İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhlükəsiz oazis yaradanlar – Türk dövlətlərinin yaxınlaşması rifah və sabitlik vəd edir

1228 24.04.2024 11:21 Analitika A A

Bu gün Qırğızıstanın dövlət başçısı Sadır Japarovun Azərbaycana səfəri baş tutacaq.

Rəsmi məlumatda bildirilir ki, dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır.

Qırğızıstan rəhbəri Ağdamın işğaldan azad olunmuş Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirak edəcək. Bu məktəbin Qırğızıstan tərəfindən inşa ediləcəyi bildirilir.

Qardaş türk dövlətlərinin 2020-ci ilin payızından başlayaraq öz əzəli ərazilərini uzun sürən işğaldan azad edən Azərbaycanda məktəb tikmələri artıq bir ənənəyə çevrilib və həm qardaşlıq köməyidir, həm də sırf simvolik məna daşıyır.

Əslində Azərbaycan həmin məktəbləri 1 il tez, 1 il gec özü də tikə bilər, ancaq Türk Dövlətləri Birliyinə daxil olan respublikalarının – Qazaxıstan və Özbəkistanın ardınca Qırğızıstanın da bu təşəbbüsə qoşulması milli dövlətçiliyi olan türk xalqları arasında xoş münasibətlərin yeni mərhələyə adladığından xəbər verir.

7d5d7ceb3293e4b1a858f87518d099af_1585026 (1).jpg (202 KB)

 Xatırladaq ki, Özbəkistan dövlətinin işğaldan azad edilmiş Füzuli rayonunda tikdiyi orta məktəbin açılışı ötən ilin avqust ayının 23-də baş tutub. Açılış mərasimində Azərbaycan və Özbəkistan liderləri - İlham Əliyev və Şavkat Mirziyoyev iştirak ediblər. Bu 1 nömrəli məktəb Özbəkistanın tanınmış dövlət və elm xadimi Mirzə Uluqbəy adını daşıyır.

Onu da qeyd edək ki, Uluqbəy Özbəkistanda və Asiya regionunda sevilən bir tarixi şəxsiyyətdir, faciəli həyatı olub. Özbəkistanda yaşamış, bu ölkənin məşhur tərcüməçisi, dramaturqu, ədibi və pedaqoqu olmuş həmyerlimiz Maqsud Şeyxzadə onun həyatına dair dram və film ssenarisi yazıb.

b298be9b47fb05bcd00c5c04b4d40bcb_1075063.jpg (249 KB)

 

Qazaxıstan dövləti də Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edib. Bu mərkəzin rəsmi açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycanın dövlət başçısı İlham Əliyev birlikdə iştirak ediblər.

Kurmanqazı Sağırbayulı (Sağırbəyoğlu) 19-cu əsrdə yaşamış xalq musiqiçisi, bəstəkarı, dombraçı olub, qazax musiqi mədəniyyətinin inkişafı onun adıyla bağlıdır.

Qardaş ölkələrin Qarabağda inşa etdirdiyi məktəb və mərkəzlərə həmin xalqların böyük insanlarının adlarının verilməsi getdikcə daha da çulğaşan xalqların bir-birinin siyasət, mədəniyyət, ədəbiyyat xadimlərinin həyat və yaradıcılığının öyrənilməsi baxımından çox əhəmiyyətlidir.

İndi Sadır Japarov da qazax və özbək həmkarlarının ardınca eyni işi görür. Güman ki, Xıdırlıda tikilən məktəbə qırğız xalqının böyük oğlu, nəinki postsovet məkanının, eləcə də dünya ədəbiyyatının görkəmli ədibi olan Çingiz Aytmatovun adı veriləcək.

Əlbəttə, Azırbaycan dövləti də onlara borclu qalmayacaq və bu ölkələrdə həyata keçirilən böyük tikinti-quruculuq layihələrinə öz töhfəsini verəcək.

Dünyanın qloballaşdığı, dövlətlərarası münasibətlərin gərginləşdiyi, bəşəri fəlakətlərə səbəb ola biləcək dağıdıcı müharibələrin astanada olduğu bir vaxtda türk dövlətlərinin bu cür yaxınlaşması, öz aralarında “sıfır problem – yüz faiz dostluq” siyasəti yeritmələri çox aktualdır.

6b6d99b2cca9702e5908670031a6f02b_5220322.jpg (204 KB)

Son illərdə Türk Dövlətləri Birliyinin çərçivəsində təşkil olunan sammitlər, çoxtərəfli toplantılar, ikitərəfli görüşlər, qarşılıqlı səfərlər göstərir ki, bu istiqamətdə irəliləmək üçün ortada siyasi iradə var və əvvəlki onilliklərdən fərqli olaraq hazırda türk dövlətlərinə rəhbərlik edən şəxslər inteqrasiya və müttəfiqlik zərurətini aydın dərk edir, eyni qənaəti bölüşürlər.

Bəzən yaxın-uzaq paytaxtlarda bu inteqrasiyaya ağız büzür, hələ köhnə əyyamlarda vurduqları damğadan yenidən istifadə edərək, “Turan birliyi” təhlükəsindən danışırlar. Bu ideyaya qarşı çıxanlar özləri slavyan birliyindən, anqlo-saks qardaşlığından, Frankofoniya (fransızdilli ölkələrin birliyi) ittifaqından, xristian həmrəyliyindən danışmaqdan utanmırlar, amma türk dövlətlərinn yaxınlaşmasına, əməkdaşlığına çəpəki baxırlar.

Kimin necə yanaşmasından asılı olmayaraq, karvan öz yoluyla düz gedir. Vaxtilə qədim ipək yolu ilə irəliləyən və xalqlarımız arasında əlaqə yaradan karvanları indi müasir nəqliyyat logistikası əvəz edir, ünsiyyət birə min artıb, uzaqlar yaxın olub.

Ona görə də gələcəyə nikbin baxır, türk dövlətlərinin inteqrasiyasının maksimuma çatacağına, böyük bir təhlükəsizlik oazisi yaradacağına, bunun xalqlarımıza böyük fayda verəcəyinə inanırıq.

***

Sadır Nurqoja oğlu Japarov 1968-ci ildə doğulub. Qırğızıstan baş naziri olub, 2020-ci ildən prezident vəzifəsini tutur. Ölkəsinin 6-ci prezidenti olan Sadır Japarov qətiyyətli və səmimi davranışları ilə seçilir, ölkəsində korrupsiya və mütəşəkkil cinayətkarlığa müharibə elan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR