Свобода людям, независимость нациям!

Rəsulzadənin Rusiya haqda o məşhur sözü... – Ağdam yolunda TIR-larımızı gözlədən kimdir?

3549 12.09.2023 23:39 Колумнисты A A

Putinin Qarabağla bağlı bugünkü açıqlaması, xüsusən də onun vaxtilə “sülh anlaşması” naminə Qarabağla birgə Laçın və Kəlbəcərin də Ermənistana peşkəş edilməsi haqda sensasion sözləri (sanki bu torpaqların yiyəsi yoxmuş!) üstəgəl, Nikol Paşinyanın ərazi bütövlüyümüzü tanımasını təəssüfedici tonda vurğulaması yerdə qalan bütün “i”lərin üzərinə nöqtələri qoydu. ATƏT-in bədnam “Minsk Qrupu “üçlüsü”nün nə dərəcədə vicdansız bir təsisat olduğunu, 27-28 il ərzində de-fakto işğalı legitimləşdirməklə məşğul olduğunu yenidən gözlərimiz önünə sərdi.

Sözsüz, indiki kimi, o vaxt da Rusiyanın əsas hədəfi konfliktin kardinal və ədalətli həlli-zadı olmayıb. Sadəcə, tərəflərə hansısa sənədi imzalatdırıb bölgəyə tez-bazar “sülhməramlı” adı altında öz hərbi qüvvələrini gətirmək məqsədi güdüb. Necə ki, 44 günlük müharibənin sonunda buna qismən nail oldu. Və dərhal da 10 noyabr (2020) sənədi ilə öz üzərinə götürdüyü öhdəlikləri unutdu.

Söhbət özəlliklə kapitulyasiya aktının 4-cü bəndindən gedir. Moskva nəinki bu bəndi unutdu, üstəlik, Rusiya hərbi kontingenti Qarabağ torpağına ayaq basar-basmaz, qanunsuz silahlı dəstələrlə “qol-boyun” oldu, onların əsas qarantına çevrildi. Bunun ardınca Rusiya rəsmilərinin 10 noyabr sənədinin “Laçın dəhlizi”nı aid hissəsinə istinad edib də tez-tez yolun açılmasını tələb eləməsi siyasi riyakarlıqdan savayı bir şey deyil...

Diqqət edin, 16 gündür Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin ərzaqla dolu yük avtomobilləri Ağdam yolunda gözləyir. Guya separatçı ünsürlər imkan vermir. Amma yolu kəsən separatçılar kimin diktəsi ilə hərəkət edir, kimin adamlarıdır? Moskvanın Qarabağa iki il öncə atdığı desant, erməni oliqarx-dələduz Ruben Vardanyanın!

Rusiyanın ona göz ağartması kifayətdir ki, erməni iti özünü yığışdırsın. Amma ağartmır. Çünki Kreml bölgədə hərbi varlığını uzatmaq üçün həmişəki kimi çoxbaşlı, qəliz və çirkin oyun oynayır. “Dovşana qaç, tazıya tut” deyir. “Bulanıq suda balıq tutmaq” istəyir.

Doğrudur, Bakı və İrəvan arasında ABŞ və Avropa Birliyinin vasitəçiliyi ideal deyil. Amma kim nə deyir-desin, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına ən böyük maneə məhz Rusiyadır və əfsus ki, Rusiya olaraq da qalacaq. Hər şey qırağa, Moskva rəsmilərinin az qala, hər gün N.Paşinyanı ölkəmizin ərazi bütöylüyünü tanımaqda ittiham eləməsi buna zərrəcə şəkk-şübhə saxlamır...

Yeri gəlmişkən, Rusiya hələ də “Şeytan yuvası”ndakı 9 sentyabr “prezident seçkisi”ni pisləməyib. Fransa kimi! Ancaq ABŞ, Avropa Birliyi bunu elədi. Vaşinqton və Brüssel ərazi bütövlüyümüzü birmənalı dəstəklədi. Bu gün həmçinin BMT sözçüsü oxşar açıqlama yayaraq, “seçkiləri” qeyri-legitim elan edib. Hətta Paşinyanın özü bu “seçkilər”i faktiki surətdə qınayıb.

Azərbaycanla Moskva Bəyannaməsi imzalayan Rusiya isə səsini çıxarmır. Hamıdan qabaq bunu eləmək, analoji mövqe sərgiləmək, separatizmi pisləmək əvəzinə, Kreml hələ də Paşinyana Azərbaycanın ərazi bütövlüyünü tanımasını bağışlaya bilmir! Ona görə ki, Nikol bununla Moskvanın planlarını pozub, onun “parçala, hökm sür” siyasətini çətinə salıb, Putinin etiraf elədiyi kimi, status söhbətini qapadıb. Axı Moskva statusu gələcək nəsillərə saxlamaq istəyir(di).

Yəni aydın olur ki, həmin o status Qarabağdakı bir ovuc ermənidən çox, Moskvanın özünə lazım imiş. Nəyə görə? Səbəbi yazdıq...

Odur ki, işimizi möhkəm tutmalı, ilk növbədə Rusiya təhlükəsini nəzərə almalıyıq. Çünki XXI əsrdə də beynəlxalq hüquq hərləməyən bu dövlət imperiya siyasətindən əl çəkməyib. Çəkənə oxşamır. İmperiyanı saxlamaq naminə slavyan qardaşları Ukrayna xalqının başına oyunlar açan Rusiya qeyri-slavyan, qeyri-xristian xalqlara nə baxır?

Sonda istiqlalımızın banisi, böyük M.Ə.Rəsulzadənin peyğəmbərcəsinə söylədiyi bir fikri xatırlatmağın yeri var: “Rusiya kiçilib öz tarixi torpaqlarına sığınmayanadək dünya xalqlarına rahatlıq yoxdur”.

İllah da qonşu xalqlara...

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости