İnsanlara hürriyət, millətlərə istiqlal!

“11 ayın sultanı” gəlir - Ramazan ayına hazırlıqlar başlanıb

7233 29.03.2022 10:20 Mənəviyyat A A

Tanınmış ilahiyyatçılardan mübarək ayla bağlı tövsiyələr

Aprelin 2-si mübarək Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev bildirib ki, təqvimə əsasən aprelin 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, ertəsi gün Ramazan ayının ilk günüdür.

Pandemiya ilə əlaqədar iki illik məhdudiyyətlərdən sonra dindarlar “11 ayın sultanı”nı qarşılamağa necə hazırlaşır, kütləvi dini tədbirlər keçiriləcəkmi?

“Cümə” məscidinin dini icmasının rəhbəri, QMİ Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli “Yeni Müsavat”a bildirdi ki, pandemiya dövründə dini ayinlərin icrasında müəyyən məhdudiyyətlər tətbiq olunsa da, artıq bütün bunlara son qoyulub: “Ramazan ayı boyunca hər gün müvafiq tədbirlər görüləcək. İftarda ehsanların verilməsi, insanların bir araya gəlməsi, Qədr gecələrinin keçirilməsi və s. bütün qayda-qanunlara əməl ediləcək. Azərbaycanda Ramazan ayı ilə bağlı ənənələr digər ölkələrinkindən geri qalmır. Hər il olduğu kimi, bu il də Ramazan coşqusu yaşanacaq. Evlərinin qarşısında çadırlar quraraq ehsan verən insanlar çoxdur.

Hacı Surxay Məmmədli - YouTube

Hacı Surxay Məmmədli

Bu, təqdirəlayiq haldır. Pandemiya ilə bağlı məhdudiyyətlər götürüldüyü üçün bu kimi xeyirxah tədbirlər yenə də həyata keçiriləcək. Azərbaycan xalqı inanclı, etiqadlı xalqdır. İnanıram ki, Ramazan ayında insanlar arasında paylaşımlar olacaq. Ramazan mənəvi ziyafət ayıdır. Hər kəs istəyir ki, qazandığını Ramazan ayında başqaları ilə bölüşsün, yaxşılıq etsin. Bayram paylaşdıqda bayram olur. Sevindiyimiz zaman deyil, sevindirdiyimiz zaman, yediyimiz zaman deyil, yedirdiyimiz zaman bayram əsl bayram olur. Allahın yetirdiyi ruzidən insanlara yardım etmək savabdır. Hədislərdə də qeyd olunub ki, bircə xurmanı paylaşdıqda insanların günahları bağışlanır”.

Din xadimi qarşıdan gələn  mübarək ayda insanlara xeyirxah əməllər görməyi tövsiyə edir: “Bu müqəddəs ayda Allaha etiqadı gücləndirsinlər. Ehtiyaclı insanların yanında olsunlar. Qocalara, əlillərə diqqət etsinlər. Mənəvi, yaxud maddi cəhətdən ehtiyaclı insanlara əl uzatsınlar. Xeyirxah insanlara Allah bunun savabını on qat geri verəcək. Fürsəti zamanında dəyərləndirmək lazımdır. Bilmək olmaz, gələn il nəsib olar ya yox”.

Hacı Şahin Həsənli: "Cinlər haqqında bizə çox şey məlum deyil" - VİDEO »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Hacı Şahin Həsənli

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli qeyd etdi ki, məscidlərlə bağlı məhdudiyyətlərin ləğv edilməsi ilə mərasimlər pandemiyadan öncəki qaydada keçiriləcək: “Məscidlərdə günorta namazlarından sonra xütbələr oxunacaq. Qədr gecələrində mərasimlər keçiriləcək. Bayram namazı da camaatla birgə qılınacaq. İştirak edə bilməyənlər üçün ”YouTube" və “Facebook” üzərindən canlı yayım təşkil ediləcək. Tədbirlərdə iştirak üçün hər hansı say məhdudiyyəti yoxdur, lakin maskadan istifadə mütləqdir".

İlahiyyatçı bildirdi ki, Azərbaycanda da Ramazan ayında geniş aksiyalar keçirilir: “Ramazan ayında hər zaman minlərlə insana yardım aksiyaları keçirilib. Ötən illərdə məscidlərdə ianələr toplamaqla bu yardımlar həyata keçirilib. SSRİ dövründə bəlli səbəblərə görə Ramazan ayı tam coşqu ilə keçirilmirdi, müəyyən qadağalar var idi. Müstəqillik dövründə isə bu ənənələri bərpa etmək üçün lazımi tədbirlər görülüb. Türkiyədə ənənələr daha köklüdür. Müəyyən qədər fərqlər olsa da, Azərbaycanda da ildən-ilə ənənələrə diqqət artırılır. Televiziyalarda verilişlərin sayı artırılıb. Azərbaycanda bu sahədə ciddi irəliləyişlər var”.

Əlavə edək ki, Şamaxı Astrofizika Rəsədxanasının  verdiyi təqvimə əsasən Qədr gecələri aprelin 19, 21, 23 və 27-nə təsadüf edəcək. Mayın 2-si və 3-ü Ramazan bayramıdır.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR