Свобода людям, независимость нациям!

Aşpaz Priqojin kimin adamıdır, Rusiyaya hansı “aşı” bişirir?

3320 24.06.2023 13:58 Колумнисты A A

Putinin keçmiş “aşpazı”nın Rusiya hərbi-siyasi elitasına qarşı qiyamının nə ilə bitəcəyi hələlik bəlli deyil. Bizim üçün isə ən önəmlisi, əlbəttə ki, imperiya siyasətindən əl çəkməyən Rusiyanın bu qəbil fors-major olaylarla daha da taqətdən düşməsi, qonşu xalqlar üçün real təhlükə mənbəyi olan rus işğalçı ordusunun zəifləməsi və param-parça olmasıdır. Hansı ordunun ki, bir qırıntısı da bəlli səbəbdən Qarabağdadır və üç ildir Azərbaycan dövləti əleyhinə min oyundan çıxır.

Elə dünən Rusiya “sülhməramlılar”ın separatçı quldurlar üçün hərbi sursat daşınmasını əks etdirən növbəti video-fakt yayıldı. Eyni gündə isə Rusiya XİN sözçüsü Mariya Zaxarova Bakıya xitabən beləcə də dedi: “Laçın dəhlizi tam açılmalıdır”. Bunu bəyan edərkən o, 10 noyabr 2020-ci il üçtərəfli sənədin müvafiq bəndinə (6-cı bənd) istinad elədi.

Belə hədələyici ritorika sözsüz ki, Azərbaycan dövləti üçün qəbuledilməzdir. Birinci ona görə ki, heç kim bizə öz suveren ərazimizin hər hansı hissəsində post qoyub-qoymamağı diktə edə bilməz. Laçın Rusiya deyil!

İkincisi, 10 noyabr anlaşması Azərbaycan Konstitusiyasından üstün ola bilməz. Bu adi üçtərəfli sazişdir və onun hüquqi qüvvəsi “Ana Yasa”mızdan aşağıdadır, yuxarıda yox!

Nəhayət, üçüncüsü, bizə ağıl öyrətmək eşqinə düşən Maşa Zaxarova qoy gedib həmin sənədin 4-cü bədinini bir də oxusun. Cavab versin görək ki, nədən erməni silahlı bandit dəstələri Rusiya hərbi kontingentinin müvəqqəti nəzarət zonasında hələ də tərk-silah edilməyib?

Nəinki tərs-silah edilməyib, bu quldur-terrorçuların Qarabağda qalması və daha da toparlanması üçün, suveren torpaqlarımızda yeni cəbhə xətti çəkib hərbi istehkamlar qurması üçün Rusiya əlindın gələni edir. Rusiya Müdafiə Nazirliyi isə özünün yaydığı bülletenlərdə neçə ildir erməni qanunsuz dəstələrini legitim hərbi birləşmələr kimi təqdim edir, hansısa “təmas xətti” ifadələrini işlədir. Sanki Azərbaycanda iki qanuni ordu varmış!..

Priqojinin hərbi qiyamına gəlincə, Putin olayla bağlı xalqa bugünkü müraciətində indiki vəziyyəti 1917-ci illə müqayisə edərək belə bir söz dedi ki, guya o vaxt - 1-ci Dünya müharibəsi zamanı oxşar xəyanətlər hesabına Rusiyanın qələbəsi oğurlanıb, əlindən alınıb. Nəticədə Rusiya böyük ərazilər itirmiş olub. Yəni imperiyanın bir azca kiçilməsini nəzərdə tutur.

Priqojin: Rusiya bu gün Baxmutda 5 kvadrat kilometr ərazi itirib

Nə böyük faciə! Amma Rusiya hətta SSRİ dağılandan sonra da coğrafi baxımdan nəhəng əraziyə malikdir. Tarixi gerçək həmçinin budur ki, Rusiyanın istənilən hərbi qələbəsi həmişə yeni torpaqların ilhaqı ilə bitib – imperiya bir az da böyüyüb, xalqlara yeni faciələr gətirib. Çünki həqiqətən də rus əsgəri, rus çəkməsi olan yerdə ot bitməz, sülh, dinclik olmaz!

Fəqət, Moskvanın ərazi iştahası azalmır ki, azalmır. Tam əksinə. Yeni-yeni torpaqlar tutmaq Rusiya üçün elə bil vərdişə, hobbiyə çevrilib. Bu gün qonşu Ukraynada aparılan işğalçı müharibədə əsas hədəf də həmənkidir – imperiyanı bacardıqca böyütmək.

Putin bunu gizlətmir və çəkinib-eləmədən özünü I Pyotrun layiqli davamçısı sayır. Son yüz illərdə zəbt edilən, bircə rusun belə heç vaxt yaşamadığı bütün yad əraziləri rusların halal, dədə-bab torpaqları hesab edir – Polşaya, Finlandiyaya, Baltikyanı ölkələrə, Qazaxıstana kimi.

Priqojin bildirib ki, döyüş sursatının olmaması səbəbindən Baxmutu tərk  edirlər

Kremlin nəzərində Azərbaycanın yerləşdiyi Güney Qafqaz da şimal qonşumuzun “arxa bağçası”dır. Srağagün Sergey Lavrov Qərbin sülh təşəbbüslərindən danışarkən bunu bir daha aydın bəyan elədi. Yenə “Rusiyanın Qafqazdakı vazkeçilməz maraqları”ndan dəm vurdu.

Odur ki, dəfələrlə yazdığımız kimi, Ukraynadakı müharibəni Rusiyanın uduzması ilk növbədə qonşu xalqlar və dövlətlər üçün mühüm əhəmiyyət daşıyır. Mübaliğəsiz-zadsız, bu, həmsərhəd ölkələrdən ötrü milli varlıq, milli təhlükəsizlik məsələsidir. Demək, Putinin məğlubiyyətinə kim yardım edirsə, - bilərəkdən və ya bilməyərəkdən, - o həm də Rusiyanın təhlükəli kəsici imperiya dişlərini sındırmağa yardım edir.

Bioqrafiyası başdan-ayağa qanla yazılmış kriminal Priqojinə yalnızca buna görə uğur arzu eləməyə dəyər...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости