Свобода людям, независимость нациям!

Paşinyan Makron və Baydeni belə dolayır – Nikolun qulağını buracaqlarmı?

1511 17.01.2024 14:54 Колумнисты A A

Hələ Köçəryan-Sərkisyan dönəmindən Ermənistanın əsas hədəfi bu olub ki, onun bir “əli”ndən Rusiya, digərindən də ABŞ-ın başçılıq elədiyi varlı-imkanlı Qərb tutsun. Yaxın tarixdən məlumdur ki, xüsusən eks-prezident, Xocalı hərbi canisi Serj Sərkisyan buna ciddi səylər göstərib.

Lakin Sərkisyanın düz on il qabaq - 2014-cı ildə Avropa Birliyi ilə bəh-bəhlə “Tərəfdaşlıq sazişi” imzalamaq istəyinin nə ilə sonuclandığı bəlli. Kremlin yüngül “göz ağartması” ilə Serjik dərhal Moskvaya qaçdı və Ermənistanı Putinin layihələri olan, Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına qoşdu (“Rus NATO-su”na -KTMT-yə kapitulyant ölkə daha əvvəl üzv olub).

Az sonra – 2018-ci ildə qonşu ölkədə “məxməri inqilab” baş verdi və “qərbçi” Nikol Paşinyan komandası iqtidar oldu. Ancaq maraqlıdır ki, sələflərinə nifrət edən Nikol Vovayeviç “iki əl, yaxud “iki stul” siyasətindən vaz keçmədi. Hərgah 6 ildir özünü sadiq qərbçi kimi ABŞ-ın lokomotiv olduğu Qərbə sırımağa çalışır, sonuncudan cürbəcür imtiyazlar, maddi-hərbi “bonuslar” umur. İnsafən, ənənəvi erməni yalan-palanı hesabına bəzi simvolik uğurları da var...

Gerçək belədir ki, tipik erməni nankorluğu və məkrindən qaynaqlanan “iki stul” siyasəti İrəvanın zaman-zaman səsləndirdiyi qərbçi bəyanatlara baxmayaraq, 44 günlük müharibədən sonra da səngiməyib. Bu yerdə yada salaq, Ermənistan 33 ildir guya müstəqildir, di gəl, işğaldan azad edilən yeni sərhədlər qismən istisna olmaqla, onun xarici sərhədlərini indiyədək ermənilər yox, əsasən rus əsgərləri (“FSB”-FTX) qoruyur. İrəvan beynəlxalq hava limanında yoxlamaları da ruslar həyata keçirir.

Həmçinin Rusiyanın Gümrüdə və İrəvanda (aviasiya) bazaları cağbacaq yerindədir. Üstəgəl, Metsamor AES rusların nəzarəti altında istismar edilir, ümumiyyətlə ölkənin iqtisadi-energetik sferası, təhlükəsizlik sistemi günü bu gün də bütünlüklə Moskvanın inhisarındadır. O sırada Rusiyadan təbii qaz asılılığı dəyişməz qalır.

Sözü ona gətiririk ki, Paşinyanın vəd elədiyinin ziddinə olaraq, 5 il yarımda Ermənistan Kremlin orbitindən faktiki uzaqlaşmayıb. Yalnızca Azərbaycanla sərhədə Avropa İttifaqının yarım-hərbi müşahidə missiyasını gətirməklə, Hindistan və Fransadan bəzi silahlar almaqla və bir də ölkədə anti-Rusiya ovqatını körükləməklə Moskvada əlavə qıcıq yarada bilib. Qərb, öncəliklə Qərbin “ürəyi” sayılan ABŞ isə İrəvandan ayrı şey tələb edir və narazıdır. Öz aramızdır, haqları var. Çünki siyasət də səmimiliyi, dürüstlüyü sevir, nəinki riyakarlığı və simasızlığı...

Dünən isə xəbər yayılıb ki, Ermənistan Hindistan və Fransanın ardınca təzədən Rusiyadan silah-sursat alıb. Yerli medianın yazdığına görə, silahların ilk partiyası artıq Ermənistandadır. Bu barədə “Azadlıq” radiosuna danışan hakim “Mülki Müqavilə” partiyasından deputat, parlamentin Müdafiə komissiyasının üzvü Qaqik Melkonyan deyib ki, yük Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana təhvil verilib.

Hərçənd bu dəqiqə Rusiyanın özünün Ukraynadakı işğalçı müharibəni davam etdirmək üçün silah-sursata, özəlliklə mərmilərə ciddi ehtiyaclı var. Moskva hərbi ehtiyaclarını ödəmək üçün aylardır hətta BMT TŞ-nin sanksiyalarını pozaraq, Şimali Koreyadan, İrandan sursat, dronlar almaqdadır. Görünür Kreml “qulpsuz çamadan”ı – Ermənistanı birdəfəlik atıb başından eləmək də istəmir.

Odur ki, gözləyək görək kollektiv Qərbin, yəni Amerika və Avropa Birliyinin “qərbçi” İrəvanın silah hoqqalarına reaksiyası nə olacaq? Nikolun Makron və Baydenin qulağından “lapşa” (əriştə) asıb onları dolamasına çoxmu dözəcəklər, yoxsa “məxməri” baş nazirin qulağını, nəhayət ki, yaxşıca dartacaqlar...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости