Bu barədə musavat.coma Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə ziyarətlərinin əsas məqsədi Tofiq Yaqublunun ailəsinə dəstək olduqlarını göstərmək və təskinlik vermək olub: “Eyni zamanda Tofiq bəyin doğum gününü təbrik etdik. Açığı, ard-arda baş verənlərdən sonra Tofiq bəyin ailəsində olan əhval bizi hədsiz sevindirdi, biz bu mənzərə ilə fərəh hissi keçirdik. Tofiq Yaqublunun ailəsi və yaxınları onun apardığı mübarizəni, xalq üçün aparılan mücadiləni dərk edən insanlardır. Tofiq bəy bizim silahdaşımız olmaqla yanaşı, həm də dostumuzdur. Onun 52 yaşını həbsxanada keçirməsi bu hakimiyyətə utan gətirən bir amildir”.
A.Hacılının sözlərinə görə, Tofiq Yaqublu torpaqlarımızın müdafiəsi uğrunda uzun müddət həm əsgər, həm də batalyon komandiri kimi mübarizə aparmış, qanlı müharibədə iştirak etmiş Qarabağ qazisidir: “Halbuki o, Gürcüstan vətəndaşı idi və bu müharibədə onun iştirakı zəruri deyildi. Amma o, vətənin bu çətin vəziyyətinə seyrçi qalmadı. Tofiq bəy həm jurnalist, həm də bir siyasətçi kimi cəsarəti və mərdliyi ilə ad çıxarmış bir şəxsdir. Bir daha Tofiq bəyi ad günü münasibəti ilə təbrik edir, onun tezliklə azadlığa çıxmasını arzu edirəm”.
Arif Hacılı həmçinin qeyd etdi ki, Tofiq Yaqublunun tezliklə azadlığa çıxması üçün lazım olan bütün işləri görəcəklər.
Tofiq Yaqublunun ailəsini ziyarət edən gənc müsavatçılar içərisində Müsavatın Divan üzvü Tural Abbaslı da vardı. O, Müsavat başqanının müavininin doğum gününə iki gün qalmış həbs olunmasını musavat.com-a bu cür şərh etdi: “Hər kəs çox yaxşı bilir ki, Tofiq bəyin həbsi sırf siyasi fəaliyyətinə görədir. Onu həbs etməklə hakimiyyət İsmayıllı olaylarını Müsavatın üzərinə atıb. Nigar Yaqublunun həbsinin ardınca atası Tofiq bəyin həbsi ilə hakimiyyət nə qədər mənəviyyatsız olduğunu göstərdi. Konkret olaraq keç bir insani hisslərə, müqəddəs dəyərlərə hörmət etmirlər və bu anlayışdan kasıbdırlar. Bir ailədən saxta ittihamla iki nəfərin tutulması heç bir mənəvi-əxlaqi dəyərə sığmır”.
Tural Abbaslı bildirdi ki, fevralın 5-də keçirilən məhkəmə prosesi zamanı hazırda həbsdə olan müsavatçı gənc fəal Nigar Yaqublunun həbsdən azad olunacağına ümid edirlərmiş: “Tam əksi baş verdi və Nigar xanım həbsdə saxlanıldı. İndi onlar-ata və qız eyni həbsxananın müxtəlif kameralarında saxlanılırlar. Tofiq bəy ailənin rəhbəridir və Yaqublu ailəsinin yeganə qazanc gətirənidir. Hakimiyyət Tofiq bəyi həbs etməklə Yaqublu ailəsindən qisas aldığını göstərdi. Bir daha Tofiq bəyi təbrik edir, tezliklə aramıza dönüb mübarizəyə davam etməsini arzu edirəm”.
Qeyd edək ki, 52 yaşı tamam eləyən Tofiq Yaqublu 1961-ci il fevralın 6-da Borçalı mahalının İncəoğlu kəndində anadan olub. Azərbaycan Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub. 2010-cu ildən başqan müavinidir. “Yeni Müsavat” qəzetinin köşə yazarıdır.
1998-ci ildə kütləvi aksiyada iştirakına görə iki il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Ailəlidir, iki qızı, bir oğlu var.

