Свобода людям, независимость нациям!

Qarabağda amnistiyaya düşən erməni qalacaqmı? – Əlbir olub İvanla Ruben...

1133 18.08.2023 14:18 Колумнисты A A

Bizim Qarabağda görməli olduğumuz iki böyük işimiz var. Bu, heç də Böyük Qayıdışdan az önəmli deyil. Hətta ondan daha vacib hədəflərdir. Biri 11 minlik qanunsuz silahlı dəstələri bacardıqca tez zərərsizləşdirmək, digəri uzağı, 2025-ci ilin noyabrınadək Rusiya bədməramlı qüvvələri ərazimizdən çıxarmaqdır.

Xüsusən də söhbət rus hərbi kontingentini qan-qadasız, xoşluqla yola salmaqdan gedir. Çünki “Divin canı şüşədə olduğu” kimi, separatçıların və separatizmin varlığı da rus hərbi kontingentinə bağlı...

Niyə bu iki məsələ köçkünlərimizin öz dədə-baba yurdlarına geri dönüşü və Qarabağda bərpa-quruculuq işlərindən öndə gəlir? Çünki Dədə Qorqud nəsihəti var: “Torpağı qoruya bilmədinsə, əkib-becərməyə dəyməz...”

Sözsüz ki, Ordumuz güclüdür, müzəffərdir, bütün döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Amma və lakin silahlı qüvvələrimizin əsas təyinatı xarici düşmənə qarşı sipər olmaq, sərhədlərimizi mühafizə etmək olmalıdır. Təbii ki, qulağımızın dibində, nəzarətimizdən müvəqqəti kənarda olan torpaqlarmızda özünü ordu sayan bandit birləşmələri mövcuddursa, onların Rusiya hərbçiləri simasında himayədarı, təlimatçıları varsa və ən betəri, bu hərbi kontingent separatizmin baş qarantı rolundadırsa, vəziyyət dəyişir.

Biz necə rahat yata bilərik ki, rus İvanla silahlı quldur Akop azad edilmiş ərazilərimizə qayıtmış dinc əhalimiz üçün daim potensial təhlükə, təhdid mənbəyi olsun? Onu da yaddan çıxarmayaq ki, Rusiyanın da Qarabağdakı gücü separatçılara bağlı: proporsional şəkildə – 50:50-yə. Yəni “ət-dırnaq” məsələsi. Biri yoxsa, o biri də varlığını mütləq itirəcək...

Baxın, Moskvanın Qarabağdakı “desantı”, iki ildir torpağımızda Azərbaycan dövlətinə meydan oxuyan, hətta bir neçə gün qabaq Prezidenti və ailəsini terrorla hədələyən erməni oliqarx-dələduz Ruben Vardanyan kimə arxayındır? Əlbəttə ki, “sülhməramlı” İvana.

Eyni qaydada Moskva vardanyanların vasitəsilə bölgədə öz hərbi mövcudluğunu sürdürmək üçün belə kriminal ünsürlərdən istifadə edir - Azərbaycan türmələrinin darıxdığı rubenlərdən. “Əl əli yuyar, əllər də üzü” məsəli.

İndi də Vardanyanın gənc erməniləri Azərbaycan əleyhinə qaldırmaq üçün silahlandırdığı haqda xəbərlər gəlir. Sizcə, 10 noyabr (2020) sənədinin 4-cü bəndinin üç ildir yerinə yetirməyən Rusiya, onun Xocalıdakı hərbi kontingentinin komandanlığı bundan bixəbər ola bilər? Qətiyyən.

Məgər Moskvada bunu da bilmirlər ki, Qarabağdakı qanunsuz silahlı dəstələr, dövlətimizi saya saymayan, əhalimizi, ölkə Prezidentini hədələyən vardanyanlar Ordumuzun legitim hədəfləridir? Bal kimi bilirlər. Demək, dinc quruculuq işləri, Böyük qayıdış öz yerində, Dədə Qorqud öyüdünü də hər gün xatırlamalıyıq. Yoxsa Allah eləməmiş, əziyyətimiz hədərə gedər.

Ermənilərin (Ermənistan + oyuncaq rejim + erməni lobbisi) BMT fiaskosu və iflası bu xüsusda əl-qolumuzu bir az da açır. Qalır yeni fürsətdən təcrübəli plastik cərrah kimi incə şəkildə yararlanmaq...

Yeri gəlmişkən, BMT TŞ-nin məlum iclasında Rusiya əsla bizim qara qaş-gözümüzə görə pozitiv mövqe tutmayıb. Sadəcə, onun ayrı yolu, çarəsi yox idi. Moskva hesablayıb pis variantlardan “ən yaxşısı”nı seçib. Yəni ən əvvəl öz maraqları naminə buna gedib. Onun Qarabağdakı hədəfləri isə öz yerində, dəyişməzdir.

Elə olmasaydı, Rusiya BMT TŞ-nin toplantısından sonra qanunsuz dəstələrin tərk-silah edilməsinə başlayar, rus hərbi texnikasının separatçıların hərbi yüklərini müşayiət eləməsinə, erməni quldurların ərazimizdə səngər qazıyıb təzə “cəbhə xətti” çəkmək cəhdlərinə son qoyardı. Ancaq yenə tərsini görürük. “Yük” öz köhnə yerində”.

Üstəgəl, rus bədməramlıların gözü qarşısında indi də Kremlin “desantı”, erməni köpəyi Ruben gəncləri hərbi təlimlərə cəlb edir, Ordumuza qarşı təxribat planlarına bütün erməni əhalinin cəlb eləməyə çalışır. Ki, gələcəkdə amnistiyaya düşəcək bir erməni qalmasın. Düşmənçilik davam eləsin, re-inteqrasiya əlçatmaz olsun. Məgər Kremlin istəyi də elə bu deyil?..

Demək, “Div”in canını birdəfəlik almaq üçün uzağı 2025-də “şüşə”ni sındırmaq, rus hərbçilərini evlərinə - Rusiyaya göndərmək lazımdır! Tez də mümkündür. Hər halda, 10 noyabr üçtərəfli kapitulyasiya aktının 4-cü bəndini heç kim ləğv etməyib.

Daha bir səbəbə tələsməliyik: o dövlət tam müstəqil sayılır ki, onun ərazisində xarici silahlı qüvvə, hərbi baza yoxdur. Doğru, nə vaxtsa Şuşa Bəyannaməsinin, milli maraqlarımızın diktəsi ilə Türkiyənin 1-2 bazası ölkəmizdə yerləşə bilər. Amma Türkiyə bizə yad məmləkət sayılmaz ki. Bu, qardaş dövlətin, qanbir canbir xalqın ordusu. O üzdən müstəqilliyimizə zərrəcə xələl gəlməz. Əksinə, onu gücləndirər. İvan-Ruben ittifaqı isə daha tez dağılar, millətimiz və dövlətimiz əleyhinə məkrli oyunlar tez pozular...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости