İnsanlara hürriyət, millətlərə istiqlal!

15 iyun Milli Qurtuluş Günü- Tarixə nəzər  

843 15.06.2023 00:01 Siyasət A A

 

Hər il 15 iyunda Azərbaycanda 1993-cü ilin iyun ayında baş verənlər bir daha yada salınır. Əslində, bunlar elə hadisələrdir ki, sonrakı illərdə də Azərbaycanın taleyinə, inkişafına birbaşa təsir edib. Ona görə də unudulması heç də asan deyil və 30 ildir nə qədər haqqında yazılsa da, danışılsa da deyiləcək sözlər bitməyib.

 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. Əgər bu tarix olmasaydı, bəlkə də bugünki Azərbaycan da olmazdı. Çünki qarışıq vəziyyətdən istifadə etmək eşqinə düşən Azərbaycana dost olmayan dövlətlər tətikdə idilər. Onlar ölkəyə müdaxilə edib, müstəqilliyimizə son qoymaq istəyirdilər... 

Tarixə nəzər salaq:

1993-cü il 4 iyunda Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi silahlı qüvvələr həmin gün hakimiyyətə qarşı qiyama qalxıblar. Qiyamçılar tərəfindən Əbülfəz Elçibəy hakimiyyətinin istefası tələbi qoyulub. Nəticədə hökumət qüvvələri ilə qiyamçılar arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, Prezident Qvardiyasının komandiri Tahir Məmmədov başda olmaqla, 11 nəfər qvardiya əsgəri qiyamçılar tərəfindən qətlə yetirilib. Həmçinin baş prokuror daxil, Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb.

Hadisə kifayət qədər ciddi və Azərbaycanın gələcəyi üçün birbaşa təhlükə idi.

 Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Qiyamı yatırmaq mümkün olmadığından gərginlik get-gedə yüksəlib. 8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar.

Konkret olaraq ölkədə vəziyyət xeyli gərginləşib. Bundan isə düşmənlər istifadə etməyə başlayıblar. Onlar istəyirdilər ki, qarışıqlığı yoluna qoymaq adı ilə ölkəyə müdaxilə edib, müstəqilliyimizə son qoysunlar.

Ölkə rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib. 9 iyun 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.

13 iyun 1993-cü ildə Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi və onlara dəstək verən bir sıra deputatlar tələb edirdi.

Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb. Gəncədə vəziyyətlə yaxından tanış olan Heydər Əliyev nəticələr barədə Milli Məclisdə ətraflı məlumat verib.

15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən Prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçilib. Heydər Əliyevin dövlətin rəsmi ikinci postuna seçilməsi ona ölkəni xilas etmək üçün rəsmi status da vermiş olur.

17 iyun 1993-cü ildə isə Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edərək doğulduğu Naxçıvanın Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub.

24 iyun 1993-cü ildə Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub. Prezident Ə.Elçibəylə danışıqlar aparmaq üçün Kələkiyə getmiş bir qrup ziyalının nəticəsiz geri dönməsindən sonra parlament prezident səlahiyyətlərinin Ali Sovet sədrinə verilməsi barədə qərar qəbul edib. Parlamentin qərarı ilə Ali Sovetin sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayıb.

Heydər Əliyev özü o dövrlə bağlı çıxışında aşağıdakıları bildirib:

”Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Tarix və hadisələrin gedişatı da göstərdi ki, Heydər Əliyev 15 iyunda Milli Məclisin sədri seçilməsəydi-ölkə rəhbərliyinə gəlməsəydi Azərbaycanın üzləşdiyi uçurumdan geri dönüşü mümkün olmayacaqdı.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR