Свобода людям, независимость нациям!

Zelenskindən ağıllı və ağrılı gediş – Tarixdə təslimçi kimi qalmamaq üçün...

4982 22.03.2022 15:00 Колумнисты A A

Rusiya ordusunun Ukrayna torpaqlarında irəliləməsi qəlizləşdikcə rəsmi Kiyev danışıqlarda özünü daha inamlı hiss edir, mövqeyini həm cilalayır, həm də sərtləşdirir. Prezident Volodimir Zelenskinin Moskvanın şərtləri ilə bağlı bu xüsusda ağıllı bir gediş edib. O, Rusiya ilə ehtimal olunan kompromisli razılaşmanın, ərazi məsələsinin Ukraynada referenduma çıxarılmalı olduğunu deyib. Yəni işarə vurub ki, kapitulyasiya aktına imza atmayacaq.

Məntiqli və qanunidir. Torpaq xalqın, ölkənin mülkiyyətidir, ölkənin prezidentinin yox. Prezident nə qədər legitim sayılsa da, konstitusiyanı tapdaya, “qırmızı xətti” keçə bilməz. Konstitusiyanı dəyişmək üçün isə referendum lazımdır. Başqa yol yox. Son sözü yalnız xalq deyə bilər.

İkinci yandan Zelenskinin bu açıqlaması Ukraynaya əlavə və qiymətli vaxt udmaq, ordunu daha döyüşkən hala gətirmək və dünyadan daha sanballı dəstək almaq üçün unikal fürsət yaradır. Çünki ölkə boyu referendumun reallaşması azı, 3 ay tələb edir. Təbii ki, səsvermə hüququ olan qaçqınların da iştirakı və müharibənin dayanması şərti ilə. Xalqın qərarı isə yəqin ki, Kremlin ürəyincə olmayacaq. İstisna deyil ki, Ukraynanın tərkibində Donbasa hansısa status tanınsın, lakin ərazi bütövlüyü məsələsində ukraynalıların mövqeyi aşağı-yuxarı indidən məlumdur.

Paralel olaraq, referendum müddətində Rusiya, onun əhalisi tətbiq edilən total sanksiyalın təsirini öz üzərində daha qabarıq hiss edəcək. Yəqin ki, əsas da buna görə Kreml referendum söhbətini yaxına buraxmamağa çalışacaq. Ancaq buraxmayıb nə edəcək? Danışıq masasına güclü mövqe ilə oturmaq üçün gərək hərb meydanında ciddi uğurun, danılmaz üstünlüyün olsun. Rusiyaya isə hələ ki, bu müyəssər olmur...

Əlbəttə, hamı istər ki, Rusiyanın başlatdığı ədalətsiz müharibə tezliklə bitsin. Günahsız insanlar bir daha ölməsin, şəhərlər dağıdılmasın. Əfsus ki, Moskva öz maksimalist tələblərində qalır. Halbuki müharibənin hər ötən günü ən çox Rusiyanı iqtisadi cəhətcə tükədir, işğalçı orduda, Rusiya cəmiyyətində ruh düşkünlüyünü, narazılığı dərinləşdirir, Ukrayna xalqında isə “qardaş xalq”a nifrəti artırır. Eyni zamanda, Rusiyanın hərbi resursları azalır, sanksiyalar öz işini görür. Hətta Rusiyada yeganə tank istehsal edən zavod xaricdən ehtiyat hissələri gəlmədiyi üçün bu günlərdə dayanıb.

Göründüyü kimi, zaman indi hər mənada Putinin əleyhinə işləyir - nə qədər özünü arxayın göstərməyə çalışsa da. Zelenski isə bişəkk, tarixdə təslimçi, torpaq bağışlayan kimi qalmaq, gələcək nəsillərin lənətini qazanmaq istəməyəcək. Bu məsuliyyətin altına girməyəcək. Özü də bunca insan itkisi və dağıntılardan sonra. Ümumiyyətlə, Ukraynada xalqın adından danışa biləcək satqın lider nəzəri olaraq artıq mövcud deyil. 24 fevraladək bəlkə də hansısa rusofil siyasətçinin Moskva ilə ərazi məsələsində kompromisə getməsi ehtimalı var idisə, daha o da sıfırlanıb...

Putinin maksimalist tələbləri sözsüz ki, Zelenskidən çox, Ukrayna xalqının aşağılanmasıdır. Ən betəri, belə çıxır, kim kimdən güclüdürsə, basıb onun ərazisini işğal edə bilər? Bu dünyada çox qorxulu presedent, tendensiya olardı. Dünyanın tarazlığı uzun müddətə pozular, qlobal iqtisadiyyat özünə gələ bilməz. Odur ki, heç bir normal dövlət Putinin, Moskvanın tələblərini, Ukraynaya təcavüzünü təqdir edə bilməz. Ən pis halda neytral qalar.

BMT-dəki səsvermə də göstərdi ki, Rusiyanı yalnız Belarus, Suriya, Eritreya və Şimali Koreya kimi satellit və izqoy ölkələr dəstəkləyir. Hətta dünənin işğalçı ölkəsi, Kremlin vassalı Ermənistan belə dünyanın iradəsi əleyhinə getməyə cürət eləmədi, neytral qaldı. Bununla dolayısıyla və zorən də olsa, ölkələrin ərazi bütövlüyü və suverenliyə prinsipinin prioritetliyini qəbul etmiş oldu. Yeri gəlmişkən, İrəvanla sülh müqaviləsinin imzalanması məsələsində bu fakt bizim xeyrimizə işləyə bilər...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости