Свобода людям, независимость нациям!

Azərbaycanla yeni müharibənin sifarişçisi kim?

2117 04.12.2023 21:30 Колумнисты A A

Ermənistanda radikal-revanşist ünsürlərin “artsax”ı qəbirdən çıxarıb diriltmək cəhdləri səngimir. Xəbərlərə görə, bu günlərdə mifik qurumun saxta “parlamenti”nin “deputatları” İrəvanda gizli şəkildə toplanaraq, öz aləmlərində nəyisə müzakirə ediblər. Yəni ki, “biz də varıq, ölüb-eləməmişik, nəfəsimiz hələ gedib-gəlir...”

Bəllidir ki, Baş nazir Nikol Paşinyan, ölkənin prezidenti Vaaqn Xaçatryan və parlamentin sədri Alen Simonyan uydurma “dqr”in “institutlarının” Ermənistan ərazisində fəaliyyətinə icazə verilməyəcəyini birmənalı bəyan ediblər. Bunu da ölkənin təhlükəsizliyi və Qarabağ məsələsinin bağlanması, Azərbaycanı qıcıqılandırmanın neqativ sonucları və kövrək sülh prosesinə dəyəcək zərbə ilə əlaqələndiriblər.

Məntiqlidir. Fəqət, erməni rəsmi şəxslər öz sözlərində nə dərəcədə səmimidirlər, bunu söyləmək çətindir. Odur ki, gözləyək görək “artsax” təlxəklərinin yığnağına, - əgər həqiqətən belə özfəaliyyət olubsa, - hakimiyyətin reaksiyası nə olacaq. “Tədbir” hökumətin qeyri-rəsmi xeyir-duası ilə baş tutub, yoxsa...

Bu gün isə Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri daimi komissiyasında bölgədə sülhü təhdid edən olduqca təxribatçı, müharibə “qoxulu” qanun layihəsi müzakirə edilib. Söhbət Qarabağı Azərbaycanın tərkib hissəsi saymağı cinayət hesab edən təklif-sənəddən gedir.

Artıq bəllidir ki, komissiya layihəni səs çoxluğu ilə qəbul eləməsə də, parlamentin gündəliyinə təklif edib. Halbuki müzakirənin özü absurddur və Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyünü ciddi şübhə altına almaq anlamına gəlir. Sənədin qəbulu isə daha betər: bu, sülh danışıqlarını sıfırlayıb Bakıya müharibə elan eləmək, meydan oxumaq demək olardı – bütün mümkün nəticələri ilə birgə! Kimə lazım bu, sifarişçi kim – erməni xalqı, Paşinyan komandası, yoxsa Qərb?..

İnsafən, iqtidar deputatları iclasda arqumentli çıxış ediblər. Məsələn, hakim partiyanın deputatı Gevorq Papoyan bildirib: “Belə bir qanun layihəsinin qəbulu Ermənistanın sülhə gedən yolunu bağlayacaq və Bakıya müharibə üçün əsas verəcək, Ermənistanı pis günlərə aparacaq. Özünü düşmən, hər kəsi özünə düşmən elan edən doktrinanı qəbul etmək mümkünsüzdür”.

Papoyan əks-arqument kimi Qarabağı Ermənistanın hansısa regionu ilə müqayisə edib. “Bu, başqa bir dövlətin Ermənistanın regionlarından birini özünün ayrılmaz hissəsi elan edən qanun qəbul etməsinə bərabərdir. Ermənistan bu qərarla razılaşarmı? Əlbəttə, yox. İrəvan israr edəcək ki, həmin dövlət öz qərarını dəyişsin”, - deputat vurğulayıb və hamını emosiyasız düşünüb rasional qərarlar qəbul eləməyə səsləyib.

Amma görün revanşist müxalifətçi deputat Artsvik Minasyanın Papoyana cavabı nə olub. Öncə o xəstə fantaziyalarını işə salaraq, təşəbbüsə belə haqq qazandırıb ki, qanun layihəsi qəbul olunsa da, olunmasa da, guya Azərbaycan Ermənistana qarşı “təcavüzkar siyasəti”ndən əl çəkməyəcək. Ardınca isə deyib: “Dağlıq Qarabağı Ermənistanın regionu ilə müqayisə eləmək yanlışdır”.

Niyə? Bəlkə BMT-nin, hansısa digər mötəbər təşkilatın, lap elə Beynəlxalq Ədalət Məhkəməsinin Qarabağı Azərbaycanın tərkib hissəsi saymayan, bunu şübhə altına alan hansısa qərarı, qətnaməsi, hökmü var? Olmaya Minasyan keçmiş DQMV-ni hələ də Ermənistan ərazisi hesab edən Ermənistan konstitusiyasını nəzərdə tutur? Hansı ki, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə daban-dabana ziddir və çoxdan dəyişdirilməli idi...

Əfsus ki, Minasyan təfəkküründə olanlar az deyil. O sırada Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general Tiran Xaçatryan görün nə sayıqlayır. Sitat: “Dağlıq Qarabağ məsələsini bütün vasitələrlə açıq saxlamaq lazımdır ki, gələcəkdə onun qaytarılması üçün imkanlar yaransın. Belə qanun layihələri məsələni açıq saxlamağa imkan verir ki, “artsax”ı danışıqlar yolu ilə alınmasa, hərbi yolla qaytarmaq mümkün olsun”.

İştahalarını təsəvvür elədinizmi? Belə çıxır, dünya nizamı yalnızca “əzabkeş millət”in istəyinə, kaprizlərinə uyğun qurulmalıdır?! Bunlar haçan ağıllanacaq? Nə vaxta qədər özlərinə rəva bilmədiklərini qonşularına, Azərbaycana, Türkiyəyə görəcəklər?..

Əlbəttə, revanşisit kəsimə qol-qanad verən Ermənistanın Azərbaycana və Türkiyəyə torpaq iddiasının əks olunduğu hazırkı konstitusiyasıdır. Ona hüquqi sənəd də demək olmaz. Bu, olsa-olsa, daşnakların tərtib elədiyi, qonşularla daima müharibəyə çağıran bir təlimat toplusu, separatçı-radikalların cəsarət mənbəyi!

Nə qədər ki, o, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğunlaşdırılmayıb, müharibə tərəfdarları olan radikal-revanşistlər da beləcə meydan sulayacaq, Azərbaycanla Ermənistan arasında sülh əlçatmaz, savaş isə yaxın olacaq...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости