Свобода людям, независимость нациям!

Putin ondan niyə qorxdu?

3299 11.02.2024 21:58 Колумнисты A A

İLK YAYIMLANMA SAATI: 12:05

Rusiyada martın 15-17-ə təyin edilmiş prezident seçkisi ilə bağlı bəzi qənaətlərin altını artıq indidən cızmaq olar. Ondan başlayaq ki, qarşıdakı seçkidə prezident Vladimir Putinin real alternativsiz qalması üçün ölkə MSK-sı hər şeyi etdi. Hətta az-çox müxalif söz deyə biləcək keçmiş deputat, bir elə tanınmayan Boris Nadejdinin də namizədliyi qeydə alınmadı.

Maraqlıdır ki, baş verənlərin fonunda Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğuya əsasən (29 yanvar - 4 fevral), seçki bu gün olsaydı, Putin 75% səs alardı. Yaxşı, madam Kreml rəhbərinə belə yüksək etimad var, o zaman niyə Nadejdin seçkiyə buraxılmadı? Öz ictimai imicinə əmin olan dövlət rəhbəri nədən ortabab bir müxalifətçi ilə üz-üzə gəlmək istəməyib? (Mart seçkisində Putinin “rəqibləri” Dumadakı müxtəlif partiyaları təmsil edən 3 loyal deputat olacaq). Belə çıxır, sorğu reallığı əks etdirmir...

Yada salaq, B.Nadejdin deyirdi ki, Ukraynanın işğalı “fəlakətli səhv” olub. O, Putini “davamlı gələcək qurmaq əvəzinə, ölkəni keçmişə sürükləməkdə” suçlayır, müharibəni iki slavyan və qardaş xalq üçün ləyaqətli şəkildə bitirməyi vəd edirdi.

Yeri gəlmişkən, Azərbaycanda əksi idi. Özünü müxalifət sayan istənilən şəxs, siyasətçi 7 fevral seçkisinə qatıla bilərdi. Hamısı da qeydə alınacaqdı. Zira, namizədinin reytinqinə əmin olan hakimiyyət üçün ciddi rəqib problemi mövcud deyildi...

Məsələ də ondadır ki, tezliklə 2 ili tamamlanacaq və hələ ki, sonu görünməyən dağıdıcı müharibəyə, bütövlükdə Rusiyanın düşdüyü Ukrayna bataqlığına görə və bunun sonucu kimi ölkədə yaşayış şərtlərinin ağırlaşmasına görə Putinə 75%-lik rəğbət ola bilməz. Bu məntiqdən kənardır. Rusiya liderinin amerikalı jurnalist Taker Karlsona son müsahibədəki ritorikadan da bunu sezmək olardı. Kreml başçısı özünü nə qədər məmnun göstərməyə çalışsa da, gizlədilməsi çətin olan xəfif bir narahatlıq içində idi və sanki müharibədən yorulmuş kimi Qərbdən sülh ricası edirdi. Bir az da incik şəkildə.

Doğru, Rusiyanın hərbi-sənaye kompleksi hələ bir müddət silah-sursat istehsal edə bilər. Amma sonsuza qədər yox. Axı bu ölkənin ÜDM-si Qərbin toplam ÜDM-dən on dəfələrlə (!) kiçikdir. Yəni əgər kollektiv Qərb Ukrayna münasibətdə nəhayət, pərakəndəlikdən qurtulub Kiyevə ciddi şəkildə hərbi kömək göstərməyə girişsə və o da öz iqtisadiyyatını müharibə relsinə kökləsə, şimal qonşumuzun silahlanma yarışında rəqabətə tab gətirmək şansı yoxdur. Rusiya SSRİ-dən qüdrətli olmayacaq ki. O halda yalnız Çin onu böhtanlı vəziyyətdən çıxara bilər ki, buna da Pekin getməz.

Onu da unutmayaq ki, Qərbin 2 ildə Ukraynaya ayırdığı dəstəyin həcmi onun ÜDM-si ilə müqayisədə qəpik-quruşdur. Üstəlik, Ukrayna Qərb üçün “anklav dövlət” sayılmaz. Onun Avropa ilə, NATO ölkələri ilə birbaşa, böyük quru sərhədi var. Ayrı sözlə, NATO silahlarının münaqişə zonasına çatdırılmasında hər hansı logistik əngəl yoxdur. Rusiyanın işini qəlizləşdirən və tələsməyə vadar edən yəqin ki, həm də budur...

Əslində Putinin sülh istəyi ən əvvəl belə bir əndişədən - müharibənin illərlə uzana biləcəyi qorxusundan qaynaqlanır. Çünki Azərbaycandan fərqli olaraq, Rusiya azadlıq yox, işğalçılıq müharibəsi aparır. 2-ci Dünya savaşındakı kimi heç kim Rusiyaya, rus xalqına hücum etməyib. Tam tərsinədir. Bu o deməkdir ki, bir qonşuya, özü də slavyan qonşuya qarşı müharibəni davam etdirmək üçün daxildə ideoloji-təbliğat bazası zəifdir və sırf imperiyanı təzədən böyütmək istəyənlərin hikkəsinə bağlıdır.

O səbəbə ölkədə “fors major” vəziyyətdə ümumi səfərbərlik riskli ola, gözlənilən effekti verməyə bilər. Hamıdan yaxşı bunun fərqində elə peşəkar kəşfiyyatçı Putinin özüdür. O, mərkəzdənqaçma meyllərinin həmişə güclü olduğu çoxmillətli Rusiya toplumunda, federasiya subyektlərində real əhvaldan bixəbər ola bilməz. Bu vı digər amillərə görə Moskva “əlindəkinə” qane olub da onu tələm-tələsik Kiyevə, Qərbin əsas paytaxtlarına qəbul etdirmək, rəsmiləşdirmək istəyir.

Əlbəttə, çox şey Ukrayna xalqının mövqeyindən və qərarından asılı olacaq. Əgər Ukrayna da Azərbaycan kimi atəşkəsə getməyə rəğmən, işğalla barışmazsa, zamanla toparlanıb daha güclü, daha müasir (5-ci, 6-cı nəsil) ordu quraraq torpaqlarının böyük hissəsini, bəlkə də hamısını geri qaytara bilər. Beynəlxalq hüquq buna imkan verir. Əsas odur xalq təcavüzlə barışmasın. Hələ biz ilhaq edilən ərazilərdə partizan (diversiya) müharibəsini demirik. Hər halda ukraynalılar bu sahədə çox təcrübəli hesab olunurlar...

Qərbin guya böyük nüvə arsenalı səbəbilə Rusiyanın uduzmasını, dağılmasını istəməməsi haqda iddialara gəlincə, eyni arsenal SSRİ-də də olub. Ancaq bu, “qırmızı imperiya”nın indiki Rusiya ərazisinədək kiçilməsinə mane olmadı. Rusiya rəsmilərinin nüvə təhdidləri isə təhdiddən başqa bir şey deyil. Çünki “dəyənəyin” iki tərəfi var. Heç kəs kütləvi qırğın silahının tətbiqini, belə dəhşətli bəşəri cinayəti cavabsız buraxmaz, rusa bağışlamaz. Bu Rusiyanın və rus xalqının sonunu gətirər. Rus xalqı, onun generaliteti isə yəqin ki, bir-iki nəfərə görə intihara razı olmaz.

Müxtəsəri, istəsələr, yenə nüvə başlıqlarına nəzarətin bir yolunu tapacaqlar, əgər təbii ki, Qərb, özəlliklə onun əsas dövləti ABŞ Ukrayna məsələsində ikiüzlülük eləməsə, sözünün üstündə dursa...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости