Свобода людям, независимость нациям!

“Bahalı” Baxmut... - Putinin 12 gün gecikən təbəssümü və təbriki

2400 21.05.2023 13:24 Колумнисты A A

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi 16-cı aya yaxınlaşır. Yəni “sözəbaxmaz” qonşu ölkəni cəmi bir həftəyə ram edəcəyinə əmin olan “dünyanın ikinci ordusu” 1 il 3 aydır Ukrayna “bataqlığı”ndan çıxa bilmir. Üzləşdiyi fantastik canlı və texniki itkilər, əhalisi onsuz da azalan Rusiyanın genofonduna, iqtisadi-maliyyə sisteminə vurulan sağalmaz yaralar da ki, öz yerində (yüz minlərlə gənc kişinin qətli, reproduktiv yaşda olan insanların ailəlikcə ölkədən qaçması və s. və i.a).

Doğrudur, “ikinci ordu” ara-sıra bəzi taktiki uğurlar əldə edir. Məsələn, cəmi 70 minlik əhalisi olan balaca bir şəhəri - Baxmutu 9 aya (!) və nə boyda itkilər hesabına ələ keçirə bildi. Orada Ukrayna ordusuna qarşı kimlər vuruşmurdu ki. Bircə İŞİD-çilər çatmırdı...

Nəhayət, böyük fasilədən sonra Kreml sahibinin, qovluğunda hələ də “SSRİ-2” layihəsini gəzdirən (demək, onun irili-xırdalı uğurlarının Azərbaycana da dəxli var!) Putinin üzü bir azca güldü. “Vaqner”çiləri, qeyr-“Vaqner”çiləri – hamısını əlüstü “qələbə” münasibətilə təbrik elədi. “Qalibləri” mükafatlandıracağını söylədi.

Qalibmi, qələbəmi? Baxmut Rusiyaya neçəyə başa gəldi? Bunu görəsən yaxşı-yaxşı hesablaya bildilərmi Kreml kabinetlərində?..

Hərbi mütəxəssislərə görə isə rusların uğrunda böyük elit qüvvələrini güdaza verdiyi Baxmutun hərbi-strateji baxımdan önəmi elə böyük deyil. Cəbhə xəttində də Rusiyanın xeyrinə tezliklə köklü dəyişiklik gözlənilmir. Bunun bir sübutu da şəhər uğrunda həlledici döyüşlər gedə-gedə Ukrayna prezidenti Volodimir Zelenskinin Yaponiyada G-7 sammiti çərçivəsində səfərdə olması sayıla bilər.

Bu da rəmzi anlamdadır ki, elə həmin gün Zelenski ilə görüşən ABŞ lideri Co Bayden Ukraynaya növbəti böyük hərbi yardım paketini açıqladı. Başqa sözlə, Putinə siqnal göndərdi ki, eyforiyaya düşməyə tələsmə, Ukraynanın azadlıq müharibəsi bitməyib, bəlkə də indi-indi başlayır. Hər necə olmasa, Ukraynanın cənub-şərqində torpaq təzə-təzə quruyur, bu isə hücuma hazırlaşan NATO istehsallı ağır və modern tankları üçün vacib şərtdir.

Hələliksə, Putinin üzündəki qırışlar bir azca açıldı. Bir azca. Çünki 9 may paradı üçün gözləyirdi bu “Pirr qələbəsi”ni. Ki, rus millətçilərinə gözaydınlığı, özünə təsəlli versin. Qismət olmadı...

Olayın konkret bizə isti-soyuqluğuna gəlincə, Azərbaycan dövləti və xalqı sözsüz ki, təcavüzə məruz qalanın – Ukraynanın və onun xalqının yanındadır. Bacardığı qədər və gücü çatdığı hər şeylə.

Diqqət edin, Ukrayna uğrunda onlarla azərbaycanlı həlak olub. Amma biz Rusiyanın imperialist ideyaları, yeni ərazi zəbti uğrunda döyüşlərdə bircə azərbaycanlının belə öldüyünü eşitməmişik. Yəqin ki, olmayacaq da. Zira, bizim millət genetik olaraq daim əzilənin, zülmə məruz qalanın dost-müttəfiqi olub, zülmkarın, əzənin və işğalçının yox!

Ukrayna xalq isə iki ildir faktiki, hamının əvəzinə “SSRİ-2” layihəsinə qarsı mücadilə edir, vuruşur - canı ilə, qanı ilə, müqəddəs hər şeyi ilə. Bunu heç zaman unutmaq olmaz.

Odur ki, Ukrayna səhvi Rusiyaya o qədər baha oturmalıdır ki, onun hərbi siyasi rəhbərləri nəinki “SSRİ-2” haqda bir daha xəyal edə bilməsinlər, ümumiyyətlə, başları yalnız daxilə, Rusiyanı dağılmaqdan qorumağa qarışsın.

İnanırıq ki, sonda belə də olacaq. Əks halda, yeni “XI Qızıl ordu”nun gəlişinə, Qarabağda “Donbas ssenarisi”nə hazırlaşmalı olacağıq. Azərbaycanda Rusiyaya bağlı “5-ci kolon”a indidən nəzarəti artırmağımız pis olmaz.

“Şər deməsən, Xeyir gəlməz”...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости