Свобода людям, независимость нациям!

Yuxusunu qarışdıran qadının şantaj edilməsi

1658 25.06.2024 09:55 Колумнисты A A

 

İstəyirsiniz adını ekstrasenslik qoyun, yaxud mediumluq, fərqi yoxdur, görücülük, falçılıq, baxıcılıq və sair bu kimi işlər dünyanın hər yerində “kitayski”, yəni saxta peşədir, mahiyyətcə şarlatanlıq, fırıldaqçılıq, dələduzluq, etibardan sui-istifadə etmə, kələkbazlıqdır.

Düzünü deyəndə zərif cinsə mənsub olanların xətrinə dəyir, amma bu dələduzlara ən çox inanan onlardır. Kişilərin də bir qismi bu xüsusda inanclı sayıla bilər, gedib falçı qəbulunda oturmasalar da, şəkk eləmirlər.

Bu, təkcə cahillik, savadsızlıq və mövhumatçılığın nəticəsi deyil, həm də insanın iradəsinin zəifliyinin, zəkasının perimetrinin darlığının göstəricisidir. Bir də əlacsızlıq deyilən bir şey var. İnsanın hər yerdən əlacı kəsiləndə belə şeylərə üz tutur.

Hələ bir görücülərin, baxıcıların savadına, təhsilinə baxaq. Araşdırsaq, tam yəqinlik hasil olar ki, onların 10-da 9-u orta məktəbi belə bitirməyiblər, şagird olduğu vaxtlarda isə bir dəfə lövhə qabağına çıxıb dərs danışmayıblar. Amma di gəl, “klient”lərinin qarşısında danışanda, sanarsan, Harvard universitetindən məzun olandan sonra iki il də NASA-da təcrübə keçiblər. Onlarda fitri yalançılıq istedadı var.
Bir də elələri son dərəcə həyasız olurlar. Yoxsa utanlb-qızarmadan yalan söhbətlərlə yüzlərlə adamın başını necə tovlayardılar?

Budur, belə bir kriminal xəbər yayılıb ki, R.Əliyev adlı 22 yaşlı şəxs sosial şəbəkədə "falci baxici Emma" adlı səhifə açıb və “klient”lərindən birini - Quba sakini olan qadını şantaj edərək pul alıb, axırda ilişib, tutulub.

Bu işdə günahın yarısı şərti adı B.Cavadova olan qadındadır ki, o, “Emma”ya ürək qızdırıb, sirrini verib, daha sonra o sirrin qorunması üçün 430 manat pulundan keçib.

Sirr də nə olsa yaxşıdır? Cavadova marketdə birlikdə işlədiyi bir oğlanı – keçmiş iş yoldaşını tez-tez yuxuda görürmüş və bundan narahat olurmuş.

İndi seksopatoloqlar bu informasiya oxuyanda qımışacaqlar ki, biz bilirik, o nə yuxudur. Amma onların bildiyi olmaya da bilər. Fəqət qadın bu yuxulardan narahat olurmuşsa, demək, xülyada intim elementlər də olub. Görünür, qadının alt şüurunda oğlanla bağlı bir şey ilişib qalıbmış. Kəsəsi, qadının o “yuxu müsafiri”ndən xoşu gəlməsi məsələsi realdır.

Amma bunu falçıya niyə deyirsən? İnternet var, sosial şəbəkə var, telefon var, votsap var, götür, zarafatyana bir mesaj yaz, soruş ki, adə, qırışmal, yuxuma tez-tez girirsən, salamatsanmı. O da hal əhlidirsə, adekvat adamdırsa, subaydırsa, olumlu reaksiya verəcək, ondan sonra uzağı, qonaq gəlmək istəyəcək, o mümkün deyilsə, deyəcək, Bakıya yolun düşəndə, xəbər elə, bir yerdə gedək. Vəssalam. “Şamaxinka” tərəfdən Bakıya girən kimi yuxuya girmək söhbəti sona yetəcək.

Yoxsa sən yuxularının şahzadəsinə bir söz demirsən, sirrini 22 yaşlı fırıldaqçı gəncə verirsən, o da fikirləşir ki, bu qızın bəxtini 200 manata açmaq ucuz işdir, yaxşısı budur, onu yavaş-yavaş soyum.

Son 20 ildə kimisə şantaj edənlərin dosyesinə baxın, bir dənə fakt yoxdur ki, onlar kimisə cəmi bir dəfə şantaj edələr, sonra etməyələr. Savadlı adamların sözü olmasın, kriminalistika elmində belə bir presedent yoxdur. Şantajçıların hamısı qarmaqlarına keçən adamı ta özləri müstəntiqlərin qarmağına ilişənə qədər buraxmır. Bircə dəfə şantajçıya pul vermək kifayətdir ki, adamın ömrünə otursun. Adama maşınını, evini, hətta böyrəyini belə satdırarlar. Onların kiməsə yazıqları gəlsin, mümkün deyil, deyəcəklər, bizə dəxli yoxdur, get, bankdan kredit götür, gətir bizim pulumuzu ver (sanki atalarının mirasıdır), yoxsa, səni biabır-rüsvay edəcəyik.

Ortadakı rüsvayçılıq faktı isə kimisə yuxuda görməkdən və bu barədə dələduz şantajçıya səmimi mesaj yazmaqdan ibarətdir. Əsas da ikincisi. Hər mesaj sənəddir, skrin-şot edilir, fotosu çəkilir, təkzibedilməz sübuta dönür. Baxın, ay camaat, bu qız özü yazıb ki, filankəsi yuxuda görüb! Boooy, rüsvayçılıq! Adə, qoymayın, qan töküləcək!

Kim bilir, bəlkə də qubalı qızın yuxuda gördüyü oğlanın adı açıqlansa, xanımın kişi qohumları tökülüşüb oğlanı Markesin “Gözlənilməz bir qətlin tarixçəsi” romanının qəhrəmanı Santyaqo Nasarın gününə qoyacaqlarmış?

Bəlkə də şantajçı R.Əliyev həmin oğlanı da şantaj etmək fikrinə düşüb, amma vaz keçib, fikirləşib ki, dəliqanlının biri olar, xəncərini belinə taxıb gələr Binəqədiyə, adamı yortar.

R.Əliyev düzgün falçı olsaydı, bilərdi ki, bu işlərin axırında nəsə armatura oxşayan şeylər görünür.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости