Свобода людям, независимость нациям!

Paşinyan qədər də olmayan Bay Kamalın saxta demokratlığı

1880 29.05.2023 12:15 Колумнисты A A


Türkiyə tarixində ən həyəcanlı, ən dramatik seçkilər arxada qaldı. Qardaş ölkənin müdrik xalqı yenə “Ərdoğanla yola davam” dedi. Kritik tarixi məqamda yeganə doğru olanı elədi və Cümhuriyyətin 100 illiyinə öz “möhür”ünü basdı. Yaxşı mənada təbii ki.

Düzdür, elektoratın çox mühüm bir kəsimi - təqribən yarıdan bir qədər azı müxalifətin vahid namizədini dəstəklədi. Bu, Ərdoğanın qələbəsinə mane olmasa da, onun növbəti müddətdə narazılar da daxil, bütün cəmiyyəti daha bərk-bərk qucaqlamalı olduğunu diktə edir. Zatən, Türkiyə lideri ötən gecə bunun anonsunu verdi...

AKP rəhbəri sözsüz ki, cəmiyyətin irili-xırdalı, köhnə-təzə problemlərinin sürətli çözümü üçün yeni, daha effektli və daha çevik “yol xəritəsi” hazırlamalı, daha işlək komanda qurmalı olacaq. Özü də bunu mövcud xarici amillər və təhdidlər, mürəkkəb regional və qlobal şərtlər fonunda reallaşdırmalıdır. Ərdoğanın xarizmasını və təcrübəli bir dövlət adamı olduğunu, siyasi və intellektual bacarığını, strateji düşüncə qabiliyyətini nəzərə alsaq, əminik ki, belə də olacaq.

Son seçkilər şübhə yox ki, həm də Türkiyənin beynəlxalq miqyasda demokratik, azad seçkilərin keçirildiyi dövlət imicini əhəmiyyətıi şəkildə möhkəmlətdi. Bu da az önəm kəsb eləmir və qardaş ölkə liderinin uğurlu xarici siyasət aparmasında onun əlini gücləndirəcək. 28 may seçkiləri eyni zamanda, Türk dünyası üçün bənzərsiz örnək rolundadır. Qardaş məmləkət demokratiya, azad seçkilər məsələsində də “lokomotiv” statusunu isbatladı...

Artıq dünyanın dörd bir yanından, həmçinin Qərb dünyasından Ərdoğana təbrik məktubları və zəngləri gəlir. Onların arasında az qala ona nifrət edən Qərb liderləri də var – Emmanuel Makron, Co Bayden kimi. Nə edəsən, əlahəzrət fakt, halal qələbə, sərt gerçəklik başqa şeydir.

Türkiyənin yeni prezidentini ölkə müxalifətini təmsil edən ayrı-ayrı partiya sədrləri (M. Akşənər, M.İncə ) də təbrik edib. Əfsus ki qanqaraldıcı məqamlar da yox deyil. Biri və birincisi Kamal Kılıçdaroğlunun özündə cəsarət tapıb hələ də Ərdoğanı təbrik eləməməsidir. Halbuki rəsmi nəticələr gözlənilmədən ilk təbrik məhz Bay Kamaldan gəlməli idi, Azərbaycan Prezidenti İlham Əliyevdən yox. Zira, bu bir etiket qaydası, demokratiya, seçki yarışı mədəniyyətinin, elementar siyasi mədəniyyətin diktə elədiyi bir davranış. Hətta idman mübarizəsində də məğlub qalibin əlini sıxır...

Kılıçdaroğlu isə nə yazıq ki, hətta qalibi təbrik edənlərin ilk sırasında yer alan Nikol Paşinyan qədər də olmadı. Bunu etməyə nəinki özündə cəsarət tapmadı, üstəlik, utanmazcasına seçkinin nəticələrini dolayısıyla şübhə altına alıb milli iradəni aşağıladı, ölkədə qarışıqlıq yaratmağa cəhd elədi. 28 may seçkilərini “ölkə tarixinin ən ədalətsiz dönəmlərindən biri” adlandırmaqla!

Niyə? Mütləq sən qalib olmalıydın ki, nəticələr ədalətli sayılsın? Gərək siyasət adamı kimi nə qədər kiçilib cılızlaşasan ki, öz məğlubiyyətini bu cür “maskirovka” eləyəsən. Belə çıxır, bütün dünya, Türkiyə bir yanadır, Bay Kamal və onun “ədaləti” bir yana.

Ancaq partiyadaşlarının onun mövqeyini bölüşdüyünə inanmırıq. Bunu CHP üzvlərinin Kılıçdaroğlunun istefasını tələb eləməyə başlaması da sübut edir. Əslində, Bay Kamalda bir azca ləyaqət hissi olsaydı, ahıl yaşını və indiyədək girdiyi bütün seçkiləri uduzan uğursuz lider olmasını ciddiyə alıb da məğlubiyyətdən sonra sədrlikdən dərhal istefa verərdi. Beləcə, partiyada daha perspektivli, gənc və enerjili simaların yolunu açardı, daha istefa tələbləri ilə üzləşməzdi.

Onsuz da uzağı növbəti və ya növbədənkənar qurultayda CHP üzvləri onu təzədən partiya başqanı seçməyəcək. Bay Kamal bunu da proqnoz edə bilmirsə, növbəti yanlışıdır. Demək, onu daha bir rüsvayçılıq gözləyir. Çünki idman kimi, siyasətdən də vaxtında çəkilmək lazımdır. Urvatlı, üzüsulu şəkildə. Nəinki qovulmağını gözləmək...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости