Свобода людям, независимость нациям!

Diplomatiyamız erməni yalanlarının üzərinə həqiqətlərlə gedir- Ya Praqa, ya Haaqa

1891 09.10.2022 12:22 Колумнисты A A

Bu həftə Azərbaycanın xarici siyasəti bir sıra uğurlu gedişləri ilə yadda qaldı. Ölkə prezidentinin Avropaya ardıcıl iki səfəri, Praqa danışıqları daha çox diqqət mərkəzində oldu. Sülh əldə olunması istiqamətində mühüm addımlar atıldı. Bu prosesin daha bir mərhələsi isə İsveçrənin Cenevrə şəhərində baş tutdu. Və nəticə etibarı ilə Ermənistanı sülhə vadar etmək üçün mühüm diplomatik gediş edildi.

Oktyabrın 6-da Cenevrə şəhərində BMT İnsan Haqları Şurasının 51-ci sessiyası çərçivəsində “Etiraf və barışıq: sülh və ədalət yolunda vətəndaş cəmiyyəti dialoqunun rolu” adlı seminar keçirildi. Daha sonra bu tədbirin nəticəsi olaraq dünyanın tanınan hüquq müdafiəçiləri bəyanat imzalayaraq Ermənistan rəhbərliyini Xocalı soyqırımını tanımağa çağırdı. Bu tədbirin və bəyanatın bir neçə mühüm əhəmiyyəti var. Onları qeyd etməmişdən əvvəl, adıgedən koalisiya və onun üzvləri haqqında bir neçə kəlmə.  

“Xocalı: Barışıq üçün etiraf et” Avropa təşkilatlarının Koalisiyası bu ilin martında təsis olunub. Soyqırım və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə yaradılan Koalisiyaya Avropanın EMİSCO təşkilatı, İnsan Haqları üzrə İtaliya Federasiyası, Vicdan azadlığı Uğrunda Dərnəklərin və Fərdlərin Koordinasiyası (Belçika), Srebrenitsa Anım Mərkəzi Muzeyinin" direktor müavini, ATƏT-in din və geosiyasət üzrə keçmiş şəxsi nümayəndəsi qatılıb.

Sonuncu toplantıda isə “Srebrenitsa Anaları” İctimai Birliyinin sədri, dünya birliyi üçün Srebrenisa soyqırımı qurbanlarının və ədalət çağırışının rəmzinə çevrilmiş,  “Munira ana” kimi tanınan Munira Subaşiç də Koalisiyaya üzv olub.

Tədbirdə əsas məruzəçi kimi çıxış edən “Srebrenitsa Anaları” ictimai birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Munira Subaşiç Srebrenitsa və Xocalı soyqırımı arasında bənzərliyə diqqəti çəkərək təəssüflə qeyd etdi ki, Ermənistan rəhbərliyi Qarabağ münaqişəsi zamanı baş vermiş ən kütləvi qırğına görə məsuliyyəti hələ də qəbul etməyib. Bu isə post – münaqişə dövründə iki xalq arasında dayanıqlı sülhün əldə olunması qarşısında əsas maneələrdən biridir. “Etibar olmadan barışıq ola bilməz, həqiqət təsbit olmadan isə etibar bərqərar ola bilməz” deyən Munira ana Ermənistanı keçmişi ilə hesablaşmağa çağırıb. M.Subaşiç dünyada tanınan və qəbul olunan nüfuzlu hüquq müdafiəçisidir. Onun Xocalı ilə bağlı koalisiyaya qoşulması bu prosesin uğurlu nəticəsinə xidmət edəcək.  

Koalisiyada daha kimlər var?

Koalisiyanın təşəbbüskarı, Soyqırımı və Kütləvi Qırğınlara Qarşı Budapeşt Mərkəzinin sədri Giorgi Tatardır. Georgi Tatar keçmiş diplomat, Macarıstanda və ümumilikdə Avropada tanınmış hüquq müdafiəçisi, vətəndaş cəmiyyəti fəalıdır. Bu Mərkəz dünyada baş vermiş kütləvi qırğınlara mənəvi-hüquqi qiymətin verilməsində ciddi rolu və təcrübəsi olan bir təşkilatdır.

Koalisiyanın daha bir üzvü Fransanın Vicdan Azadlığı Uğurunda Koordinasiya Mərkəzinin prezidenti Tyeri Valledir. Hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəalı Tyeri Valle dünyada tanınan, BMT-də rəsmi akkreditasiyası olan hüquq müdafiə təşkilatına rəhbərlik edir. Onun koalisiyada fəaliyyəti Xocalı soyqırımının Fransada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Koalisiyada həmçinin İtaliya Helsinki Komitəsinin sədri, professor Antonio Stanqo, Danimarka İnsan Hüquqları İnstitutu Şurasının üzvü Başi Qureyşi, Bosniya və Herseqovinanın Srebrennisa Memorial Mərkəzinin direktor müavini Amra Beqiç, Bursa Uludağ Universiteti rektorunun müşaviri, universitetin beynəlxalq akademik münasibətlər üzrə əlaqələndiricisi, ATƏT-in keçmiş şəxsi nümayəndəsi, din və geosiyasət üzrə professor Bülent Şenay təmsil olunur.

Göründüyü kimi, koalisiyada Avropada nüfuzlu hüquq müdafiə təşkilatları və vətəndaş cəmiyyəti fəalları təmsil edilir. Koalisiya yaydığı sonuncu bəyanatda Ermənistan rəhbərliyini Xocalı soyqırımını tanımağa çağırıb. Avropalı hüquq müdafiəçiləri hesab edir ki, Ermənistan rəhbərliyinin Xocalı soyqırımını tanıması iki ölkə arasında sülhün əldə olunmasında vacib addım ola bilər.

Məsələ ondadır ki, son iki ildə, xüsusən də sentyabrda baş verən toqquşmadan sonra ermənilər Azərbaycanı insan haqlarını pozmaqda ittiham edir, beynəlxalq təşkilatlar vasitəsilə bəyanatlar yayaraq Azərbaycanı gözdən salmağa çalışırlar. Erməni lobbisi müxtəlif beynəlxalq təşkilat və ekspertləri bu işə cəlb edərək Azərbaycanı dünyada insan haqlarını pozan, əsirlərə işgəncə verən ölkə kimi təqdim etməyə çalışır.

Bütün bunların fonunda bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlarının açıq şəkildə Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi erməni kampaniyasına tutarlı cavabdır. Avropa təşkilatlarının BMT İnsan Haqları Şurası çərçivəsində Xocalı ilə bağlı tədbiri keçirməsi həm də Azərbaycan diplomatiyasının Avropada QHT və insan haqları təşkilatları ilə apardığı işin nəticəsidir. “Xocalı : Barışıq üçün etiraf et” Koalisiyası milli diplomatiyanın Avropada apardığı uğurlu işin nəticəsidir.

Koalisiya və onun başlatdığı prosesin bir neçə cəhətdən faydası var.

İlk növbədə bu cür tədbirlər bir daha xatırladır ki, hər iki Qarabağ müharibəsi dövründə insanlığa qarşı törədilmiş ən böyük cinayət hadisəsi Ermənistan qüvvələrinin törətdiyi Xocalı faciəsidir. Xocalı soyqırımının gündəmdə saxlanılması, bu hadisənin mənəvi və hüquqi məsuliyyətinin Ermənistanın üzərində olmasının beynəlxalq platformalarda xatırladılması faciənin həqiqi qiymətini alması cəhdi ilə yanaşı, həm də hazırda dünyada ermənilərin Azərbaycana qarşı apardığı kampaniyanın əsasını sarsıdır. Çünki 30 illik münaqişə dövründə insanlığa qarşı ən qanlı cinayəti törədən Ermənistandır. Erməni lobbisinin yalan üzərində qurulmuş iddialarından fərqli olaraq Xocalı soyqırımı sübuta yetirilmiş insanlığa qarşı cinayətdir.

İkincisi, Xocalı soyqırımının beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən gündəmə gətirilməsi və Ermənistan rəhbərliyindən Xocalı soyqırımını tanınması tələbi ilk növbədə bu hadisənin mənəvi və hüquqi qiymətinin alması, ən azından unudulmaması baxımından vacib fəaliyyətdir.

Nəhayət, Avropa hüquq müdafiəçiləri Koalisiyasının Xocalını tanımaqla bağlı tələbi Ermənistan rəhbərliyi üçün daxildəki rəqibləri ilə hesablaşması baxımından bir şansdır. Koalisiyanın sonuncu bəyanatında da qeyd olunduğu kimi, Xocalının tanınması Ermənistan cəmiyyəti və hazırkı rəhbərliyi üçün həm də keçmiş hakimiyyətin, yəni Xocalı soyqırımını törətmiş Ermənistan hərbi-siyasi rəhbərliyi, konkret olaraq Köçəryan və Sərkisyanın şəxsində revanşist qüvvələrlə vidalaşması deməkdir. Başqa sözlə, Xocalının tanınması revanşist qüvvələrə zərbə, həmçinin sülhə doğru əhəmiyyətli addım ola bilər.

 

Doğrudur, hazırkı şəraitdə Koalisiyanın elan etdiyi məqsədinə nail olması, yəni Ermənistan rəhbərliyinin Xocalını tanıması real görünməsə də, bu cəhdlər nəticəsiz qalmayacaq, müharibədən sonra Ermənistan cəmiyyətində baş verən dəyişiklik və zəif də olsa keçmişlə hesablaşmaq çağırışlarının gələcəkdə daha da yüksəlməsi ehtimalını artırır.

Digər tərəfdən, Koalisiya nəticə etibarı ilə Ermənistanı siyasi-diplomatik və hüquqi cəbhədə sülhə məcburetmə mexanizmidir. Ya İrəvan sülh sazişini imzalayıb, hüquqi-siyasi məsuliyyətini qəbul edəcək, ya da bunu Haaqada davam edən məhkəmə prosesində ciddi beynəlxalq hüquq müdafiə təşkilatlarının təzyiqi ilə üz-üzə qalacaq. Başqa sözlə, Ermənistan Praqa prosesi ilə Haaqa arasında seçim etməli olacaq.

Kənan Rövşənoğlu, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости