Свобода людям, независимость нациям!

Ekstradisiya həvəsinin qursaqda qalması

2262 22.02.2024 08:35 Колумнисты A A

5-6 il əvvəl idi, internet resurslarında ermənilərin “Nemezis” adlanan qisas aktları barədə axtarış aparırdım, saytdan-sayta keçərək gəzişmələr edəndə qarşıma bir siyahı çıxdı. Ermənilər tərəfindən tərtib olunmuş bu siyahıda hazırda da sağ-salamat olan azərbaycanlı siyasət adamlarının adları vardı və barələrində hökm verilmişdi: bu adamlar ya tutulub Ermənistana gətirilməlidirlər, ya da öldürülməlidirlər.

İlk baxışda bu bir az qeyri-ciddi görünə biləcək siyahı idi. Amma siyahıda adı olanların hamısı ciddi adamlar idi, xalq hərəkatını iştirakçıları olan, dövlətdə yüksək vəzifələr tutmuş bu şəxslərin “günah”ı o idi ki, 1988-89-cu illərdə Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə qarşı çıxmışdılar və 1992-93-cü illərdə batalyonlar yaradaraq, erməni hərbi birləşmələrinin intensiv hücumlarına müqavimət göstərmişdilər.

Vəssalam. Bu kifayət edirdi ki, ermənilər onlar adlarını “qisas alınacaq şəxslər”in siyahısına salsınlar, bu istiqamətdə təbliğat aparsınlar, adamları hədəf göstərsinlər.

Bu, həyszılığın zirvəsiydi. Təkcə Xocalı qətliamına görə yüzlərlə erməni hərbçinin adını siyahıya almalı olduğumuz halda, onlar qabaqdangəlmişlik etmişdilər.

Əslində biz Robert Koçaryanın, Serj Sarkisyanın, Vazgen Sarkisyanın, Seyran Ohanyanın, Samvel Badalyanın, Manvel Qriqoryanın, Vitali Balasanyanın və onlarca bu tipdən olan hərbi canilərin başına dünya dar etməliydik. Fəqət Avropa dövlətləri və üst-qurumları bu hərbi canilərə ünvanlanmış ittihamları, müvafiq müraciətləri yaxın qoymurdular.

Bu adamlar yüksək dövlət vəzifəsi tuturdular, Avropada yerləri başdan idi, səfərlərə gedirdilər, yüksək səviyyədə qarşılanırdılar.

Biz hər il fevral ayının üçüncü ongünlüyündə Xocalı faciəsinin növbəti ildönümünə aid tədbirlər keçirirdik, beynəlxalq qurumlara müraciətlər ünvanlayırdıq, “Xocalıya ədalət” çağırışları edirdik, amma nə Avropa dövlətləri, nə də beynəlxalq təşkilatlar bu çağırışlara adekvat reaksiya verirdi. Hamısı sakitcə gözləyirdi, fevral bitir, mart gəlirdi, gündəm dəyişirdi.

28-30 il ərzində bizi bu cür yola verdilər. Xocalı qətliamının, bu ağır antibəşəri cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılması yükü öz üstümüzdə qaldı. 3 il 4 ay öncə isə, necə deyərlər, Allah qismətimizi yetirdi. Xocalıda əliyalın insanların üstünə nərildəyən sıravi vəhşilərin bir xeylisi döyüş meydanında gəbərdildi, bəziləri qəhrindən öldü. Bir neçəsini (məsələn, Vazgen Sarkisyanı) ermənilər özləri daxili hesablaşmada öldürmüşdülər. Nəhayət, Laçın yolu ekofəallarımızın və ordumuzun birləşmələrinin nəzarətinə keçəndə vaxtilə xalqımıza qarşı cinayət törətmiş erməni hərbçilər özlərini qapağı örtülmüş qazana düşən siçovul kimi hiss etməyə başladılar.. Ötən ilin sentyabrında keçirilən 1 sutkalıq lokal antiterror əməliyyatından sonra isə “miatsum” avantürasının başında duranların bir xeylisi qandallanaraq Bakıya gətirildi.

Fəqət əsas canilər – Köçaryan, Sarkisyan, Ohanyan isə hələ azadlıqdadır. Sadəcə, onların bəxtinə Paşinyan kimi cəza çıxıb və onların gününü qara edib.

Budur, məlum olur ki, son illərdə ermənilər sosial şəbəklərdə paylaşılan şəkillərdə bizim ictimai-siyasi fəallardan, jurnalistlərdən kimin əynində hərbi forma görüblərsə, kim Şuşada, Laçında şəkil çəkdirib paylaşıbsa, hamısının adını fiksə edib, barəsində axtarış elan ediblər. Yəqin onların siyahısında adlarını öyrənə bildikləri, öz vətəni qarşısında hərbi and içən və ona xidmət edən hərbçilərimiz də var.

Ortada heç bir hərbi cinayət yoxkən, ermənilər iddia edirlər ki, axtarışa verdikləri azərbaycanlılar hərbi cinayət törədiblər. Azərbaycan ordusunun öz ərazisini işğalda azad etməsi, ölkəmizə soxulmuş silahlı düşməni qovması, onların xəstə düşüncəsinə görə, cinayət imiş.

Azərbaycanlıların Ermənistan dövləti tərəfindən axtarışa verilməsi iddianın absurdluğunu göstərir. Belə çıxır ki, Ermənistan Dağlıq Qarabağı öz ərazisi, orada yaşayanları öz vətəndaşı sayırmış və onlara qarşı yol verilən hər hansı bir hərəkətə görə başqalarını cavabdeh saymaq səlahiyyətinə malikdir.

Bu, ona oxşayar ki, sabah Borçalıda Gürcüstan vətəndaşı olan soydaşlarımıza qarşı hər hansı bir hüquqpozma aktı olsa, biz ayrı-ayrı gürcüləri axtarışa verək. Biz buna etirazımızı bildirə bilərik, amma vətəndaşımız olmayan insanlardan ötrü kiminsə həbsini tələb etmək kimi mandatımız yoxdur.

Ermənilər isə ağına-bozuna baxmadan bunu edir, Azərbaycanı Ermənistana təcavüz etməkdə suçlayırlar.

Ancaq çox yaxşı oldu ki, onların Azərbaycan vətəndaşını Rusiyadan almaq cəhdləri baş tutmadı. Çox həvəslənmişdilər, sevincək xəbərlər verir, ittiham aktı-filan hazırlayırdılar. Həvəsləri qursaqlarında qaldı, anlamadılar ki, ruslar onları necə bir oyuna gətirdilər və umsuq etdilər.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости