Свобода людям, независимость нациям!

Spikerin “İrəvan teatrı”: Nensi Pelosinin İrəvandakı göz yaşları haqqında

1140 19.09.2022 17:13 Колумнисты A A

Bir qədər əvvəl Tayvana səfər etməklə ABŞ və Çini toqquşmanın astanasına gətirən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu dəfə Ermənistana səfər edərək “Köhnə tamaşanı” təkrarladı. Əlbəttə, Ermənistan səfəri Tayvan qədər qlobal miqyaslı qalmaqala çevrilməsə də, hazırda dünyanın diqqət mərkəzində olan Cənubi Qafqaz regionu üçün səs-küylü hadisə oldu.

ABŞ qanunvericilərinin lideri hərbi toqquşmaların baş verdiyi Qafqaza səfər etməklə təkcə öz adına deyil, həm də ölkəsi adına ədalətsiz, qərəzli mövqe nümayiş etdirdi. Çünki ABŞ 26 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədri olub, hazırda da sülh prosesini dəstəklədiyini bəyan edərək tərəfsiz qalmağa çalışır. Belə bir ölkənin 3-cü şəxsinin münaqişə tərəflərindən birinə səfər edərək açıq dəstək nümayiş etdirməsi Vaşinqtonun uzun illər daşıdığı və indi də daşımağa çalışdığı vasitəçi missiya ilə ziddiyyət daşıyır. Başqa sözlə, xanım Pelosinin İrəvandakı Azərbaycan əleyhinə açıqlamaları ölkəsinin siyasi mövqeyi ilə uyğunluq təşkil etmir.

Bu səfərin digər absurd tərəfi ondan ibarətdir ki, 30 il davam edən Ermənistan işğalına susan dövlət xadiminin sərhəd insidentinə görə Azərbaycanı işğalçılıqda ittiham etməsi aşkar qərəzdir və dövlət xadimi statusuna yaraşmır. Çünki birincisi, hazırda Azərbaycan və Ermənistan arasında tanınan dövlət sərhəd xətti mövcud deyil. SSRİ dövründə müəyyən edilmiş, ittifaq dağıldıqda isə Ermənistan tərəfindən işğal edilərək 30 il işğal altında qalmış sərhədlər dövlətlər tərəfindən razılaşdırılmayıb, daha əvvəl də Azərbaycan və Ermənistan arasında rəsmi olaraq beynəlxalq səviyyədə tanınan sərhədlər mövcud olmayıb.

Azərbaycan-Ermənistan sərhədində dörd sərhəd-döyüş məntəqəsinin istifadəyə  verilməsi əslində nə deməkdir? - BBC News Azərbaycanca

İkincisi, əgər mövzu ərazi ilhaqı və onun acı nəticəsinin qəbuledilməziliyidirsə, o zaman ilk növbədə xanım Pelosinin Bakıya səfərlərinə şahid olmalıydıq. Amma bilindiyi kimi, belə bir səfər olmayıb. Vaşinqton erməni lobbisinin bütün hoqqabazlıqlarına rəğmən, münaqişə tərəflərinə məsafəli davranıb. Amma Nümayəndələr Palatasının spikeri Vaşinqtonun ölçülü davranışını pozub.

Xanım Nensi Pelosinin erməni lobbisinə yaxın siyasətçi olması yeni məlumat deyil. Pelosinin seçildiyi Kaliforniyada erməni lobbisinin gücü də məlumdur. İrəvana özü ilə bir neçə ermənipərəst siyasətçilə gəlməsi xanım Pelosinin məramından xəbər verir. Amma və lakin o da aydın məsələdir ki, Pelosinin İrəvan səfəri və burada aşkar ermənipərəst nitqinin arxasında yalnız payızda keçirilən Konqres seçkiləri və erməni lobbisinin maliyyə və elektorat dəstəyini qazanmaq arzusu dayanmır. Əlbəttə, bu amil də var. Güman ki, Pelosi və partiyası bu səfərə görə erməni lobbisindən istədiklərini alacaqlar.

Ancaq ABŞ-ın qanunverici orqanının rəhbəri kimi mühüm postu tutan şəxsin dünyanın qaynar regionlarından birinə səfəri yalnız daxili faktorlar, yaxınlaşan seçkilərdə lobbi dəstəyinə görə baş verə bilməz. Üstəlik, nəzərə almaq lazımdır ki, hazırda iqtidarda Pelosinin partiyası – Demokratlardır. Başqa sözlə, bu səfər həm də Vaşinqton administrasiyasının maraqlarına xidmət edir. Amma bu səfəri nə qədər uğurlu hesab etmək olar?

Belə görünür ki, Vaşinqton administrasiyası Cənubi Qafqazın “zəif bəndi” olan Cənubi Qafqaza “daxil olmağa” cəhd edir. Bu prosesin ilkin mərhələsi daha əvvəl də bəlli olduğu kimi, Ermənistanı Rusiyadan qoparmaq və Moskvanın regiondakı dominant rolunu zəiflətmək, paralel olaraq bölgədə aktivləşməkdir. Amma bunu yalnız İrəvan vasitəsilə etmək mümkün deyil.

Cənubi Qafqaz getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır. Birincisi, Cənubi Qafqaz Rusiya üçün həssas, belə demək olarsa, zəif nöqtədir, ikincisi, Qafqaz həm də İranla həssas sərhədə malikdir. Üçüncüsü, Avropadan Orta Asiyaya çıxan əsas alternativ yollardan biridir. Nəhayət, Ukraynada davam edən müharibədə Rusiyanın çənbərə alınması üçün Qafqaz xüsusi olaraq vacibdir. Bu mənada Vaşinqtonun Qafqaza diqqətinin artması anlaşılandır.

Lakin Pelosinin İrəvan səfəri və belə demək olarsa, burada sərgilədiyi “performansı” Vaşinqtonun Qafqaz planını pozur. Çünki xanım spikerin həyəcanla ifadə etdiyi erməni sevgisi, bir az da irəli gedərək Azərbaycanı işğalçı adlandırması belə demək olarsa, ABŞ-ın Qafqaz siyasətinə zərbədir. Çünki Vaşinqton yaxşı anlayır ki, hazırda Qafqazın açar ölkəsi Azərbaycandır. ABŞ regionda möhkəmlənmək istəyirsə, bunun üçün Bakı ilə dil tapmalıdır. Bu səbəbdən də Nensi Pelosinin İrəvanda Azərbaycan əleyhinə çıxışından bir neçə saat keçməmiş dövlət katibi Entoni Blinken Bakıya zəng etdi.

Blinken Lavrovla görüşdən imtina etdi

Başqa sözlə, Pelosinin İrəvan səfəri “stəkanda fırtına effekti” verdi və real olaraq vəziyyətə heç bir təsiri olmadı. Bu səfər tarixə daha çox erməni lobbisinin növbəti bahalı kampaniyası kimi düşdü. Pelosi özü isə qalmaqallı, saxta erməni soyqırımı abidəsi önündə göz yaşı tökən siyasətçi kimi tarixə düşdü.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости