Свобода людям, независимость нациям!

Zorla məhəbbət olmaz

1339 24.01.2024 13:06 Колумнисты A A

Bu yaxınlarda bir tanınmış jurnalistə 15 sutka inzibati həbs cəzası verilmişdi. Jurnalistin vəkili elə həmin gün apelyasiya şikayəti elədi, həmkarımızı açıb buraxdılar. Nəsə, yüngülvari cərimə oldu, yanılmıramsa.

Deməli vətənimizdə humanizm fəvvarələri hələ qurumamışdır. Jurnalist də bunu təsdiqlədi, söylədi ki, içəridə qaldığım 1 sutka ərzində mənə qarşı insani münasibət bəslənildi, qa deyəndə ət verirdilər, qu deyəndə su.

Həqiqətən, bizim türmələrdə çox gözəl şərait yaradılıbdır, hətta Almaniyadan, Gürcüstandan, Britaniyadan bəzi müxalifətçilər vaxtaşırı üzübəri qaçırlar ki, milli türmələrimizə girib orda yaşasınlar, həyatdan zövq alsınlar. Bu haqda şair də yaxşı demişdir: “Məhəbbət bir bəladır ki, yoxdur onun dərmanı, Aşiq canı tərk etsə də, ata bilməz cananı. Məhəbbətin zəncirinə bağlanandan, hər gecə— Salar zülfü halqasına qəlbimdəki halqanı”.

Qarabağdan bir sürü separatçı tutub Bakıda qazamata salmışıq, yəqin xəbəriniz vardır. Təzəlikcə onların şəkilləri yayıldı. Açıq görünür ki, erməni zəhmətkeşlərimiz Bakı türməsində olduqca xoşbəxtdir. Araik Arutyunyan pultla televizor kanallarını dəyişir, “Səni axtarıram” verilişini izləyirdi. Vako Saakyan isə bir rəf kitabı oxuyub bitirmişdi. Vako müəllim müxbirimizə bildirib ki, onun ən çox sevdiyi ədəbiyyat 60-cı illər Azərbaycan ədəbiyyatıdır. Xüsusilə “Təhminə və Zaur” əsərini bəyənir. Deyir mənə elə gəlir SSRİ məhz bu cür dissident ədəbiyyatı sayəsində dağıldı. Mən də onun fikirlərinə qoşuluram.

Humanizm bütün sferalarda özünü göstərir. Bizdə Təfəkkür adında çox mütəfəkkir universitet var idi, onun keçmiş rektorunu tutublar. Rektor prorektoru sifarişlə öldürməkdə ittiham edilir. (Bəlkə də öldürən prorektordur, ölən rektordur – üzrlü sayın, bunu dəqiq yadımda saxlaya bilmirəm. Əgər çox vacibdirsə gələn nömrədə öyrənərəm). Məhkəmə başlayıb, orda rektor belə maraqlı açıqlama verib: qatilə dəmir boru verdim, dedim prorektoru vur, ancaq öldürmə, elə et iki ay işə çıxa bilməsin. Zalım qatil də elə vurub, kişi ölüb.

İndi burada ortaya sual çıxır: kimdir günahkar? Axı rektor prorektoru öldürmək istəməyibdir, iki aylıq sıradan çıxmasını istəmişdir. Burada açıq görünür ki, qatil səlahiyyət həddini aşıbdır. İndi söz əlaqədar təşkilatlarındır. Biz gərək tapşırılan işləri uyğun şəkildə həyata keçirək. Hərə özündən bir mənasız təşəbbüs göstərsə, dərəbəylik yaranar. Bu temada yaxşı ata sözü var: biz qane olduq qaza, qaz özünü qoydu naza.

Yaxud, hörmətli millət vəkillərimizdən birinə keçən il güllə atılmışdı, bunun xaricdən maliyyələşən qara qüvvələrin əməli olduğu dərhal bilinmişdi. İndi cinayətkarlar məhkəmədə ifadə verməkdədir, deyirlər ki, məqsədimiz deputatı öldürmək olsaydı onun başına atəş açardıq, gördüyünüz kimi, çiyin və ayağını nişan almışıq. Sitatın sonu.

Doğrudan da, atəş məhz göstərilən nahiyələrə açılmışdır. Lakin bunu əldə bayraq edərək məhkəmənin humanizminə ümid etməkdə nə dərəcədə haqlı ola bilərlər? Birdən hakimin də öz məqsədləri yaransa? Prorektorun işindəki kimi, qətnaməni bərkdən qoysa necə olacaq?

Yeganə olaraq Avropa Şurası tərəflərdə bizim xoş niyyətlərimizi lazımi qədər qiymətləndirməyi bacarmırlar. Təzə qətnamə çıxıb, deyir Azərbaycan nümayəndə heyətini dondurmaq istəyirik. Gözümüz aydın. Biz də qazı kəsərik, siz donarsınız. Ümumiyyətlə, nə işdirsə bizim bu Avropa Şurası ilə münasibətlərimiz heç düzəlmir. 24 ilə yaxındır ora girmişik, ancaq bu müddət ərzində bəlkə 24 dəfə ordan çıxaq, çıxmayaq mövzuları müzakirə edilir. Heç münasibətlərin yaxşı olmağı yada gəlmir. Nə məcburdur? Belə zorakı “nikah” kimə lazımdır? Adətən belə evliliklər yaxşı bitmir, ya bəy gəlini, ya gəlin qaynananı doğrayır. Mən xəbərdarlığımı elədim. Heç kim özünü heç nəyə məcbur eləməsin.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости