İnsanlara hürriyət, millətlərə istiqlal!

Sizin də Mehmanınız olsun...

 Mehmanı tutdular!  Sözün birbaşa mənasında tutdular.

Buna səbəb onun qıcıq yaradan təhqirləri, atmacaları oldu. Bu da doğru ki, dediyinə əmin olan, ədalətli yanaşmasına güvənən, heç bir qərəzi, kini olmayan adam son həddə gətirilsə belə söyüş və təhqirə keçmir. Mehman isə söydü və özünü tutdurdu. Yenə əvvəldən qarşısına qoyduğu, ya da qoyulan məqsədə çatdı. Bu isə o deməkdir ki, Mehman qədər qarşı tərəf də ona kinli, ədavətli, nifrət dolu idi.

Onunla heç yerdə üz-üzə gəlməmişəm. Yazıb hazırladığı bir neçə videoçarxda qoyduğu problemi və yanaşmasını izləmişəm, vəssalam. Göstərdiyi və qeyd elədiyi  problemlərin bir qismi ilə razılaşdığım da olub, razılaşmadığım da. Onu da deyə bilərəm ki, Mehmanın dedikləri nə professionallıq, nə ədalət, nə də  obyektiv media baxışı deyil, ritorikadır. Səbəb, adamın mətbuat və jurnalistikadan xəbərinin olmamasıdır. Adam bloggerdir. Bloggerin kimliyinin geniş izaha ehtiyacı yoxdur. Qısacasını desək, adam şəxsi mövqeyinə əsaslanıb fikirlər söyləyir, sevmədiyi, bəyənmədiyi adamları çəkir, aşağılayır, nümayiş etdirir, özünə müəyyən auditoriya toplayıb sosial şəbəkədə müstəqil fəaliyyət göstərir. Bu da ola bilər ki, onun müstəqil fəaliyyət göstərdiyi fonunu yaratmaq istəyən maraqlı tərəflər də var. Elə bir bloggerin həbsi də  hamıdan çox onların işinə yarayır. Deyim ki, Mehmanın situasiyasında bu variantın olması da istisna deyil.  

İndi onun sosial şəbəkədə nə zamansa çəkdirdiyi fotoşəkilləri yayılır. Məsələn, şalvarı topuğunda alt paltarı ilə şəkil çəkdirib. Saçlarını ortadan ayırıb keçicik yığıb ki, yəni mən həm də belə oğlanam. Kefim nə istəyir eləyirəm, heç kim, heç nə və dünya vecimə deyil. Komplekssizəm. Əcəb eləyir. Bu yaxşı keyfiyyətdir. Amma bütün bunlar həm də psixoloji natamamlıq göstəricisidir.

Psixoloji natamam, alt paltarın nümayiş etdirən və saçını keçi yığıb sizin villaları çəkən oğlan məni təmsil edə bilməz, cənablar. Məni deyəndə illərdir məktəbini keçdiyim, keçdiyimiz mətbuatı deyirəm.  Mehman Hüseynov mənim, bizim mətbuatın siması ola bilməz. O, olsa-olsa villalarını çəkdiyi varlıların, icra başçılarının, deputatların simasıdır.

Mehmana verilən cəza isə təkcə ona  verilməyib. Həm də mənə,  bizə, dövlətə, millətə, ölkəyə verilib. O cəzanı kəsən adamlar anlamır ki, Mehman heç özünü də anlamayan xırda bir tənqidçi idi. Tərzi, üslubu, yanaşması ilə aqressiyadan başqa heç nə doğurmayan, əlindəki məlumatları təqdim etmək bacarığı son dərəcə aşağı səviyyədə olan tənqidçi.  Yəni o, tənqidi sivil, mədəni, məntiqli və arqumentləşdirilmiş edə bilmirdi. Ona görə yox ki, istəmirdi, ona görə ki, bacardığı, əlindən gələn bu qədər idi. Qabında olandan artıq kim nə bacarır ki?.. Yəni ona əhəmiyyət verməmək, populyarlaşdırıb ulduz eləməmək də mümkün idi.  O üzdən bir gün Mehman Hüseynovla üz-üzə gəlsəm deyərdim ki, səni tutanlar təxminən o adamlardır ki,  tənqidin “t”-ı deyilən xırdaca nəfəsliyə, yəni sənin deyib-göstərdiklərinin üstünə, yekə bir daş basıblar. O daş da səni mənim başı bəlalı mediamın simvolu eləyib. Əminəm ki, indi simvol olan media adamlarının öləni o dünyada,  qara torpaq altında, qalanı bu dünyada öz evlərində oturub başlarına ələməyə kül axtarır. Çünki sən onların simvolu olmusan. Qaldı sənin səsin gələn o pəncərəyə... hə, bax o pəncərəyə tıxanan daşı çox keçməz Freedom House başda olmaqla qalan həlləhüşlər də bir yerə yığışıb başımıza çırpar. Təkcə bizim, medianın yox, dövlətin, hökumətin, vətəndaşların da başına.

Sizsə oturun kabinetlərinizdə, bir birinizin səlahiyyətlərini necə qamarlamaq, kimisə hardasa necə əzmək, necə iflasa uğratmaq, vurub sıradan çıxarmağın yollarını ayarın. Heç nə demirəm necə ki, Mehmanı bizim, medianın simvolu və siması elədiniz gün o gün olsun, sizin də Mehmanınız olsun. Onda anlayacaqsınız ki, şalvarı dizindən aşağı, başında iki rezinli keçisi, qaşında yarıqla Azərbaycanın siması kimi dünyaya təqdim edilmək nə deməkdir?! Bu necə acınacaqlı, faciəli və utanc gətirən olaydır.

Anladınızsa yadınıza bir şey də salım. Hələ qarşıda buraxdığınız səhvi düzəltmək üçün şans var. Bu Mehmanın apelyasiya şikayətinə baxışda onu azad edib, yerini göstərməkdən keçir. Nə qədər ki, Mehman sizin də simanız olmayıb onu azad elətdirin cənablar!  Bu ölkənin başına növbəti daşı bir müstəntiq, bir prokuror, bir varlı, bir deputat və bir də balaca Mehmanın əli ilə salmayaq!..

 

YAZARIN DİGƏR YAZILARI

20 Dekabr 2024

23 Oktyabr 2024

13 May 2021

09 Noyabr 2020

27 Oktyabr 2020

19 Avqust 2020

28 Iyul 2020

26 Iyul 2020

13 Aprel 2020

24 Yanvar 2020

09 Dekabr 2019

25 Noyabr 2019

20 Noyabr 2019

08 Sentyabr 2019

09 Avqust 2019

19 Iyul 2019

18 Iyul 2019

17 Iyul 2019

06 Iyul 2019

11 Iyun 2019

17 May 2019

29 Aprel 2019

27 Aprel 2019

11 Aprel 2019

10 Aprel 2019

03 Aprel 2019

30 Mart 2019

28 Mart 2019

27 Mart 2019

28 Fevral 2019