Свобода людям, независимость нациям!

Zelenski Paşinyan deyil ki, kapitulyasiya aktını imzalasın, 7 ay sonra isə...

3090 29.05.2022 13:35 Колумнисты A A

“Gözləmək lazımdır ki, Zelenskinin Ukraynanın sonuncu prezidenti olacağı haqda Vladimir Jirinovskinin peyğəmbərliyi gerçəkləşəcək ya yox”.

Bu sözlər Putinin mətbuat katibi Dmitri Peskova məxsusdur. Peskov onu da deyib ki, “peyğəmbərlikləri şərh etmək” onun vəzifəsinə daxil deyil. “Onların çin olub-olmamasını gözləməyi təklif edirik”, - deyə, əlavə edib.

Beləcə, Rusiya prezidentinin sözçüsü əslində, dünyanın siyasi xəritəsində Ukrayna adlı dövlətin qalacağına ürəyinin dərinliyində şübhə eləmədyini büruzə verib...

Yox bir, böyük şarlatan və qatı anti-türkçü Jirinovskiyə sən demə, peyğəmbərcəsinə ön görmə xüsusiyyəti xas imiş. Öz qəfil ölümünü təxmin edə bilməyən, Rusiyanın Ukrayna rüsvayçılığını hesablamağı bacarmayan birisi (LDPR lideri yüzdə yüz Ukraynaya hərbi təcavüzü öz gözləri ilə görmək istəyərdi və indi yəqin ki, Rusiya telekanallarında gecələyirdi) necə peyğəmbərlik edə bilərdi, əstəğfürullah.

Ancaq dünya siyasi təlxək Jirinovskidən qurtulsa da, Rusiyada əfsus ki, onun ideoloji varisləri, öz xəyallarını gerçəklik kimi təqdim eləyən səfehlər, 1914-cü ildə ilişib qalan irili-xırdalı şeytanlar yetərincədir. Onlar rusların ən zəif yeri olan “velikorus simi”nə basmağı çox sevirlər. Yəni ki, “ac-yalavac yaşayaq, amma üzərində Günəşin batmadığı imperiyamız olsun, özü də 1914-cü il sərhədlərində”.

Onlardan biri də Rusiya Dövlət Dumasının vitse-spikeri, Kremlin danışmanlarından və qızğın təbliğatçılarında olan Pyotr Tolstoydur. Məşhur rus yazıçısı Lev Tolstoyun nəslindən olan, onun naxələf kötücəsi. Heyf o böyük insanın it-bata düşən genindən...

Həmin o Pyotr Tolstoy o gün deyib ki, “Malorossiya”, “Novorossiya”, Ukrayna, Belarus Rusiya tərkibinə qayıdacaq, sonrasına isə baxarıq”. Başqa sözlə, Tosltoy Orta Asiyanın və Güney Qafqazın postsovet ölkələrinə işarə edib, onlara da “qarmaq atıb”.

Amma tolstoylar sayıqlamalarılnda, saydıqlarında olsunlar, gör fələk nə sayır...

Onlara hələ də çatmır ki, bu, Rusiya-Ukrayna müharibəsi deyil, Xeyirlə Şərin növbəti davasıdır. Və bu davada Şərin qalib olmaq şansı yoxdur! Güclü və imkanlı sivil dünya qoymaz! Demək, Putinin “sifətini saxlaması” məsələsi də müzakirə mövzusu deyil, olmayacaq. Yoxsa ağzında “şirə” qalar.

Əksinə, Şər qüvvə Rusiya elə günə düşəcək ki, qabağına atılan “sümüyü” də böyük qənimət, uğur sayacaq. Yaxud ondan alınanların kiçik hissəsinin qaytarılmasını, sanksiyaların yumşaldılrmasını belə, möhtəşəm qələbə hesab edəcək...

Qısası, V.Zelenski günün birində getsə də, Ukrayna dövlət olaraq yox olmayacaq, ola bilməz. Buna da şəkk-şübhə yox ki, nə Zelenski, nə də onun xələf(lər)i tarixdə torpaq satan xainlər kimi qalmaq istəməyəcəklər. Onlar belə ləkə ilə siyasətdən getməzlər. Müqayisə qüsurlu olsa da, Zelenski Paşinyan deyil ki, kapitulyasiya aktına imza atsın və 7 ay sonra seçkilərdə təzədən qalib gəlsin...

Ukrayna dövləti yalnız bir halda parça-tikə ola, yaxud öz varlığına son verə bilər: əgər onun xalqı müstəqil yaşamaq istəməsə.

Sizcə, indi bu boyda itkilər və məhrumiyyətlərdən, başına açılan oyunlardan, rusların ağlasığmaz pisliklərindən sonra o, imperiya tərkibinə qayıdarmı? Rusiyaya qarşı müharibədə həlak olan hərbçilərinin cənazələrini diz çökərək qarşılayan bir millət buna gedərmi? Namərd slavyan “qardaşla” yenidən eyni dam altında, dinc-yanaşı yaşayarmı?

Onda gərək Günəş Şərqdən yox, Qərbdən çıxsın...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости