Свобода людям, независимость нациям!

Ərdoğan hakimiyyətdən gedərsə...

2286 05.04.2024 11:34 Колумнисты A A

 

Sadə vətəndaş düşünür ki, AKP iqtidarı daha potensialını xərcləyib, nəyə gücü çatırsa, ölkə üçün edib, gedərlərsə, Türkiyədə bəlkə fərqli dönəm başlayar, soyuducular ərzaqla dolar və sairə...

Bir neçə il əvvəl başqa bir ölkədə keçirilən nəinki prezident, hətta bələdiyyə seçkilərinin nəticələrini müzakirə edib, narahatlığını dilə gətirsəydin, haqlı olaraq soruşardılar ki, “sənin öz ölkənin dərd-səri yoxmu?” Dünyanın indiki gərgin gündəmində isə heç kim buna təəccüblənmir. Dünyanın “boynuyoğun dövlətləri” məsələn, martda Putinin yenidən Rusiyada prezident seçilməsini istəmirdlər, heç kim buna təəccüblənmədi də, çünki “soyuq müharibə” dövrü qayıdıb. “Soyuq müharibə” dövrünün isə  anlaşılan izahı budur: kim-kiminlə vuruşacaq, kim-kiminlə dost olacaq...

Söhbətin Türkiyədə bələdiyyə seçkilərində AKP-nin son 22 ildən bəri ilk dəfə seçkini uduzmasından getdiyini bildiniz. Türkiyə bizə əlbəttə ki, heç vaxt “başqa ölkə” olmayıb. Bu təkcə din, dil birliyi deyil, ona qalardısa, İran bizim qardaş olardı. Bu əlbəttə ki, “böyük qardaşlıq” da deyil, ona qalsa, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Türkiyədən yaşca  böyükdür . Bu, sevgi əlbəttə ki, “Qalatasaray” və ya “Fənərbaxça” azarkeşliyin ilə başlamayıb, bu, başqa bir doğmalıqdır. Bu, tarixi Çaldıran döyüşünün də dəyişə bilmədiyi uzun hekayədir. Ortaq türkcədə yazmış Hüseyn Cavidin pantürkist adı ilə sürgündə çürüdülməsi, Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı bunun yalnız bir epizodudur...  

Ötən ilin mayında parlament seçkilərində AKP ittifaqı, ikinci turda isə prezident seçkilərində partiyanın başqanı Rəcəb Tayyib Ərdoğan qalib gəldi. Amma hər iki seçkinin nəticələri AKP üçün həyəcan siqnalı idi. 

Ərdoğanın xüsusilə iqtisadi komandada dəyişikliyi ölkədə seçicini məmnun etmədi. “Bəh-bəh”lə əsas lirəyə və maliyyə əməliyyatlarına  cavabdeh olan Mərkəzi  Banka gətirilən qadın rəhbəri qısa müddətdə ona göstərilən etimadı yerə soxdu, bu barədə mediada günlərlə yazıldı, nəhayət “öz ərizəsi ilə işdən ayrılırdı”.  Əməkhaqqı və yaşlılıq pensiyalarına əlavələr isə inflyasiyanı daha da sürətləndirdi.

Ərdoğanın baş nazir və son prezidentliklə birgə 20 illik hakimiyyəti əlbəttə ki, hamar olmayıb. Türkiyə bir çox ağır sınaqlarla üzləşib, yüzlərlə günahsız insan PKK və İŞİD terrorunun qurbanı olub, silahlı hakimiyyət çevrilişinə şahidlik edib. Suriyada müharibə səbəbindən ölkəyə 3 milyon qaçqın axını Türkiyədə bütün sahələrdə əlavə çətinliklər yaradıb, işsizlik artıb və sairə... Üstəlik, zəlzələlər ölkəyə ciddi zərbə vurub, xüsusilə ötən ilin fevralındakı dəhşətli fəlakət Türkiyəyə toparlanmağa imkan vermir. Bəli, iqtisadiyyat böyüyüb, ixrac artıb, xüsusilə müdafiə sənayesi və maşınqayırma  sənayesində inqilabi irəliləyişlərə imza atıb.   

Hakimiyyət  əlbəttə ki, bu illər ərzində ciddi səhvlər də buraxılıb. İdarəetmədə bunu nəticələri daha fəsadlı olub. Məmur korrupsiyası ciddi irəliləyib, məhkəmə hakimiyyətinin əvvəlki obyektivliyi kölgələnib və sairə...Sadə vətəndaş düşünür ki, AKP iqtidarı daha potensialını xərcləyib, nəyə gücü çatırsa, ölkə üçün edib,   gedərlərsə, Türkiyədə bəlkə fərqli dönəm başlayar, soyuducular ərzaqla dolar və sairə...Türkiyənin regional gücə çevrilməsi, sabitlik, PKK ilə mübarizədə uğurlar öz yerində, ölkə vətəndaşının qarnı “sloqanlarla doymur...”

Təcrübəli Ərdoğan AKP üçün təhlükənin fərqindədir. Onun bələdiyyə seçkilərinin nəticələri haqda dedikləri indi ciddi  müzakirə edilir. Amma bu sözləri bir az fərqli Ərdoğan artıq son illər bir neçə dəfə deyib. Partiyada isə dəyişiklik nəzərə çarpmır. Bu bir güclü klubun zəifləməsi ilə müqayisə oluna bilməz, baxmayaraq ki, hakimiyyət də kollektiv “oyundur”. Amma nə olursa-olsun, uğursuzluğa görə həmişə məşqçini günahlandırırlar. Ərdoğan partiyanın son toplantısında “AKP-ni günəş altında əriyə bilən buza” bənzədib. Bu, çox ciddi xəbərdarlıqdır. Əvvəl deyirdilər ki, AKP-də metal yorğunluğu var, indi isə vəziyyət göründüyü kimi, daha ciddidir.   

       

Ərdoğana Əkrəm İmamoğlu şəxsində ciddi rəqib yetişdiyi haqda ilk dəfə hələ 2009-cu ildəki İstanbul seçkilərində danışılmağa başlamışdı. AKP gərək idi ki, o zamandan başlayaraq partiya vitrininə əl gəzdirəydi. Ərdoğan güclü lider və natiqdir. Sinədəftərdir, yeri gələndə üsyankar şair, filosof, adil hökm verəndir, yeri gələndə isə sərtdir. Amma o da faktdır ki, Ərdoğan daha İstanbula rəhbərlik etdiyi yaşda deyil. Baxırsan, son seçkilərdə də Ərdoğandan başqa ortada heç kim yoxdur. Bu qədər təşkilatlanmış, oturuşmuş bir partiyada Ərdoğanın layiqli davamçısı varmı? Olması lazım idi, amma yoxdur! “Bəlkə Ərdoğan özü imkan vermir” deyə, düşünmək də olar. İnandırıcı deyil. Türkiyədə partiyada liderlik ənənəsi bizə bənzəməz. Partiyanın “qapısını bağlayıb” istirahətə çəkilmək çətindir, amma belə “əriyən” partiyalar Türkiyədə olub. Məsələn, bir vaxtlar iqtidar olmuş, indi “yoxa çıxmış” və ya bir neçə yerlərə parçalanmış Ana Vətən Partiyası... 

AKP Ərdoğan fəal siyasətdən çəkildikdən sonra yaşamalıdırsa, partiyaya  mütləq ki, perspektivli lider lazımdır. Həm də elə indi ortada olması gərəkirdi. Xalq elə son seçkilərdə də AKP-yə, Ərdoğandan sonrakı varisi görmədiyinə görə səs vermədi...

Qarşıda 4 il var.  Türkiyə Ərdoğanın liderlik keyfiyyəti sahəsində qarşıdakı iki ildə vəziyyəti düzəltməyə çalışacaq. Ümid edək ki, bu belə də olacaq...Güclü Türkiyə həmişə bizim arzumuzdur...

Nazim SABİROĞLU,
Musavat.com 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости