Свобода людям, независимость нациям!

Bakı separatçılara status vəd edib? - Lavrov yenə çaşdı

3497 10.09.2023 17:13 Колумнисты A A

Rusiya Qarabağda öz hərbi mövcudluğunu uzatmaq üçün 2025-ci ilədək bütün hoqqalardan çıxacaq. Buna artıq şəkk-şübhə yox. Ölkənin baş diplomatı Sergey Lavrovun bugünkü mətbuat konfransında səsləndirdiyi fikri həm də belə oxumaq olar. Keçək mətləbə.

Mətbuat konfransında “Rusiyanın Dağlıq Qarabağı Azərbaycana verməkdə” ittiham olunması ilə bağlı jurnalistin sualını cavablandıran Lavrov “Ermənistan baş naziri Nikol Paşinyanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində olması haqqında sənəd imzalamasını” xatırladıb.

Sitat: “Rusiyanı nədəsə ittiham etməzdən qabaq gərək öz hərəkətlərinizi özünüz qiymətləndirəsiniz. Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının 2020-ci il noyabrın 10-da üçtərəfli sazişi imzalamasına istinad edir. Bu, həqiqətə uyğun deyil. Orada Qarabağın statusu haqda heç nə deyilmir. O zaman hər üç lider ondan çıxış edirdilər ki, statusla bağlı əlavə danışıqlar aparılmalıdır. Amma sonradan Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin dəvət olunduğu Praqada hər ikisi 1991-ci il Alma-Ata Bəyannaməsini tanıdıqlarını bildirən bəyanat imzaladılar. Beləcə, məsələ qapandı. Ermənistan baş naziri keçmiş DQMV-nin Azərbaycanın tərkibində olması haqqında sənəd imzaladı. Bunun üstündən bizi 2020-ci il noyabrın 10-da guya Qarabağı “vermək”də ittiham etməyə ehtiyac yoxdur. Gərək öz xalqın qarşısında özün cavab verməyi bacarasan”.

WN4DPPDN5FL2FH4LVX25CNHARY.jpg (1.67 MB)

Beləcə, Lavrov həm də İrəvanı ölkəmizin ərazi bütövlüyünü tanıdığına görə qınayıb. Ancaq daha önəmlisi, bizcə, bu cümlədir: “Hər üç lider ondan çıxış edirdilər ki, statusla bağlı əlavə danışıqlar aparılmalıdır...”

Belə çıxır ki, Bakı 10 noyabr sənədi imzalanarkən separatçılara status vəd edib. Təbii ki, ağ yalandır.

Əvvəla, 10 noyabr üçtərəfli anlaşması işğalçı Ermənistan üçün kapitulyasiya sənədidir. Müharibənin qalib Azərbaycanın şərtləri əsasında bitməsi haqda üçrətərəfli yazılı öhdəlikdir. Müharibəyə isə məhz erməni separatizmi səbəb olub. O zaman həmin separatizmin təzədən dirçəlməsi üçün Bakı necə vəd verə, hansısa güzəşt boyun ola bilərdi? Məntiq varmı? Yoxdur.

Doğru, Azərbaycan yüz il öncə belə bir güzəşti, daha dəqiqi, səhvi eləmişdi. Acı nəticəsini də gördü. Erməni azlıq, Ermənistan, erməni lobbisi və katolikosluğu muxtariyyətdən alçaqcasına, sui-istifadə elədi: on minlərlə günahsız insanımız erməni separatizminin qurbanı oldu, minlərlə şəhid verdik, şəhər-kəndlərimiz xarabazarlığa çevrildi, xalqımıza qarşı soyqırımı aktları törədildi, ekosid, urbisid, etnik təmizləmələr həyata keçirildi, ərazilərimizə təmizlənməsi on illər sürəcək minalar döşəndi. “Ermənistan” adı qoyulmuş qədim türk yurdundan axırıncı azərbaycanlı da qovuldu.

Bütün bu yaşadıqlarımızın üstündən, öz əlimizlə (!!) gələcək nəsillərimizə təzədən “gec partlayan bomba”mı saxlamalıyıq?..

TASS_53210406.jpg (191 KB)

İkincisi, statusun və onun üstündə on illərlə əsim-əsim əsmiş bədnam Minsk Qrupunun artıq harada olduğunu Azərbaycan Prezidenti dəfələrlə bildirib. İkisi də “gorbagor” olub. İlham Əliyev ötən il Soçidə V.Putinlə görüşdə məxsusən onun üzünə söylədi ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb.

Yəni keçmişə - 1923-cü ilin iyul yanlışına qayıdış qeyri-mümkündür. Yoxsa gələcək nəsillər bizi topa tutar. Və kimsə və ya hansısa dövlət ermənilər üçün belə əldən gedirsə, ürəyi yanırsa, Qarabağdakı separatçılara status vermək istəyirsə, öz ərazisində, Marseldə, Krasnodarda-filan versin. Biz də onu tanıyaq. Başqa daha nə cür ərz edilməlidir?..

Erməni etnik azlığın Azərbaycandakı digər milli azlıqlardan nə üstünlüyü ola bilər ki? Heç nə ilə! Tam əksinə. Dövlətimizə qarşı illərlə üsyan edib meydan oxumuş, çoxmillətli xalqımıza saysız müsibətlər və acılar yaşatmış bu azlıq heç mədəni muxtariyyətə də layiq deyil!

Lavrov-Kələntəryan separatizmi təzədən qızışdırmaq, dəlinin yadına “daş salmaq” əvəzinə, getsin bunu qulağında sırğa eləsin. Onu da unutmasın ki, tarixdən düzgün dərs götürməyənlər onu təzədən yaşayırlar...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости