Свобода людям, независимость нациям!

İnsanı şərləyib sonra dəstəmaz almaq – Fərid Səfərlini həbsdə saxlayanlarla Quranı yandıranın fərqi

1370 25.06.2023 21:48 Колумнисты A A

Suçsuz bir adama böhtan atmaq, onu şərləyib zindana salmaq islamda çox böyük günahlardan sayılır. İman adamları bilir, bunun nəinki dünyada, Axirətdə də ağır bədəli var. Şəriətə görə, azı 4 şahid lazımdır ki, insanı nədəsə ittiham edəsən.

Bəs özünü “islam respublikası” sayan İranda azərbaycanlı gənc Fərid Səfərliyə qarşı “casusluq” tamaşasının quruluşçu “rejissorları” və ssenaristləri bunun fərqindədirlərmi? Saxta ittiham əsasında bir şəxs haqqında necə cinayət işi açmaq, sonra da heç nə olmayıbmış kimi gedib dəstəmaz alıb namaz qılmaq olar?..

Bu ucuz məhkəmə şousu ətrafında sular artıq durulmağa başlayıb. Anası ilə sonuncu dəfə danışarkən Fərid Səfərli deyib ki, ona qarşı heç bir dəlil-sübut ortaya qoya bilmirlər. Sevdiyi fars əsilli qız və ailəsindən də onun əleyhinə ifadə almaq mümkün olmayıb. Demə, tamaşanı daha inandırıcı, daha maraqlı və dramatik eləmək üçün qızın özünü də həbsə atıbmışlar.

Anasının sözlərinə görə, tezliklə Fərid haqda hökm elan ediləcək. Yəqin ki, ona həbs cəzası kəsiləcək. Əgər bu bizim tanıdığımız əcaib hakimiyyətdirsə, heç bir bəraətdən, azadlıqdan söhbət gedə bilməz. Halbuki, təkrar edirik, həbs cəzası haqda hökm çıxarmaq üçün bircə dəlil belə yoxdur.

O da məlum olub ki, Azərbaycan vətəndaşının İranda qanunsuz saxlanmasının yeganə səbəbi onun bir neçə xarici dili, o cümlədən fars dilini bilməsi və Avropada yaşaması olub. Amma biz eşitmişdik ki, çoxlu dil bilmək insan həyatını asanlaşdırır. Bu da sizə indi əks nümunə...

Heyrətamizdir. Məgər bir neçə xarici dil öyrənmək cinayətdir? Ya bəlkə islamda sevgi haramdır, xəbərimiz yox? Əsla. Peyğəmbərimiz (ə) buyurub ki, “Gec evlənən, yaxud evlənməyən müsəlman mənim ümmətimdən deyil”. Yəni Allah Elçisi müsəlmanları ailə qurmağı təşviq edib (Təbii ki, insandan asılı olmayan hallar istisnadır).

Diqqət edin, burada Peyğəmbər (s) millət adı çəkməyib. Yalnız ümmət. Yəni bir müsəlman azərbaycanlı oğlanla müsəlman fars xanım arasında nikahda heç bir qəbahət ola bilməz.

Amma baxın, iki müsəlman cavanın bir-birinə saf, ülvi hisslərini İran rejimi görün aparıb hansı çirkin niyyətlərə bağlayır, haralara yozur. Bu hansı dinə, imana, kitab-dəftərə sığır görəsən? İslam ədaləti, islam əxlaqı bumu?

Əlbəttə, yox. Bu, olsa-olsa dinimizi, müqəddəs dəyərləri, ümumiyyətlə, insanlığı ələ salmaqdır. İslama qarşı ikrah yaratmaqdır. İsveçdə Quran-Kərimi yandıran o kafir-şərəfsizin hərəkəti ilə Fəridə qarşı məlum haqsızlığı edənlərin davranışında mahiyyətcə nə fərq var ki? Bu da bir növ Qurana hörmətsizlik, onun ayələrinə üsyan eləmək kimi bir şeydir...

Sonra. Peyğəmbər əfəndimiz onu da deyib ki, “nikahınızı bəyan edin”. Yəni gizli saxlamayın. Ola bilsin, Fəridin tək günahı elə öz hisslərini mübhəm saxlaması, heç olmasa, anasına söyləməməsidir. Bəlkə indi vəziyyət bambaşqa olardı. Axı ağıl-ağıldan üstündür deyiblər, “məhəbbətin gözü isə “kor” olur. Üstəgəl, gəncin özünün etiraf elədiyi kimi, fars qız da vəziyyətlə bağlı ondan İrana gəlməməyi xahiş edib.

İstənilən halda, əminik ki, Fərid Səfərli azadlığa çıxacaq. Nə vaxt? Hələlik dəqiq söyləmək çətindir. Dəqiq olan odur ki, bu olay 40 ildən çoxdur müsəlman aləminə özünü aparıcı islam ölkəsi kimi sırımağa çalışan İran rejiminin üzərində növbəti qara ləkə kimi qalacaq. Həm də silinməz ləkə kimi, həmişəlik...

P.S. Amma nəzəri cəhətcə Tehran rejiminin öz səhvini düzəltmək şansı qalır: məhkəmə Fəridi günahsız elan edib sərbəst buraxa, ondan və sonsuz üzüntü yaşatdığı anasından üzr istəyə də bilər. İslama, insanlığa yaraşan tək davranış bu olardı. Nə biləsən, bəlkə möcüzə baş verdi...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости