Свобода людям, независимость нациям!

Putinin su üzərinə atılan imzaları – Ərdoğandan inciyib, Zelenskinin 1-2 nüvə başlığı olsaydı...

2489 09.07.2023 01:40 Колумнисты A A

Rusiya rəhbərliyi deyəsən Türkiyədən, Ərdoğandan əməllicə inciyib. Ona görə yox ki, qardaş dövlətin başçısı ukraynalı həmkarı Volodimir Zelenski ilə İstanbulda dünənki görüşü zamanı “Ukrayna NATO-a üzvlüyü haqq edib” söyləyib. Bu öz yerində. Sən demə, daha ciddi səbəb varmış.

Söhbət səfərin yekununda Zelenskinin Türkiyədə müvəqqəti sığınacaq tapan “Azov” rəhbərlərini də özü ilə bərabər ölkəsinə aparmasından gedir. Putinin mətbuat katibi Dmitri Peskov bunu mövcud razılaşmaların pozulması kimi qiymətləndirib.

azov son.jpeg (47 KB)

Sitat: “Azovçuların liderlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin birbaşa pozulmasından başqa bir şey deyil. Üstəlik, bu halda şərtləri həm Ukrayna, həm də Türkiyə pozub”.

Kreml sözçüsü qeyd edib ki, “Azov” batalyonunun rəhbərlərinin Türkiyədən Ukraynaya köçürülməsi barədə Rusiyaya heç kim məlumat verməyib. “Razılaşmaların şərtlərinə görə isə onlar münaqişə bitənədək Türkiyə ərazisində qalmalı idilər”, - Peskov gileylənib və bununla təbii ki, Kreml rəhbərinin mövqeyini ifadə edib.

Tarixin kinayəsinə bax. Rusiyanın özü guya imza atdığı beynəlxalq anlaşmalara, iki və çoxtərəfli sənədlərə hörmət və əməl edirmiş. Yalnız bir neçəsini xatırladacağıq.

Moskva ikinci ildir qonşu Ukraynaya qarşı işğalçılıq müharibəsi aparır. Halbuki 1995-ci il Budapeşt Memorandumuna əsasən nüvə başlıqlarını Rusiyaya təhvil verməyin qarşılığında Moskva Ukraynanın suverenliyi və ərazi bütövlüyünə zəmanət verib. Yazılı!

Kiyev sözündə durub nüvə başlıqlarının hamısını Rusiyaya göndərdi. Moskva isə vədinə xilaf çıxdı. Öz imzasına tüpürdü. Keşkə, Ukrayna bir-iki atom başlığını özündə saxlayaydı. Onda bəlkə heç Rusiya hərbi təcavüzə cəsarətlənməzdi...

Gələk indi Azərbaycana.

10 noyabr (2020) Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli kapitulyasiya bəyanatının 4-cü bəndini Rusiya üçüncü ildir nümayişkaranə şəkildə, abırsızcasına yerinə yetirmir – qanunsuz erməni silahlı dəstələri, quldur-banditlər bu gün də Qarabağda özlərini sərbəst hiss edir, Azərbaycana meydan sulayır, hətta vaxtaşırı hərbi postlarımızı atəşə tuturlar.

Hələ üstəlik, “sülhməramlılar” onlara hər cür köməklik göstərir, silah-sursatla təchiz edirlər. Rusiya Müdafiə Nazirliyi isə üç ildir yaydığı bülletenlərdə utanıb-eləmədən silahlı separatçıları faktiki legitim hərbi birləşmələr, yəni az qala, qanuni ordu kimi bizə təqdim edir.

Yaxud Putinin imzası duran digər sənəd - 22 fevral (2022) Moskva Bəyannaməsi. Bəlkə də Moskvada Moskva Bəyannaməsini çoxdan unudublar. Amma nahaq yerə. Həmin sənədin ikicə bəndini Kreml başçısının sözçüsü Peskovun yadına salmaq lap yerinə düşər.

Bənd 1. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

Bənd 18. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.

Hanı bəs? Biz bütün bunların tam əksini görürük...

Odur ki, qospoda! Öncə öz gözünüzdəki tiri götürün. Ardınca ya olduğunuz kimi görünün, ya da göründüyünüz kimi olun. Və özünüzə rəva bilmədiyinizi başqasına da görməyin. Nəhayət, atdığınız imzaya hörmət edin. Su üzərinə imza atmırsınız e...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости