Свобода людям, независимость нациям!

Türkiyənin Şimali İraq əməliyyatlarının arxasındakı səbəblər

1564 27.04.2022 19:03 Колумнисты A A

Ankara regionda baş verən hansı prosesləri dəyişir?

Aprelin 18-də Türkiyə ordusu İraqın şimalında yerləşən PKK düşərgələrini ləğv etmək üçün “Pençe Kilit” kod adlı antiterror əməliyyatına başlayıb. Əməliyyatda Türkiyə hərbi hava qüvvələri, artilleriya və xüsusi təyinatlı qüvvələri iştirak edir.

Bu günə qədər əməliyyatda 56 terrorçu məhv edilib. Türkiyə ordusunun da itkiləri var. Ancaq genişmiqyaslı əməliyyat-axtarış, məhvetmə hərəkətləri davam edir.

Qeyd edək ki, Türkiyə hökuməti 2015-ci ilin iyul ayından etibarən ölkə daxilində terrora qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Daha sonra əməliyyatlar İraq və Suriya ərazilərində davam etdirilib. Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, bu günə qədər əməliyyatlar nəticəsində 34259 terrorçu zərərsizləşdirilib. Eyni zamanda bu ilin əvvəlindən bu yana zərərsizləşdirilən terrorçu sayı 991-dir.

Hazırda davam edən “Pençe-Kilit” əməliyyatı seriya şəklində davam edib. İlk “Pençe” əməliyyatı 2019-cu ildə başlayıb. Bu seriyadan əməliyyatlar Türkiyənin PKK-nın möhkəmləndiyi cənub-şərq vilayətlərində, eləcə də İraqda, Qəndil, Zap rayonlarında davam etdirilib.

Bu arada Qərb mediasında Türkiyənin İraqın şimalında yeni hərbi bazalar quracağı ilə bağlı xəbərlər yayılıb. Xatırladaq ki, daha əvvəl 2014-15-ci illərdə Türkiyə İraqın şimalında İŞİD-ə qarşı mübarizəni dəstəkləmək məqsədiilə hərbi düşərgələr qurmuşdu. İddialara görə, Türkiyə ordusu hazırda davam edən əməliyyatın gedişində İraqın şimalında PKK-nın aktiv hərəkət etdiyi nöqtələrdə Türkiyə ordusunun bazalar qurulur. Bu bazaların nə zamana qədər qalacağı məlum deyil.

Maraqlıdır ki, Şimali İraq kürd administrasiyası Türkiyənin PKK-ya qarşı əməliyyatlarını dəstəkləsə də, mərkəzi İraq hakimiyyəti və silahlı qruplar əməliyyata qarşı çıxır. Yeri gəlmişkən, Türkiyənin hərbi əməliyyatı Bərzaninin Ankaraya səfərindən bir neçə gün sonra baş verdi.

Bu günlərdə yenidən bəyanat yayan kürd administrasiyası Türkiyənin hərbi əməliyyatlarını dəstəkləyərək “bölgədə sülh və sabitliyə xidmət etdiyini” vurğulayıb. Kürd muxtariyyətinin etnik və dini işlər üzrə naziri Aydın Maruf sərhəddə PKK-ya qarşı həyata keçirilən əməliyyata dəstək verib.

Bağdad isə narazıdır və hər keçən gün narazılığını ortaya qoyur. Bu günlərdə İraqın ikinci ordusu olan səfərbərlik qüvvəsi “Həşdi Şabi”yə daxil olan “Əsaib Əhlil Haqq” və “Kətaib Hizbullah” qrupları Türkiyənin əməliyyatlarına təpki verərək Türkiyənin iraqlı rəsmilərin əli ilə İraqın enerji qaynaqlarını ələ keçirmək və “Osmanlı xəyalını həyata keçirməyə çalışdığını” bildirən bəyanat yayıblar.

Türkiyənin İraqın şimalında həyata keçirdiyi əməliyyatın bir neçə hədəfi var. Birinci hədəf, əlbəttə, PKK-nın hərbi gücünün məhv edilməsi, terror təşkilatının Türkiyə ərazisində fəallaşmasının qarşısını almaqdır. Bu, necə deyərlər, elan olunmuş rəsmi hədəfdir.

Lakin eyni zamanda Ankaranın İraqın şimalında başlatdığı geniş miqyaslı əməliyyatların digər məqsədləri də var. Məlum olduğu kimi, son zamanlar İraq kürd muxtariyyəti ərazisində istehsal olunan neft və qazın Avropaya çıxarılması layihəsi yenidən gündəmə gəlib. Qərb dövlətləri Yaxın Şərq qazı və neftini Rusiya qazı və neftinə alternativ olaraq Avropa bazarına çıxarmağa çalışır. Ötən ay kürd muxtariyyətinin baş naziri Məsrur Bərzani (Məsud Bərzaninin oğlu – K.R.) Dubayda keçirilən enerji konfransında Ərbilin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak etməyə hazır olduğunu bildirib. Həmçinin bəzi Qərb media orqanlarında amerikalı və israilli enerji mütəxəssislərin Ərbildə İraq qazının Avropaya çıxarılması ilə bağlı toplantı keçirdiyini yazıb. Başqa sözlə, hazırda İraq qazının Avropaya çıxarılması əsas mövzulardan biridir.

Yeri gəlmişkən, 2020-cu ildə “ərəb baharı”ndan bir qədər əvvəl Yaxın Şərqdən Avropaya qaz boru kəməri layihəsinin olduğu və bu layihənin İraq və Suriyanın şimalından kürdlər yaşayan ərazidən keçərək Aralıq dənizinə çıxması ilə bağlı iddialar ortaya atılmışdı. Ancaq “ərəb baharı” və vətəndaş müharibəsi bu planı arxaya atdı.

İndi isə mövcud şəraitdə İraq və Yaxın Şərq qazının Avropaya çıxarılması layihəsi yenidən gündəmə gəlib. Ankara isə yeni siyasi-iqtisadi planlamada kənarda qalmaq, öz regionunda baş verənlərin sadə seyirçisi olmaq istəmir.

Nəhayət, bu əməliyyatların üçüncü əsas hədəfi Suriya kürdləridir. Məlum olduğu kimi, Suriyanın şimalında faktiki idarə rejimi qurmuş kürdlər PKK-nın Suriya qanadı olan PYD liderliyi altında fəaliyyət göstərir. Daha pis odur ki, PYD indi Suriya Demokratik Qüvvələri adlı koalisiyanın çətiri altında gizlənir və İŞİD-ə qarşı mübarizədə ABŞ-dan ciddi dəstək alır.

Ankara Suriya və İraqdakı PKK qruplarının yenidən fəallaşması və Suriya kürdlərinin ölkənin şimalında muxtariyyət qurması ehtimalından narahatdır. Bu əməliyyat bir formada PKK-nın İraqdakı ayağını kəsməyə xidmət edir.

Çünki daha əvvəlki tarixi təcrübə göstərir ki, PKK Suriya və Türkiyə ərazisində nə qədər güclü olsa da, əsas düşərgəsi İraqın şimalındakı Qəndil dağı və eyni adlı vadidəki mağaralar olub. PKK-nın əsas liderləri və hərbi “beyni” İraqda gizlənib.

Nəticə etibarilə Türkiyə ordusunun İraqın şimalında həyata keçirdiyi əməliyyat yalnız PKK silahlılarına qarşı deyil, həm də regionda formalaşmaqda olan yeni hərbi-siyasi konfiqurasiyaya qarşıdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости