Свобода людям, независимость нациям!

Yüz ildə bir ələ düşən şansın puç sonu

2967 07.06.2022 10:20 Колумнисты A A

Bu gün mərhum Əbülfəz Elçibəyin ölkə prezidenti seçilməsinin 30-cu ildönümüdür. 30 il öncə bu günlər ölkə seçiciləri son XX əsrdə ilk dəfə kütləvi şəkildə seçki məntəqələrinə axışırdılar. Onları buna inzibati resurslar vasitəsilə məcbur edən yox idi, hamısı könüllü gedirdi.

Seçkinin favoriti dövrün ən güclü, ən mütəşəkkil siyasi təşkilatı olan AXC-nin lideri Əbülfəz Elçibəy idi. Onun rəhbərlik etdiyi təşkilatın ölkənin hər bir şəhərində, qəsəbəsində, kəndində, hətta məhəlləsində özək təşkilatları vardı və onlar çox fəal idilər.

Bir də iki ay əvvəl istefa verdiyi halda, yenidən, qanunsuz şəkildə hakimiyyətə qayıtmaq istəyən, ancaq elə ertəsi gün ölkədən qaçmağa məcbur olan eks-prezident Ayaz Mütəllibovun tərəfdarlarının namizədləri vardı. Onlar əvvəlcə parlamentin sədri - prezident səlahiyyətlərinin icraçısı olan, ancaq bu ali postda özünü göstərə bilməyən Yaqub Məmmədovun ətrafında birləşmək istəsələr də, onun şansının olmadığını görüb xalqa qızıl dağlar vəd edən Nizami Süleymanovun tərəfinə keçmişdilər.

İnzibati resurslara nəzarət isə artıq AXC-nin əlindəydi. Ona görə də Elçibəyin seçkilərdə qalib gələcəyi çoxlarında şübhə doğurmurdu.

Bununla belə, həmin seçkidə Elçibəy rəqiblərinə əzici üstünlüklə qalib gələ bilmədi (belə bir görüntü də yaradılmadı). O, ölkədəki seçici səslərinin yarıdan bir az çoxunu topladı, seçki ikincisi isə gözlənildiyi kimi, Nizami Süleymanov oldu. O, 33 faiz səs topladı. Yerdə qalan namizədlər 2-3 faiz səslə marafonu sona çatdırdılar.

O zaman və ondan sonra seçkilərin nəticələrini şübhə altına alanlar da oldu, amma bunlar əsassız, qərəzli ittihamlar idi, uduzanın cığallığından başqa bir şey deyildi. Sonradan Nizami Süleymanov özü də etiraf etdi ki, doğma qızı ona yox, Elçibəyə səs verib.

Ancaq ədalətli naminə deyək ki, 7 iyun 1992-ci il seçkisində də müəyyən pozuntular olmuşdu və bu, ilk dəfə qanuni, azad, şəffaf seçki keçirilməsinə görəydi. Üstəlik, 50+1 faizlik yetərsay tələbi vardı, bir sıra seçki məntəqələrində isə seçici fəallığı bu rəqəmin altında olmuşdu. Ümumiyyətlə, ölkə üzrə seçici fəallığı 7 iyun seçkisindən əvvəlki və sonrakı seçkilərdə olduğu kimi 90-95 faiz olmadı, 50 faizi güclə keçdi.

Təsəvvür edin, insanların gün ərzində (səhər saat 8-dən axşam saat 8-ə qədər) seçki məntəqələrinə sel kimi axışdığı, səs vermək üçün bir saata qədər növbədə durduğu seçkidə seçici fəallığı zor-güc 50+ olur, amma səhər-səhər səsverməyə 10-15 adam gedir, yerdə qalan saatlarda məntəqənin qapısını açan olmur, amma seçici fəallığı 90 faizin üzərində göstərilir. Bu real söhbət deyil.

7 iyun seçkisində seçicilərin az qala yarısının iştirak etmədiyi, iştirak edənlərin isə 35 faizə yaxınının Elçibəyin əleyhinə səs verməsi göstərirdi ki, AXC nə qədər güclü təşkilat olsa da və Elçibəy böyük insan qrupları tərəfindən sevilsə də, ona müqavimət güclüdür, sadəcə, bu müqavimət mütəşəkkil deyil, onu istəməyənlər pərakəndə şəkildədir, hələ toparlanmağa macal tapmayıblar.

Elçibəyin düz bir ildən sonra devrilməsinin əsas sirri budur. Xalqın mühüm bir hissəsi 1992-ci ildə onun hakimiyyətə gəlməsinə seyrçi mövqe tutdusa, bir ildən sonra həmin kütlə Elçibəyi devirmək istəyənlərə azarkeşlik edirdi, onlar yerlərdə AXC-Müsavat fəalları ilə dör-dör döyüşürdülər.

Hətta Elçibəy iqtidarının parlaq nailiyyətlərinə belə kütləvi şəkildə ağız büzür, lağ edirdilər. Məsələn, xatirimdə belə bir epizod var: iki övladı eyni gündə test üsulu ilə ali məktəbə qəbul olmuş bir kişi ictimai yerdə alovlu-alovlu “cəbhəçilərin rüşvətxorluğu”ndan danışırdı. Cəbhəçi fəallardan biri ondan “övladlarının ali məktəbə girməsi üçün nə qədər rüşvət vermisən” deyə soruşanda adam “heç qəpik də verməmişəm” deyə bir az əvvəlki iddiasını heç-puç etdi. Halbuki bu şəxs əvvəlki illərdə böyük oğlunu ali məktəbə düzəltmək üçün 10 min rubl rüşvət vermişdi.

İctimai nəqliyyatda, auditoriyalarda, beş adamın cəmləşdiyi yerlərdə, demək olar ki, hamı Elçibəy iqtidarının yartımazlığından, işbilməzliyindən danışırdı. Bu məsələdə dövrün ən mütəşəkkil müxalifət partiyası AMİP-in fəal üzvlərinin böyük rolu vardı. Bu partiya bir ilin içində təxminən AXC qədər böyümüşdü. 1992-ci ildə siyasətə qarışmayan bitərəflər, eləcə də köhnə partokratlar kütləvi şəkildə bu partiyada birləşmişdilər, özlərini növbəti iqtidar sayırdılar. 4 iyun qiyamı olmasaydı, ən yaxın parlament seçkilərinin qalibi AMİP olacaqdı.

Fəqət, “bir an öncə hakimiyyətə gəlmək” ehtirası partiya rəhbərliyinin bəsirətini bağladı və bu partiya hakimiyyətə seçki yoluyla yox, ələ düşmüş fürsətdən - hərbi qiyamdan yararlanaraq gəlmək istədi. Ancaq Elçibəyin son anda hakimiyyət ortağı olaraq Heydər Əliyevi seçməsi AMİP-in yolunu bağladı. H.Əliyev hakimiyyətə gəldikdən az sonra AMİP üzvlərinin yarısı bir gecədə hakim partiyanın - YAP-ın sıralarına qatıldı.

Uzun sözün kəsəsi, Elçibəyin devrilməsi təkcə gənc iqtidar komandasının səriştəsizliyi və səhvləri üzündən olmadı. Bu amilin rolu həmin məğlubiyyətdə 20-30 faizdən artıq deyil. Əsas faktor xalqın bu cür hakimiyyət istəməməsi, indiyə qədər yaşadığı, işlədiyi kimi yaşamaq, işləmək istəməsi, hakimiyyət eşqi ilə alışıb-yanan yeni qüvvələrin köhnə partokrat revanşistlərlə birləşməsiydi. Bu cür mütəşəkkil qüvvənin qarşısında AXC-Müsavat tandemi ən çoxu növbəti seçkiyə qədər duruş gətirə bilərdi. Bu gedişatı yalnız Elçibəyin özünü diktator kimi aparması, siyasi rəqiblərini darmadağın etməsi dəyişə bilərdi, o da bunu etmədi, etməzdi.

Bir sözlə, 1993-cü ilin bu vaxtlarından sonra yaşadığımız tale xalq olaraq öz seçimimizin məhsuludur. Biz necə istəyirdik, elə oldu.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости