İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan bu dəfə Ermənistanı tapdalayıb keçəcək, əgər...

1982 05.04.2024 14:29 Yazarlar A A

Brüsseldə ABŞ-Ermənistan-AB (Avropa Birliyi) üçlü formatda anti-Azərbaycan, anti-Türk görüşü bir az olar başlayıb. Hər nə qədər Ştatların dövlət katibi Antoni Bliken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen görüş ərəfəsində Azərbaycan rəhbərinə zəng edərək Bakını sakitləşdirməyə çalışsalar da, Brüssel tədbirinin xoşniyyətli olmadığı qənaəti dəyişməz qalır.

Çünki Azərbaycanla sülh müqaviləsi imzalanmadan Ermənistanı gücləndirməyin, onun “müqavimətini artırmağın” ayrı hər hansı adı, yaxşı anlamı ola bilməz. Heç kəs çörəyi qulağına yemir. Elementar məntiq və bölgədəki mürəkkəb durum deyir ki, əgər Qərb səmimi idisə, Azərbaycan da görüşə dəvət eləməli, ümumiyyətlə, bu formatda görüş ilk növbədə İrəvanı Bakı ilə sülh sənədi imzalamağa vadar eləmək məramı güdməli idi...

Diqqət edin, bu arada, baş nazir Nikol Paşinyan Brüsselə getməzdən cəmi bir gün qabaq Ermənistan hökuməti mərkəzi ofisi İrəvanda olan “Yerkrapa” (“Könüllülər”) adlı erməni terror-quldur qruplaşmasına “xərclərin maliyyələşdirilməsi üçün” 234,6 milyon dram (təxminən 600 min ABŞ dolları!) qrant ayırıb. Müvafiq qərar aprelin 4-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Xatırladaq ki, söhbət əlləri dirsəyədək Azərbaycan xalqının qanına batmış silahlı cani-cəlladlardan gedir. Bu şərəfsizlər sürüsü birinci Qarabağ müharibəsi zamanı, 90-cı illərin əvvəllərində torpaqlarımızda dinc əhaliyə qarşı saysız-hesabsız cinayətlər törətmiş, etnik təmizləmələr aparmış hərbi canilərdir.

Bu ilin fevralında isə həmin qruplaşmanın üzvü Zəngilandakı sərhəd zastavamıza snayper atəşi açaraq əsgərimizi yaralamışdı. Sonrası məlum: cavabını qatı ilə aldılar – atəşin açıldığı erməni postu darmadağın edildi, 4 quldur cəhənnəmlik oldu. Az öncə Xankəndində uçurulub yerlə bir edilən, xunta rejiminə aid “parlament” binası ilə yanaşı, “Yerkrapa” canilərinin toplaşdığı bina da var idi...

Amma indi Qərbin “sülh göyərçini” saydığı Nikol Paşinyan, onun guya Azərbaycan və Türkiyə ilə barışıq istəyən hökuməti həmin bu terrorçu-banditlərə ayaqda qalmaq üçün yarım milyon dollardan çox pul ayırır! Bilə-bilə ki, bu vəsait hara, nəyə xərclənəcək.

Odur ki, bir daha altını cızmaq zorundayıq: “ilanın ağına da lənət, qarasına da”, Paşinyana da lənət, Pişikyana da! İşimizi bilək, barıtımızı daima quru saxlayaq. Erməninin nə vaxtsa bizimlə barışıb adam olacağına əsla ümidlənməyək.

Əgər bunların ən adekvatı, ən normalı Nikoldursa, o da 4 ildir belə qaranlıq, əyri işlərlə məşğul olub vaxt uzatmaq, altdan-altdan silahlanmaq kursu götürübsə, deməli, ermənilər toplum olaraq, başlarına gələnlərdən dərs almayıblar. Növbəti dərsə ehtiyac yaranacaq...

Son qənaətin xeyrinə olan başqa bir arqument. Neçə gündür İrandan Ermənistana hava reysi ilə silah-sursat daşınır. İşə bax, bir yandan Qərb (ABŞ + AB) haylara cani dildən havadarlıq edir, onların silahlanıb gücləınməsinin qayğısına qalır, o biri yandan da ABŞ-ın üç düşmənindən biri İran eyni işi görür.

Yeri gəlmişkən, görəsən Vaşinqton fars-molla rejiminin Ermənistana hərbi dəstəyinə necə baxır? Bəyənirmi? Hərgah, bizim üçün Ermənistanı kimin silahlandırmasının isti-soyuqluğu yoxdur. Önəmli olan kapitulyant ölkədən hamının öz maraqları naminə istifadə eləməyi bacarması və “Qafqaz qaraçıları”nı təzədən Azərbaycanın üstünə qısqırtmağa hazırlaşmasıdır.

Əfsus ki, Paşinyan hakimiyyəti də buna məmnuniyyətlə gedir. İrəvan haradan, hansı ünvandan gəlməsindən asılı olmayaraq, istənilən köməyi, dəstəyi Azərbaycana qarşı yeni revanş üçün əlavə şans, fürsət bilir. Bölgə üçün ən təhlükəlisi də budur.

Çünki Bakı təxribatlara mütləq və misli ilə cavab verəcək. Lazım gələrsə, bu dəfə Ordumuz Ermənistanın dərinliyinə irəliləyəcək. Qoy kimsə də bizə beynəlxalq hüquqdan moizə oxumasın. Türkiyə kimi Azərbaycanın da həmin beynəlxalq hüquqa əsasən, öz təhlükəsizliyini qorumaq naminə qonşu ölkə ərazisində antiterror əməliyyatı keçirmək haqqı var.

Əgər Paşinyan hökuməti təhlükəsizliyimizi təhdid edən silahlı terrorçuların öhdəsindən gələ bilmirsə, yaxud istəmirsə, əksinə, onların ayaqda qalması üçün maddi yardım ayırırsa, o zaman başqa çarə qalmır. Canımız cənnətə, bu missiyanı da özümüz həyata keçirərik. Hələ harasıdır, Azərbaycan Ermənistanı sadəcə, tapdalayıb keçə bilər, əgər Nikol bu dəfə Rusiyaya deyil, Qərbə arxalanıb daha bir avantüraya getsə...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR