyyənləşdirilib ki, onun içi heç də boş deyil.

Seyfin açılması və onun nə vaxtsa kimə, hansı quruma məxsus olmasının araşdırılması “NKVD”-yə həvalə edilib. “NKVD” başçısı Henrix Yaqoda seyfin açarlarının axtarılmasını mənasız sayaraq işə mütəxəssisləri cəlb edib. Seyf açıldıqda onun içindəkilər ətrafdakıları sözün əsl mənasında şoka salıb. Seyfin içərisindən aşağıdakılar tapılıb:

  1. Çar dövrünə məxsus 108 min 525 rubl dəyərində qızıl sikkələr.
  2. 705 ədəd qızıl və brilyant zinət əşyası.
  3. 750 min rubl məbləğində pul çekləri.
  4. 12 ədəd yazılmamış təmiz pasport.

Henrix Yaqoda bu siyahını İosif Stalinə təqdim edib. Pasportların yalnız biri 1917-1919-cu illərdə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri Yakov Sverdlova məxsus olub. Stalinin göstərişi ilə araşdırmalar davam edib. Vaxtilə Sverdlovun yanında işləyənlər sorğu-suala tutulub. Məhz onların ifadələrindən sonra seyfin Sverdlova məxsus olduğu öz təsdiqini tapıb.

Araşdırmalar zamanı o da məlum olub ki, Sverdlov II Nikolayı və onun ailəsini güllələtdirdikdən sonra ailəyə məxsus var-dövləti ələ keçirib və onların bir hissəsini dövlətə təhvil verməyib. Həmçinin Nikolayın hesabına zənginləşən Sverdlov Rusiyadan qaçmağı da planlaşdırıb. O, bu məqsədlə özünə və yaxın doğmalarına başqa adla sənəd hazırlamaq üçün təmiz pasportları da əvvəlcədən əlinin altında hazır saxlayıb.

Araşdırmalar haqqında Stalinə məruzə edəndə o, bu məsələyə çox da təəccüblənməyib və münasibətini aşağıdakı kimi bildirib:

“Bu cür hərəkəti Sverdlovdan gözləmək olardı. Mən onu yaxşı tanıyırdım. Biz Turuxan sürgünündə bir yerdə olmuşuq. O, elə həmin vaxtlardan əqidəsini itirmişdi. Amma necə oldusa, Leninin qarşısında özünü göstərməyi bacardı, o da inandı, etimad göstərib onu yüksəklərə qaldırdı...”

Stalinin göstərişi ilə seyfdəkilərin hamısı dövlətə təhvil verilib.

Qeyd edək ki, Sverdlov 17 yaşında Rusiya Sosial-Demokrat fəhlə partiyasına üzv olub, Kostromada, Kazanda, Yekaterinburqda təbliğat və təşviqat işləri aparıb. Siyasi fəaliyyətinə görə o, bir neçə dəfə həbs olunub, Sibirə sürgün edilib.

Sverdlov Leninlə ilk dəfə 24 aprel 1917-ci ildə partiyanın konfransında görüşüblər. İlk görüşdə o, özü haqqında Lenində xoş təəssürat yaratmağı bacarıb. Elə həmin konfransda da Sverdlov partiyanın mərkəzi komitəsinin üzvü seçilib, yeni yaradılan katibliyin rəhbəri təyin olunub.

Özünü hər yerdə Oktyabr inqilabının fəal iştirakçısı kimi təqdim edən  Sverdlov inqilabdan sonra Leninin təşəbbüsü ilə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilib, faktiki olaraq dövlət başçısı vəzifəsini daşıyıb, Rusiyanın ilk konstitusiyasının yazılması ilə bağlı yaradılan komissiyanın sədri olub. Mərkəzdə və yerlərdə kadr təyinatlarını məhz Sverdlov həyata keçirib, o, həlledici sözə sahib olub.

Hələ Turuxanda sürgün dövründən Sverdlovla Stalinin arasında soyuq münasibətlər hökm sürüb. Sonralar bu münasibətlər daha da gərginləşib. Sverdlov bütün mümkün inkanlardan istifadə edərək Stalini siyasi səhnədən uzaqlaşdırmağa çalışıb. Amma onun planları yarımçıq qalıb.

6 mart 1919-cu ildə Sverdlov Xarkovdan Moskvaya qatarla qayıdanda səhhətində ciddi problemlər yaranıb. Martın 8-də Moskvaya çatanda onda “İspan qripi” aşkar edilib. Həkimlərin ciddi səyinə baxmayaraq Sverdlovu xilas etmək mümkün olmayıb. O, martın 16-da, 33 yaşında vəfat edib.

Siyasi fəaliyyəti qısa olsa da, Sverdlov bir çox hadisələrlə yadda qalıb. O, 1918-ci ildə Rusiyada “Qırmızı terror”un əsas müəlliflərindən biri olub. Bəzi araşdırmaçıların qənaətinə görə Sverdlovun Leninə qarşı münasibətində də qaranlıq məqamlar müşahidə edilib. Yəqin ki, bu da onun siyasi birinciliyə iddialı olmasından irəli gəlib. Hətta bəzi versiyalara görə Svedlov Leninin sifarişi ilə zəhərlənərək öldürüb. Bu və digər müəmmalar rəsmi təsdiqini tapmasa da, məlum olan odur ki, 33 yaşlı inqilabçının həyatı və siyasi fəaliyyəti  gizli və qaranlıq məqamlarla zəngin olub.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR