Свобода людям, независимость нациям!

Tehran və Pekin arasına girən “25 illik müqavilə” müəmması

1230 14.12.2022 17:03 Колумнисты A A

Çin və İran münasibətlərində baş verənlərin arxasında nələr var?

Ötən gün Tehranda İran və Çin hökumətləri arasında “25 illik əhatəli əməkdaşlıq müqaviləsi” çərçivəsində 16 razılaşma əldə olunub. Enerji, neft, təbii qaz, birgə sərmayə yatırılması, pul transferləri, strateji tranzit keçidlər və limanlar kimi müxtəlif sahələri əhatə edən razılaşmaları Çin tərəfdən Tehranda səfərdə olan baş nazirin müavini Hu Çunhua imzalayıb.

Ancaq bu, necə deyərlər, formal xarakter daşıyır. Çünki əldə olunan razılaşmaların detalları Çin və İran dövlət başçıları arasında görüşdən sonra müəyyən olunacaq. Başqa sözlə, 16 razılaşma daha çox prezidentlərin görüşünə texniki hazırlıq məqsədi daşıyır.

iran-ve-cin-cesitli-alanlarda-16-mutabakat-za-15492680_osd.jpg (29 KB)

Çin baş nazirinin tez-tələsik Tehran səfəri və imzaladığı sənədlər nə qədər diqqət cəlb etsə də, iki ölkə arasında yaranan soyuqluğu ört-basdır edə bilmədi. Söhbət Çin dövlət başçısının İran rəhbərliyini qəzəbləndirən son hərəkətindən gedir. Tehran Çin liderinə o qədər qəzəbli olub ki, İran prezidenti İbrahim Rəisi narazılığını dünən Tehranda Hu Çunhuaya açıq şəkildə bildirib.

İranda böyük qəzəb doğuran isə Çin prezidentinin ötən həftə Səudiyyə Ərəbistanında Körfəz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderləri ilə keçirilən toplantıdan sonra verdiyi açıqlamadır. Daha doğrusu, Çin-Körfəz Ölkələri sammitinin yekun bəyannaməsində yer alan fikirlər. Belə ki, sənəddə Fars körfəzində yerləşən İran və BƏƏ arasında mübahisəli 3 adanın (Əbu Musa, Böyük Tunb və Kiçik Tunb) müqəddəratının beynəlxalq hüquqa əsasən dinc yolla müəyyən olunması, bir başqa bölümdə isə İranın digər ölkələrin “daxili işlərinə qarışmaması” ifadəsinin yer alması Tehranda qəzəb doğurub. Hətta Çin səfiri İran XİN-ə dəvət olunaraq bununla bağlı izahat tələb olunmuşdu. İran XİN başçısı Hüseyn Əmir Abdullahian isə adaların İranın ayrılmaz parçası olduğunu vurğulayan açıqlama yaymışdı.

Maraqlıdır ki, Tehranın bu qəzəbli bəyanatlarından dərhal sonra Çin Tehrana yüksək səviyyəli nümayəndə heyəti göndərib və “25 illik əhatəli əməkdaşlıq müqaviləsi” ilə bağlı ara sənədini imzalayıb. Başqa sözlə, Tehranın könlünü almağa çalışıb.

“25 illik əhatəli əməkdaşlıq müqaviləsi” nədir?

İran və Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsini nəzərdə tutan 400 milyard dollarlıq bu sazişin əsası 2016-cı ildə qoyulub. Həsən Ruhaninin prezidentliyi dövründə Tehranın “Bir kəmər, bir yol” layihəsinə daxil olmasını nəzərdə tutan “25 illik əhatəli əməkdaşlıq müqaviləsi” Çinin İrandan neft və qaz alması, qarşılığında İrana böyük sərmayələrin yatırılması, yol və enerji infrastrukturunun yenilənməsini nəzərdə tutan 25 illik və 400 milyard dollar dəyərində hesablanan sazişdir.

Ancaq bu saziş üzərində çalışmalar sonrakı illərdə siyasi səbəblərdən dayanıb. Güman ki, Çin hakimiyyəti prezident Donald Trampın hakimiyyəti dövründə İran-ABŞ münasibətlərində yaranan gərginlik səbəbindən bu səs-küylü müqaviləni sakitcə dondurub. Üstəlik, İranda da bu sazişin açıqlanmayan bəzi bölümləri var, o cümlədən İran ərazisinə Çin qüvvələrinin yerləşdirilməsi kimi. İran konstitusiyası ilə ziddiyyət təşkil edən maddələrin olması mübahisələrə səbəb olub.

Burada daha bir amil həmin dövrdə İranda iqtidarda olan “islahatçı” komandanın Çinlə yaxınlaşmaya çox isti yanaşmaması da əlavə oluna bilər. Bu və digər səbəblərdən sözügedən saziş yubandı, yalnız 2021-ci ildə İran və Çin nəhayət bu razılaşmanı imzaladılar. Lakin bu rəsmi imzalanma da real olaraq hər hansı konkret öhdəlik və yol xəritəsini müəyyən etmədiyi üçün sənəd bir mənada havada qalıb. Saziş indi ciddi maliyyə sıxıntısı yaşayan İran üçün mühüm əhəmiyyət kəsb edir.

Ötən həftə Çin liderinin Səudiyyə Ərəbistanına səfər edərək körfəz ölkələri təşkilatına üzv dövlət başçıları ilə sammit keçirməsi və əməkdaşlığın inkişafı barədə danışıqlar ilk növbədə İranda narahatlıqla izləndi. Çünki körfəz ölkələri, xüsusən də sammitə ev sahibliyi edən Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər ciddi şəkildə soyuqdur. Digər tərəfdən, Çin İranla sazişi bilərəkdən yubadır.

Снимок.PNG (756 KB)

Başqa sözlə, Tehranın Ciddə sammitinin yekun bəyanatına görə, Çin iqtidarına qarşı kəskin mövqeyi bəyanatdakı ifadələrdən daha çox Çinin regiondakı sürüşkən siyasətinə reaksiya hesab olunmalıdır. Aydın məsələdir ki, mesajı olduğu kimi qəbul edən Çin Tehranla əlaqələrini zədələməmək üçün dərhal İran paytaxtına yüksək səviyyəli hökumət heyəti göndərdi və saziş çərçivəsində 16 ayrıca razılaşma imzalandı. Lakin yuxarıda da qeyd etdiyim kimi, sazişin işə düşməsi üçün ölkə başçılarının görüşüb sazişin işləmə mexanizmini razılaşdırmasına ehtiyac var. Bunun isə nə zaman baş verəcəyi bəlli deyil.

Çinin bu cür sürüşkən siyasəti bir neçə amillə izah oluna bilər. Əlbəttə, rəsmi Pekin üçün anti-Qərb cəbhəsində yer alan və Yaxın Şərqin, ümumilikdə müsəlman aləminin güclü ölkəsi olaraq İran mühüm əhəmiyyət kəsb edir. “Böyük İpək yolu”nun əsas marşrutu da məhz İran ərazisindən keçir. Üstəlik, İran dünyanın 4-cü neft, 2-ci qaz ölkəsidir, regionun ən böyük bazarlarından biridir.

neft.jpg (644 KB)

Lakin İran eyni zamanda Qərblə ciddi problemləri, region qonşuları ilə münaqişəsi olan dövlətdir. Ukrayna müharibəsi göstərdi ki, Çin üçün ideoloji cəbhələşmədən əvvəl ticarət və iqtisadi maraqları gəlir. Buna görə də Çin dövləti Qərbin sərt sanksiyaları altında olan İrana böyük həcmdə sərmayə qoymaq istəmir, daha doğrusu, sərmayəsini risk altına almaq, Qərblə münasibətlərini pozmaq istəmir. Bu səbəbdən də İranla sazişi məqsədli olaraq yubadır. Digər tərəfdən, Çin anlayır ki, İrana sanksiyalar davam etdikcə Tehranın Çinə ehtiyacı da davam edəcək və Pekin Rusiya və İrandan ucuz neft alacaq.

İkinci tərəfdən, Çin Yaxın Şərq və Şimali Afrikada möhkəmlənməyə çalışır. Bunun üçün körfəz ölkələri ilə yaxınlaşır. Buna görə də region siyasətində ən azı “balansı” gözləməyə çalışır. Başqa sözlə, Çin Yaxın Şərqdə ABŞ kimi tərəf olmaq istəmir. Bütün tərəflərlə yaxşı əlaqələr qurmağa çalışır. Buna görə də Tehranla müəyyən məsafə qoymağa, ərəbləri cəlb etməyə çalışır.

Əlbəttə, Çinin bu “yolavermə” siyasətini Tehranda da görürlər, bu səbəbdən də adalar mövzusunda Tehran Pekinə sərt üzünü göstərdi. Dünənki sənədlər Çinin mesajı aldığını göstərir, amma hiyləgər Çin siyasətinin Tehran üçün növbəti uzun “gözləmə mərhələsi” yaratmayacağına da təminat yoxdur.

Kənan Rövşənoğlu
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости