Свобода людям, независимость нациям!

Zeynəb Xanlarova oxusun, ya oxumasın?

6034 02.01.2024 22:21 Колумнисты A A

Zeynəb Xanlarova ilə bağlı sosial şəbəkədəki müzakirələr kəsilmək bilmir.

“Oxusun-oxumasın” söhbətinə bənzər, bəzi hallarda etik normaları da aşıb keçən deyişmələr gedir. Nə baş verib axı? İlin sonunda Dövlət Televiziyasının efirində 20 dəqiqəlik konsertinə yer ayrılan Xalq artistinə qarşı qəzəblənənlərin arqumenti nədir? Guya Zeynəb Xanlarovanın oxuması yeniliyin qarşısını kəsirmiş, yoxsa yeni başlayan ildə Nobel mükafatı alanlarımızın sırası yaranacaqmış, futbolda Avropa və Dünya çempionluğunu təmin edəcəkmişik, daha nələr...

YENİ İL.jpg (262 KB)

Əvvəla, biz hər zaman mental dəyərlərimizlə öyünmüşük. 88 yaşlı xanıma qarşı - hətta o, dünya, ya respublika şöhrətli sənətkar olmasaydı belə - bu cür kəskin hücum yolverilməzdir və yumşaq desək, düzgün deyil. Dünyanın hansı ölkəsində şöhrətin və ömrün zirvəsinə ucalmış insana qarşı bu cür kampaniya aparılıb? Bəlkə hardasa yaşı 80-ni adlayan sənət adamlarına efiri qapayır, ölümü üçün dua edirlər, bizim xəbərimiz yoxdur. Gəlimli-gedimli dünyadır və bir gün Zeynəb xanım da haqq dünyasına köçəcək. Bəs bu gün onun haqqında haqsız danışanlar, kölgəsini qılınclayanlar, demədiklərini adına pərçim etməyə çalışanlar o zaman nələr deyəcəklər, düşünəcəklər?

Bəli, Zeynəb Xanlarovanın bu yaşda mahnı oxuması müzakirə olunmalıdır, amma niyə oxuyur şəklində yox, məhz oxuduğu üçün! Bu yaşda mahnı oxumaq, səhnə performansını yüksək səviyyədə təqdim etmək çoxmu asan gəlir sizə? Fonoqram oxudu? Olsun. Bu gün fonoqram oxumayan neçə müğənni tanıyırsınız? Hətta yaşlarının gənc çağında belə...

Zeynəb Xanlarova canlı əfsanədir! On illər keçəcək, Zeynəb xanıma qarşı bu yersiz kampaniyadan bəhs olunmayacaq, onun 88 yaşında tamaşaçı qarşısına çıxmasından danışılacaq.

ZEYNEB SON.jpg (66 KB)

Seyid Şuşinskinin 74 yaşında oxuduğu “Mənsuriyyə”ni indiyədək dinləyib ondan zövq alırıq. Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Yaqub Məmmədov, Əlibaba Məmmədovun ahıl çağlarından qalma ifalarını zərrəbinlə təftiş etmək keçmir ağlımızdan, sadəcə məhz o yaşda oxuduqları, yadigar qoyub getdikləri üçün heyrətlə dinləyir musiqi, sənət qədri bilənlər. Bu mənada Zeynəb Xanlarova da yaşı 90-nı haqlayan çağında səhnədən getmədiyi üçün alqışa layiqdir.

Tənqidçilərin bəziləri hesab edir ki, sənətkar gedib evində oturmalı, efirə çıxmamalıdır. Niyə? Kimin yerini dar eləyir? Efirdə bəzilərinin dillərinin əzbəri olan müğənni(cik)lərin nə oyunlardan çıxdığını görürsünüz. Sizin idealınız bəlkə onlardır? Kimi soyunur, kimi ağlına və ağzına gələni danışmaqla gündəmdə qalır, kimi... İl ərzində həmin “çılpaq bənövşə”lər, sənətindən başqa hər şeyini nümayiş etirənlər efiri işğal edir. Əvəzolunmaz sənətkara 365 günün 20 dəqiqəsini qıymazlıq hardan qaynaqlanır, bəlkə deyəsiniz? Həm də çətin deyil, pultun düyməsini basmaq kifayətdir. Qəzəb püskürməyə gərək yox.

Zeynəb Xanlarova təkcə özünəməxsus səhnə aksesuarlarına, duruşuna, rəqslərinə görə nümunədir. Bağışlayın, siz olan-qalan nümunələrin də efirdən yığışdırılmasını istəyirsinizsə, kimlərin qalmasını istəyirsiniz?

Tarix 2022, məkan Bursa, Türkiyə. Nəhəng konsert zalında aparıcı zala Türkan Şorayın daxil olduğunu elan edəndə bütün tamaşaçılar ayağa qalxdılar, alqış sədaları əfsanə müğənni ön sırada əyləşənədək davam elədi. Daha sonra mikrofona yaxınlaşanların hər biri Türkan Şoraya ayrıca xitab etdilər. Daha sonra xanım sənətkar səhnəyə dəvət edildi və onunla bağlı kadrların müşayiəti ilə çıxışına hakim kəsildi bütün zal. Yenə də alqışlar, sevgilər, sayğılar. Türkan Şoray Zeynəb xanımdan yaşca 9 il kiçikdir... Yeri gəlmişkən, Türkan xanım elə bu sətirlərin müəllifinə əfsanə sənətkar olan Zeynəb xanıma sevgisini ifadə edib, salamlarını söyləmişdi. Bu, sadəcə rəfiqələrin münasibəti deyil, Zeynəb Xanlarova sovet imperiyası dönəmində Türkiyədə o sevgini qazanan, Azərbaycan sevgisini qardaş ölkəyə daşıyan azsaylı məşhurlarımızdan olub. Necə olur Türkiyə tamaşaçısı öz sənətkarına belə yüksək qiymət verir. Heç şübhəsiz, Azərbacanda da sənətə, sənətkara qiymət verən kifayət qədər insanlar var və anti-Zeynəbçilər heç də ictimai fikri ifadə etmir. Amma məsələn, Türkiyədə bizdəki kimi “Türkan Şoray oxusun-oxumasın” polemikası getmir axı. Bu müzakirələrin aparılmasının özü kənardan çox pis görünür. Özü də bu müzakirə sənətkarın doğum günündən bir neçə gün sonra qızışdı. İnsanı beləmi təbrik edirlər? İnsan yaşlaşdıqca ətrafdan daha çox qayğı, diqqət umur. Bir anlıq özünüzü o yaşda təsəvvür edin və döşəyin ağlınıza gələni...

Müzakirə üçün mövzumu qəhətdir? Təbii ki, yox. Məsələn, dövlət başçısının 2024-cü ildə Xocalı, Xankəndi, Kərkicahan, Malıbəyliyə QAYIDIŞın olacağı ilə bağlı müjdəsi olmalıydı müzakirə mövzusu.

RESUL.jpg (59 KB)

Yaxud Prezidentin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ilə bağlı Sərəncamından danışılmalı, yazılmalı idi. Bir çoxları ötən illərdə “bəs Xankəndi nə oldu” - demoqogiyası ilə məşğul olurdular. Budur, insanlarımız Xankəndiyə qayıdır, amma səsləri çıxmır. Bəziləri Rəsulzadəyə ögey münasibətin olduğunu iddia edirdilər. Budur, dövlət başçısı Həmrəylik Günü ərəfəsində tarixi şəxsiyyət Məhəmməd Əminin yubuleyinin keçirilməsi haqda tarixi sənəd imzalayıb, bu mövzunu istismar edənlərdən reaksiya yoxdur. Amma mövzu tapılıb: Zeynəb Xanlarova niyə AzTV-də oxuyub?..

Zeynəb Xanlarovanın sizə nə pisliyi keçib? Sovetlər zamanı dünyanı qarış-qarış gəzib, Azərbaycanı tanıtdığına görəmi belə qəzəblisiniz? Ermənistanın xalq artisti adını alıb, ona görə? Sovet dövründə bir ənənə var idi, sovet ideologiyasının əleyhinə çıxanlarınız neçə nəfər olub, deyin, bilək. Həm də Ermənistan dediyiniz əslində Qərbi Azərbaycandır və o zaman orada yüz minlərlə azərbaycanlı yaşayırdı! Yəni Zeynəb Xanlarova həm də azərbaycanlılar üçün konsert verirdi İrəvanda, yüksək titul da məhz bu xidmətinə görə verilib. Təbii, ermənilər çox istərdilər ki, gediş-gəliş olmasın, əlaqələr kəsilsin, azərbaycanlıların izləri silinsin... Hə, nədənsə Zeynəb xanımın həmin addan imtinasından az danışılır, nəinki ad almasından...

ZEYNEB CAVAN.jpg (111 KB)

Zeynəb Xanlarova SSRİ-nin saxlanmasının lehinə səs verən deputatlardan olub, bəli. Amma unutmayaq, səsvermədə cəmi 43 nəfər cəsarət edib SSRİ-yə qarşı çıxmışdı, qalan 300 nəfərdən artıq deputat hələ o zaman tabuları aşa bilməmişdi. Bir sənət adamından “Çe Qevaralıq”, ya “Nelson Mandelalıq” gözləyirdiniz? Bir az insaflı olun.

Bundan əvvəl Flora Kərimovaya da xeyli hücumlar oldu, hətta sənətinə dil uzadanlar tapıldı. Mən sənət adamlarının siyasətdə olmasına yaxşı baxmıram. Hətta hər iki sənətkarımızla səmimi söhbətlərimiz zamanı bu barədə fikrimi bildirmişəm. Amma əgər sənətkar hansısa siyasi məsələlərdə yanlışa yol vermiş olsa belə, onun sənətini baltalamaq olmaz, bu, kəmfürsətlilikdir! Elə ötən ay Rais Rəsulzadəni hədəfə almışdı bəziləri, prezident seçkisində İlham Əliyevi dəstəklədiyini dediyinə görə. Sonra Cavanşir Quliyevi hədəfə aldılar, eyni mövqeyinin qarşılığında. Ondan əvvəl Rasim Balayev, Ramiz Rövşən də hədəfə tuş gəlmişdi. Yazıçı Anara hücumlar da fasilələrlə davam edir. Bəziləri sanki Azərbaycanın vitrinində olan şəxslərin qəsdinə durub, hədəf seçirlər, sonra da sosial şəbəkə istifadəçiləri iki cəbhəyə bölünür, bilərəkdən, bilməyərəkdən.

Sıra növbəti dəfə Zeynəb Xanlarovaya çatdı. Bundan əvvəl onu uzun illərdir deputat olduğuna görə ittiham edirdilər. Son parlament seçkisində iştirakdan imtina etdi. Hətta bildirdi ki, ona seçkidə iştirak təklifi gəlsə də, istəməyib. Həm də belə söhbətlərə görə, əminəm ki, incikliyi də az rol oynamayıb. Zeynəb Xanlarovanın parlamentdə olmasının özü bir hadisə idi. Dəfələrlə şahidi olmuşam, onun iclas zalına gəlişi də, gedişi də diqqət mərkəzində olurdu. Xüsusi hörmətlə, yüksək diqqətlə. Çıxışları? Ola bilsin kimlərsə unudub, amma parlamentin iclaslarını işıqlandıran jurnalist kimi yaxşı yadımdadır.

ZEYNEB PARLA.png (400 KB)

İstəyirsinizsə, xatırladım bəzi epizodları. Sitat: “Mənim bağım Nardarandadır, ora gedirəm. Camaat çox narahatdır. Biz yenə camaatı qaldırmayaq. Binə yolu ilə gələndə görürəm ki, orda evlər tikilir. Mən dünyanı gəzirəm, Amerikanın Ağ Evini görürük, hasarı yox, zadı yox... Camaat ağlayır ki, hər şeyi bizim əlimizdən alıblar. Bilmirəm kimindir, İsgəndərindir, Cahangirindir. Dənizi xalqın əlindən almaq olmaz. Dənizi bütün hasara alıblar. Allahın xalqa bəxş etdiyi dənizdir. Onu istəyirlər ki, xalq qalxsın ayağa, külünglərlə hasarları dağıtsınlar? Bilmirəm kimin villasıdır. Mən qorxuram ki, camaat ayağa qalxar”.

Zeynəb Xanlarovanın məmur özbaşınalığından şikayətləndiyi az olmayıb. Sitat: “Hər şeyi müxalifətin üstünə atırlar. Amma əslində özləridir günahkar”.

Tarixi şəxsiyyətlərimizlə bağlı dediklərini də xatırladaq: “Şəhriyar dünya şöhrətli bir insandır. Tarix durduqca Şəhriyar, Məhəmməd Əmin Rəsulzadə də yaşayacaq. Danılmaz həqiqətdir ki, onlar tarixə düşmüş adamlardır”.

“Məhəmməd Əmin Rəsulzadənin adı çəkiləndə ayağa durmamaq olmaz” - deyərək deputat həmkarına irad tutan Zeynəb Xanlarovanı nə tez unutdunuz? Yaxud “desəm öldürərlər, deməsəm ölərəm”. Mən deməyə bilmərəm, danışmaya bilmərəm. Elə bir sənətkardır ki, Babək və Nəsimi obrazlarını yaradıb. Belə bir adama həkim iki dərman yazıb, onun birini almağa pulu yoxdur. Mən üzümü tuturam səhiyyə nazirinə, mədəniyyət nazirinə: bunlar niyə ona baxmırlar? Öz sənəti uğrunda canını verib, canında can qalmayıb. Mən millətin adından xahiş edirəm, Rasimsevərlərin adından xahiş edirəm, onunla bir məşğul olsunlar” - deyə, Zeynəb xanım Rasim Balayev haqqında spikerə xitab etmişdi.

Qəhrəmanlıq an məsələsidir, heç kəs bütün ömrü boyu qəhrəmanlıqlar etmir. Zeynəb Xanlarova 20 Yanvar qırğınından sonra şəhidlərimizə il yarım matəm saxlamaqla, səhnədən imtina etməklə adını tariximizə əbədi yazdırıb. 1991-ci ilin Yeni ili ərəfəsində oxumaqdan imtina edən Zeynəb Xanlarova Xocalı, Xankəndi, Ağdərə... zəfərlərindən sonra müəllif konserti ilə görüşümüzə gəlirsə, bu da onun Zəfərimizə qatqısıdır, çin olan əhdidir, duasıdır. Müsahibələrimiz olub dəfələrlə, Şuşasızlıqdan danışanda kövrəlirdi. İndi Xankəndimiz də var, oxumasınmı, qol qaldırıb oynamasınmı?

ZEYNEB.jpeg (77 KB)

Guya uşaqpulunun verilməsinə etiraz edib. Bu barədə illərdir yazılır, iddia olunur, amma olmayıb bu söhbət! Özü dəfələrlə deyib. Hətta bir neçə il əvvəl bu məsələni də əhatə edən müsahibəmiz oldu, çıxışlarının stenoqramını da təqdim elədi. Müsahibə hazırlandı, amma Qarabağda gərginliklər yaşandı, məsləhət bilmədi müsahibənin dərc olunmasını. Şəxsi məsələləri bir kənara qoymağı vacib saydı əfsanə sənətkar.

İllər öncə əsgər ölümlərinə etirazını bildirən Zeynəb Xanlarovanı nə tez unutdunuz? Böyük sənətkarımız müxalifətçi fəal xanımın həbsdə saxlanılmasına da ilk etirazını bildirənlərdən olmuşdu, məhkəməyə müraciət edərək, onun ev dustaqlığına buraxılmasını xahiş etmişdi. Xeyli belə cəsarətli nümunələr var. Zeynəb Xanlarova Azərbaycanın sənət dünyasının simvollarından biridir və bu gün onu efirinə dəvət etmək istəyən televiziyaların növbəsi yaranıb. O isə Dövlət Televiziyasını seçib. Kim bilir, bəlkə də bu, Zeynəb xanımın əhdi imiş, Xankəndiyə bayraq sancılsın, sonuncu dəfə də Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edəcəyəm və səhnədən gedəcəyəm, deyə... Bəlkə də seçki məsələsindəki kimi oxumaqdan da küsəcək, daha oxumayacaq. Əslində biz ondan oxumağı, efirə çıxmağı, bərabər şəkillər çəkdirməyi xahiş etməliyik,

“Oxu Zeynəb, oxu Zeynəb, qoy səsin

Ürəklərdə kaman kimi titrəsin…”

ZEYNEB EN SON.png (859 KB)

Səhnədə olan sənətkara alqışı əsirgəməzlər. Alqış əvəzinə qarğış isə ad-sanımıza yaraşmır, kənardan çox pis görünür.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости