İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft qiymətləri 100-130 dollara olarsa... - təhlil

1762 27.04.2024 09:30 Ölkə A A

Ekspert: “Qlobal iqtisadiyyat buna dözəcək potensialda deyil”

Daha bir beynəlxalq qurum neft qiymətlərinin kəskin artması ehtimalını yüksək qiymətləndirən proqnozla çıxış edib. Dünya Bankının proqnozuna görə, Brent markalı neftin orta qiyməti 2024-cü ildə 84 dollar, 2025-ci ildə isə 79 dollar olacaq. Bununla belə, Yaxın Şərqdəki münaqişə dünya bazarına xammal tədarükündə əhəmiyyətli fasilələrə səbəb olarsa, bu il Brent neftinin qiyməti bir barel üçün 100 dolları keçə bilər.

Bu proqnoz  Dünya Bankının (DB) “Əmtəə bazarlarına baxış” hesabatında əksini tapıb. Hesabata görə, ötən il inflyasiyanın zəifləməsində böyük rol oynayan xammal qiymətlərinin stabilləşməsi qlobal mərkəzi bankların dərəcələri sürətlə azaltmasını çətinləşdirəcək. Dünya Bankının ekspertləri hesab edirlər ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi son 2 ildə müşahidə olunan inflyasiyanın yavaşlamasını dayandıra bilər. Təşkilatın əmtəə qiymətləri indeksi 2022-ci ilin ortaları ilə 2023-cü ilin ortaları arasında təxminən 40 faiz azalıb, lakin göstərici keçən ilin ortalarından bəri sabit qalıb.

Dünya Bankının proqnozuna görə, geosiyasi münaqişələr güclənməsə, əmtəə indeksi 2024-cü ildə 3 faiz, 2025-ci ildə isə 4 faiz azalacaq. Bankın ekspertlərinə görə, əmtəə qiymətlərində belə bir azalma tempi əksər ölkələrdə hədəf səviyyələrdən yüksək olaraq qalan inflyasiyanın yumşaldılması üçün kifayət etməyəcək.

Dünya Bankının baş iqtisadçısı və baş vitse-prezidenti Indermit Gill deyir ki, qlobal inflyasiya hələ də məğlub olmayıb: “İnflyasiyanı azaldan başlıca proses - xammal qiymətlərinin ucuzlaşması divara dirənib. Bu isə o deməkdir ki, bünya mərkəzi banklarının faiz dərəcələri bu il və gələn il gözlənildiyindən yüksək olaraq qalacaq”.

Onun sözlərinə görə, enerji sektoru üçün böyük bir şok son iki ildə inflyasiyanın qarşısının alınmasında əldə edilmiş irəliləyişlərin çoxunu ləğv edə bilər.

DB ekspertləri hesab edirlər ki, qızılın qiyməti 2024-cü ildə rekord səviyyədə qalacaq və 2025-ci ildə bir qədər azalacaq. Qızıl geosiyasi qeyri-müəyyənlik dövrlərində tez-tez bahalaşır və bu amil bir neçə inkişaf etməkdə olan bazar mərkəzi banklarının qiymətli metala güclü tələbi ilə birlikdə, 2024-cü il ərzində qızılı dəstəkləyəcək, icmalda qeyd olunur.

Dünya Bankı xəbərdarlıq edir ki, Yaxın Şərq münaqişəsinin gərginləşməsi təbii qaz, gübrə və ərzaq qiymətlərinin də bahalaşmasına səbəb ola bilər.

Təşkilatın əsas proqnozu isə dünya ərzaq qiymətlərinin 2024-cü ildə 6 faiz və 2025-ci ildə 4 faiz, gübrələrin qiymətinin isə müvafiq olaraq 22 faiz və 6 faiz azalacağını nəzərdə tutur.

Dünya Bankı həmçinin mis qiymətlərinin 2024-cü ildə 5 faiz artacağını və 2025-ci ildə stabilləşəcəyini, alüminium qiymətlərinin müvafiq olaraq 2 faiz və 4 faiz artacağını gözləyir.

Qeyd edək ki, bundan az əvvəl “Bank of America” da Yaxın Şərqdəki proseslərin neft qiymətlərini record həddə qədər bahalaşdıracağını açıqlayıb. Bank analitiklərinin fikrincə, İsraillə İran arasında böhran açıq müharibəyə keçərək bir neçə ay davam edərsə, dünya neft bazarında böyül volatilliyə səbəb olar: neftin qiymətini 130 dollara qədər yüksəldə bilər. 

CNBC xəbər verir ki, “Bank of America”nın proqnozuna görə,hərbi əməliyyatlar uzun müddət davam edərsə və enerji infrastrukturuna təsir edərsə, biz “qara qızıl”ın bir barelinin qiymətinin 30-40 dollar artmasını gözləyə bilərik. Bu zaman “Brent” markalı neftin qiyməti ikinci rübdə 130 dollara, Amerika neftinin qiyməti isə 123 dollara yüksələ bilər. Bu ssenari İranın neft hasilatının müharibə səbəbindən gündə 1,5 milyon barel azalacağını nəzərdə tutur.

İrandan ixracın dayanması şəraitində OPEC+ razılaşmasının iştirakçıları hasilatı və ixracı ardıracaqlar. Bu isə dünyada neftə olan tələbatın artması fonunda ehtiyat hasilat güclərinin kəskin azalmasına gətirib çıxaracaq. Nəticədə 2025-ci ildə “Brent” markalı neftin qiyməti 100 dollar səviyyəsində qərarlaşacaq, ABŞ nefti isə 93 dollara satılacaq.

Qeyd edək ki, neft qiymətlərinin yüksək olması əsas gəlirləri bu xammalın ixracından formalaşan Azərbaycan üçün mühüm müsbət faktordur. Belə ki, son illərdə Azərbaycanın neft hasilatının 70 faizdən çoxunu təmin edən Azəri-Çıraq-Günəşli yatağında hasilat çox sürətlə düşür. Energetika Nazirliyinin məlumatına əsasən 2024-cü ilin yanvar-mart aylarında ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz az -  7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 4,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin(azalma 10,6 faiz), 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in(dəyişməyib), 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib(dəyişməyib).

Xatırladaq ki, 2023-cü ilin birinci rübündə Azərbaycanda 7,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib (azalma 7,2 faiz). Həmçinin neft hasilatının 4,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (azalma 11,3 faiz), 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in (2022-ci il yanvar-mart aylarının səviyyəsində) payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton (bütün meft hasilatının 24,7 faizi, 2022-ci ilin yanvar-mart aylarının səviyyəsində) təşkil edib.

İki həftə öncə AÇG yataqlar blokunda yeni platformadan neft hasilatına başlanıb. Yatağın işlənməsi üzrə layihənin operatoru bp şirkətinin verdiyi məlumata görə, ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. ACE-dən hasilatın tədricən artaraq bu ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.

Yeni platformadan hasilatın başlanması yataqda hasilatın azalması tempini xeyli dərəcədə zəiflədəcək. Belə ki, indiyədək yataqda gündəlik hasilat ildə 35-40 min barel azalırdı. ACE-dən hasilat bu tempin 50 faizdən çox azalmasına səbəb olacaq. Platformadan gündəlik hasilat layihə gücündə 100 min barel nəzərdə tutulub. Yeni quyular qazıldıqca hasilat artacaq və 2026-cı ildə layihə gücünə -  gündəlik 100 min barelə çatacaq. Bu, ildə 5 milyon ton deməkdir. ACE platformasından hasilatın başlanması ən azı 2030-cu ilədək hasilatın sabit qalmasını təmin edəcək. AÇG-də ildə 18 milyon ton civarında neft hasil olunurdu. Bu həcm ildə 1 milyon ton azalırdı, indi bu azalmanın sürətində ciddi yavaşlama baş verəcək. Bu şəraitdə yüksək qiymətlər Azərbaycanın neft ixracından əldə edilən gəlirlərində azalmanın minimuma düşməsinə səbəb olacaq. 

Neft ixracındakı azalmanın minimuma düşməsi ölkənin əldə etdiyi gəlirlərdə də azalmanın qarşısını ala bilər. Maliyyə Nazirliyinin məlumatına əsasən bu ilin birinci rübündə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4 milyard 562,6 milyon manat təşkil edib. Bu, proqnozla müqayisədə 216,7 milyon manat və ya 5,0 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 702,6 milyon manat və ya 18,2 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 30,0 faizi və ya 1367,3 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 70,0 faizi və ya 3195,3 milyon manatını isə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olunan neft-qaz gəlirlərinin 48,8 faizi  və 667,9 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 34,0 faizi və ya 464,8 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 17,2 faizi və ya 234,6 milyon manatını ABƏŞ-in mənfəət vergisi təşkil edir.

Qeyd edək ki, ötən ilin eyni dövründə Vergi Xidmətinin xəttilə büdcəyə neft-qaz sektorundan 2 milyard 284 milyon manat daxil olmuşdu. Bu isə cari ildə bu mənbədən büdcəyə daxilolmaların 40 faizdən çox azalması deməkdir. 

2023-cü ilin birincin rübündə “Şahdəniz”dən 1 milyard 545,7 milyon manat mənfəət vergisi ödənmişdi. Cari ildə bu mənbədən vergi ödənişi 56,8 faiz azalıb.

Bu ilin yanvar-mart aylarında SOCAR-ın büdcəyə vergi ödənişləri 9,4 faiz azalıb - ötən il şirkət 545,7 milyon manat vergi ödəmişdi. 

Azəri-Çıraq-Günəşli yatağından ödənilən mənfəət vergisi isə ötən ilki 225,2 milyon manata qarşı 4.2 faiz artım nümayiş etdirib. 

Oxu.az - Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər  Azərbaycan manatını sabit saxlamaqdır”

 Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, Yaxın Şərqdə, xüsusilə İranla İsrail arasında problemlərin böyük müharibəyə keçməsi ehtimalı ilk əvvəldən yüksək deyildi: “Hadisələrin gedişi göstərir ki, bütün hədə-qorxulara rəğmən, hər iki dövlət genişmiqyaslı müharibəyə getməyin yaradacağı problemlərin fərqindədirlər. Amma hansısa səbəbdən hədlər keçilib, genişmiqyaslı müharibəyə gedilərsə, aydın məsələdir ki, yalnız nefr bazarında deyil, bütün xammal bazarlarında kəskin qiymət artımları baş verəcək. Bu halda neftin qiymətinin 100 dolları keçməsi realdır”.

Ekspertin fikrincə, dünya iqtisadiyyatı neftin ifrat yüksək qiymətlərinə uzun müddət davam gətirmək potensialında deyil: “Yəni münaqişə olarsa, neft qiymətlərinin bir müddət ərzində 100 dollardan yuxarı, 130 dollara qalxması mümküdür. Lakin dünya iqtisadiyyatının belə qiymətlərə dözüm imkanı ən yaxşı halda 5-6 aydır. Buna görə də yüksək qiymətlərin uzun müddət qalmaması üçün ehtiyatlardan istifadəyə gediləcək. Hazırda dünyada dövlətlərin böyük neft ehtiyatları var və zəruri halda onların bazara çıxarılması, qiymətlərin aşağı salınması təmin ediləcək. Lakin müharibə iki dövlət arasından çıxaraq daha da genişlənərsə, proseslər fərqli məcrada gedəcək: bütün əmtəə bazarlarında qiymətlər kəskin artacaq, maliyyə bazarları təlatümlənəcək, qlobal ticarət zəncirləri pozulacaq. Bu isə qlobal şok effekti verəcək. Düşünürəm ki, nə birinci, nə də ikinci variant indiki halda real deyil”...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR