Свобода людям, независимость нациям!

Bu dövlətlə dostluq təhlükəlidir! – Etibarsızlığın ŞOK səbəbləri

1825 11.07.2023 17:04 Колумнисты A A

Türkiyənin “Azov” komandirlərini Ukraynaya qaytarması, özü də V.Zelenski ilə birgə qaytarması Rusiya isteblişmentində və ekspert dairələrində isterika doğurub. “Açıq səmada şimşək” effekti yaradıb.

Sanki ailələrinə geri verilən, öz millətinin qürur mənbəyi bu cəsur insanlar hansısa terrorçu dəstənin üzvləri, bandit-quldurlar imiş. Halbuki onlar öz ölkələrinin əsl vətənpərvərləridir, Ukraynanın ərazi bütövlüyü uğrunda, işğalçı Rusiyaya qarşı vuruşublar. Günahları, “cinayətləri” sadəcə, bu.

Amma məlum humanizm jestinə görə Ərdoğanın ünvanına hətta Kremlə yaxın bəzi funksionerlər tərəfindən təhqiramiz, hədələyici ifadələr səslənib. Putinin sözçüsü Dmiti Peskov isə bu gün bəyan edib ki, “Türkiyə gözündəki çəhrayı eynəyi çıxarmalıdır”.

Belə bir qərəz Rusiya üçün hansı mənəvi meyarların prioritet olduğunu, o sırada dost-müttəfiqliyi onun necə qavradığını növbəti dəfə gözlər önünə sərir. Bir daha aydın olur ki, “şimal ayısı” yalnız onun şərtləri ilə oturub-duranları özünə dost-tərəfdaş sayır. Eyni səbəbdən də kimsə onu özünə dost-müttəfiq qismində görə bilmir. Satellit və forpost Ermənistan belə! Çünki “dost-dosta tən gərək”...

Keçən il müsahibələrinin birində V.Putin belə bir ifadə işlətmişdi ki, siyasətdə dostlar olmur. Müəyyən mənada haqlıdır. Dövlətlərin maraqları öndə. Ancaq bu, o demək deyil ki, qarşı tərəfə verdiyin vədə xilaf çıxa, qoyduğun imzaya tüpürə bilərsən. Üstəgəl, bunu vərdişə çevirəsən. Mənəviyyat etalonlarına görə, bu, kişiyana hərəkət deyil.

Rusiya əlbəttə ki, etibarsız dövlətdir. İpinə odun yığılası, tərəfdaş ölkə heç hesab olunmaz. Onu ən əvvəl buna görə sevmirlər. Ondan çəkinir, uzaq durmağa çalışırlar. Ən çox da qonşuları. Rus hərbçisi indiyədək getdiyi heç bir yerə sülh, əmin-amanlıq, rifah gətirməyib. Bunu qonşulardan yaxşı kim bilə bilər ki?..

Kremlin xarici siyasəti isə heyrətamiz dərəcədə riyakarlıq, “ikili standart”lar üzərində qurulub. Bu o Rusiyadır ki, öz hüdudlarından kənarda, “Yaxın xaric”də separatçılığa hər cür kömək göstərir, öz sərhədləri daxilində isə milli-azadlıq hərəkatlarını (Çeçenistan-İçkeriya) qan gölündə boğur, heç bir ortaq oyun qaydaları, universal dəyər tanımır. Bu bir yırtıcı dövlət!

Düzdür, Qərbin bəzi dövlətləri də, öncəliklə Fransa erməni separatizminə dəstək məsələsində “süddən çıxmış ağ qaşıq” sayılmaz. Amma insafən, Rusiyaya çatan olmaz – “Qarabağ konfliktini gələcəyə saxlamaq” istəyən Rusiyaya...

Diqqət edin, pravoslav ruslar hətta onlara qardaş sayılacaq dinbir və dilbir ukraynalılara qarşı istiqanlı və səmimi deyil, yalançı və qəddardırlar. Ukraynada tökülən böyük qanlar, yaşanan insanlıq faciəsi bu xüsusda hamıya görk. Yenə yada salaq: 1995-ci ildə imzaladığı çoxtərəfli Budapeşt sənədinə əsasən Moskva nüvə başçılarını ona təhvil verməyin qarşılığında Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə zəmanət vermişdi. Sonrası məlum.

İndi əgər Moskva öz imperiya maraqları naminə qardaş xalqı da asanca qırırsa, başqa millətlərə nə baxır?..

Təsəvvür edin, Azərbaycan və ya Türkiyə öz aralarında imzaladıqları müqavilələrə, beynəlxalq sənədlərə xilaf çıxır. Məsələn, Türkiyə Şuşa Bəyannaməsinə əməl eləmir. Mümkünmü? Əsla. Çünki siyasətdə kişi sözü anlayışını hələ heç kim ləğv etməyib.

Amma Rusiya Putinin imzasının mürəkkəbi qurumamış 20 noyabr (2020) üçtərəfli kapitulyasiya sənədinin də, ardınca 22 fevral (2022) Moskva Bəyannaməsinin də özünə sərf etməyən bəndlərini unutdu. Bu sənədlərlə götürdüyü öhdəliklərə zidd olaraq Qarabağda üç ildir hansı oyunlardan, hoqqalardan çıxır - gözümüzün önündə. O zaman Türkiyədən incikliyə haqqı çatırmı?..

Rusiyanı dost-müttəfiqsiz qoyan həmçinin onun özünə rəva bilmədiyini digərlərinə rahatca görməsi və nəyə görəsə bütün qonşu ölkələri özünə borclu saymasıdır. Müxtəsəri, velikorus məntiqi.

Rus radikal şovinist siyasətçilərdən biri, adətən Kremlin deyə bilmədiyini səsləndirən gorbagor V.Jirinovski vaxtilə qonşu ölkələrə nəzərən söyləmişdi ki, heç bir suverenlik, ərazi bütövlüyü söhbəti yoxdur, dünyada yalnız böyük dövlətlər var, xırdalar isə öz simvolik mövcudluqlarını saxlamaq üçün irilərə sığınmalıdır, əks halda məhvə məhkumdurlar. Az sonra oxşar fikri Putinin danışmanlarından olan avrasiyaçı Aleksandr Duqin təkrarlamışdı.

Yəni ki, beynəlxalq hüquq adlı anlayış boş şeydir. Nəyi ki, iki ildir Rusiya Ukraynada isbatlamağa çalışır.

Fəqət alınmayacaq. Rusiyanın sərhədsiz ərazi iştahasına qarşı getdikcə daha geniş cəbhədə birləşməkdə olan dünya, beynəlxalq birlik qoymayacaq. Türkiyə və Azərbaycanın da yeri şübhəsiz, həmin səfdə - haqqın, əzilənin yanındadır. “Azov”çuların qaytarılması bunun növbəti təsdiqi, eyni zamanda, bir ismarış idi. Moskvaya.

Odur ki, “çəhrayı eynəyi” yaxşı olar öz gözündən Rusiya götürsün...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости