Свобода людям, независимость нациям!

Azərbaycan tezliklə Ermənistana hücum edəcək? – Blinken də havaya girdi  

3125 14.10.2023 14:50 Колумнисты A A

Belə təsəvvür yaranır ki, artıq nəinki “böyük bacı” Fransa, yaxud Avropa Parlamenti və AŞ PA, elə ABŞ da sırf erməni lobbisinin diktəsi ilə hərəkət edir. İnsanlıq simasını çoxdan itirmiş bu vəhşi təbiətli, Türk qanına susamış lobbi sanki hər gün Parisə, Brüsselə və Vaşinqtona özünü necə aparmaq, Bakıya münasibətdə hansı ritorikadan istifadə eləmək barədə konkret təlimatlar göndərir. Bu da növbəti iyrənc fakt. Daha doğrusu, Azərbaycana qarşı həyasızlığın yeni parlaq nümunəsi.

“Politico” nəşrinin yazdığına görə, ABŞ dövlət katibi Entoni Blinken xəbərdarlıq edib ki, Azərbaycan yaxın həftələrdə Ermənistana hücum edə bilər.

“Müzakirələrin gedişi ilə tanış olan rəsmi şəxslər “Politico”ya bildiriblər ki, Blinken telefonla keçirilən konfrans zamanı işğal ehtimalını gündəmə gətirib. Çağırış Azərbaycanın sentyabrda Dağlıq Qarabağa hücumuna (?! – Z.S.) ABŞ-ın reaksiyası ilə bağlı suallara aiddir. Blinken Konqres üzvlərinə bildirib ki, Dövlət Departamenti daha ABŞ-ın Azərbaycana hərbi yardımına icazə verən sənədin müddətini uzatmayacaq. Müqavilə 2002-ci ildən bəri hər il yenilənir, lakin iyunda müddəti bitib. Dövlət katibi eyni çağırışda Azərbaycanın Ermənistanın cənubunu işğal edə biləcəyi barədə xəbərdarlıq edib”, - Amerika KİV-i vurğulayıb və ardınca əlavə edib: “Bakının hərbi təcavüzü nəticəsində (?! – Z.S.) ermənilərin Dağlıq Qarabağı tərk etməsindən sonra İrəvan ehtiyatlanır ki, Azərbaycanın Ermənistanın suveren ərazisi ilə bağlı planları ola bilər. Xüsusilə Sünik (Qərbi Zəngəzur – Z.S.) narahatlıq doğurur, hansı bölgəni ki, Azərbaycan Zəngəzur dəhlizi, Prezidenti İlham Əliyev isə “Qərbi Azərbaycan” adlandırır”.

Bax belə. Yada salaq ki, az öncə AŞ PA, ondan bir həftə qabaq isə Avropa Parlamenti sözləşiblər kimi sırf erməni yalan-palanı və barmaqdan “sovrulmuş” feyk-faktlar əsasında əleyhimizə alçaqcasına qətnamələr çıxarıb. Əlbəttə, biz burda xristian amilinin rolunu xüsusi qeyd eləməliyik. Yoxsa necə olur, ermənilərin cəmi 200 ildir yaşadığı “artsax”dan (Qarabağa əsasən XIX əsrdə köçürülüblər) danışanda bu, Azərbaycana qarşı ərazi iddiası sayılmır, amma biz Qərbi azərbaycanlıların min illərlə yaşadıqları torpaqlara - Qərbi Azərbaycana qayıdışından söz açan kimi bu, Ermənistana təhdid, “hücum hazırlığı” kimi anlaşılır?..

Yeri gəlmişkən, siz heç erməni rəsmilərinin dilindən eşitmişinizmi desinlər ki, İrəvan 280 minlik azərbaycanlı qaçqını qəbul edib onların hüquq və təhlükəsizliyini təmin eləməyə hazırdır?! Mümkün deyil. Amma rəsmi Bakı ən yüksək səviyyədə yoruldu bəyan eləməkdən ki, Qarabağın erməni icmasının Azərbaycan Konstitusiyası çərçivəsində ərazimizdə yaşamasını, onun hüquq və təhlükəsizliyini təmin edəcək.

O zaman Blinken kimi ali rütbəli dövlət adamının, məlumatlı (!) şəxsin də erməni havasına girərək, cəfəngiyat söyləməsinin, “stəkanda fırtına” yaratmasının adı nə? Son həftələr Azərbaycan əleyhinə güclənən informasiya savaşına nədən o da bu cür “töhfə” versin ki. Görəsən, Blinken bilirmi ki, əgər Bakı qədər İrəvan da sülh tərəfdarı, beynəlxalq hüquqa sayğılı olsaydı, vəziyyət bu həddə çatmazdı?

Riyakarlığa bax, axı kim kimə hücum edib və ya hücum etməyə hazırlaşır? “Hücuma hazırlaşan” Azərbaycan üç il öncə Ermənistana beynəlxalq hüquqa söykənən 5 məlum prinsip əsasında sülh müqaviləsi təklif edərdimi? Hansından ki, məhz İrəvan müxtəlif bəhanələrlə yayınır. Çünki qonşusuna qarşı torpaq iddiasından əl çəkə bilmir...

Sonra. 30 ilik erməni işğalı dövründə nədən bircə dəfə də olsun, Azərbaycana görə ABŞ və onun dövlət katiblərinin tükü tərpənmədi? BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 qətnaməsi isə faktiki unuduldu. Üstəgəl, ABŞ təcavüzkar Ermənistanı qoyub, işğala məruz qalan Azərbaycana sanksiya tətbiq elədi – özü də qərbpərəst Elçibəy hakimiyyəti dönəmində! Bəli, hələ də ləğv olunmayan “907-ic düzəliş”i deyirik.

Amma əvəzində Konqres Qarabağdakı kriminal-xunta rejiminə üst-üstə milyard dollardan çox yardım ayırdı və bu yardımlar dünənə - separatizmin kökünü kəsənədək davam elədi! Biz hələ vaxtaşırı separatçı quldurlara böyük məmnuniyyətlə vizalar verib onların ABŞ-a səfərlərinin təşkilini, orada dövlətimizə meydan oxunmasına şərait yaradılmasını demirik...

O ki qaldı ABŞ-ın Azərbaycana (sırf öz maraqlarından çıxış edərək!) mikroskopik hərbi yardımına, məbləğə baxanda bişmiş toyuğun gülməyi gəlir. Bu, hərbi xərclərimizin heç 0.00001 faizini də təşkil eləmir! Bizə minnət qoymayın. Konqresin 35 ildə qanunsuz separatçı rejimə ayırdığı vəsait hara, o qəpik-quruş hara?

Ayıbınıza kor olun barı. Heç onu da verməyin. Təki erməni lobbisinin “peşka”sına çevrilməyin. Kişi olun, vicdanla danışın. Təbii ki, bu anlayışların nə demək olduğunu bilirsinizsə...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости