Свобода людям, независимость нациям!

Yuxulu aşiqlər

1981 23.04.2022 10:20 Колумнисты A A

“Vətən mənə oğul desə nə dərdim,

Məmur olub qayasında bitərdim"

(Məmməd Araz)

Rayondan xəbər vardı: icra başçısı kənddə camaatı yığıb problemləri müzakirə edir, tabeliyindəki dövlət qulluqçuları isə yatır. Şəklini çəkmişdilər. Biri burnunu sallamışdı, başqası kamali-ədəblə stula yayxanıb xoruldayırdı, üçüncüsü az qalırdı aşsın, böyründəki məmur buna dayaq vermişdi, hiss olunurdu dostumuz yuxunun şirin yerindədir, bəlkə bu dəqiqə kimdənsə bir çamadan rüşvət alır.

Həmişə olduğu kimi, zəhmətkeşlərimiz durumu anlamaqda çətinlik çəkir, tənqid edirlər. Guya dövlət adamının iş başında yatmağı ayıb işdir. Qətiyyən elə deyil. Bəlkə adam gecə yatmayıb, sabitliyin keşiyində durub, siz isti yorğan-döşəkdə şellənəndə bu yeni iş yerləri açırmış, pensiyaları artırırmış, əhalinin sosial rifah halını gücləndirirmiş?

Yaxud, bu dəqiq hansı aydır? Ay sağ olasan, ramazandır. Xalqımız gündüzlər ac qalır, gecələr yeyir. Nəticədə çox adamın gündüzlər işləməyə halı olmur. Əsəbi adamlar da bu dəqiqə həddən çoxdur. Az qalırlar adamı döysünlər. Baxan kimi başa düşürsən, dostumuz mömin adamdır, səhərdən dilinə bir damcı su dəyməyib, bəlkə heç tüpürcəyini də udmayıb. (Sözgəlişi, deyəsən dindarlarımız bu əbədi problemi artıq çözüblər, hər halda bu ramazanda “Tüpürcək udmaq orucu pozurmu” sualının müzakirəsinə rast gəlmədim. Böyük irəliləyişdir. Bir dənə başa kitab qoymağı da müzakirə eləyib yekun nəticəyə gəlsək lap əla olacaq).

Bizim məmurlar, dövlət qulluqçuları arasında dindarlar, hacılar, məşədilər, kərbəlayılar üstünlük təşkil etdiyi üçün çox mümkündür o tədbirdə yatanlar da mömin məmurlardır. Yeri gəlmişkən, mömin və məmur sözlərinin qafiyə olması təsadüfi deyil. Burda böyük hikmət var, anlayanlar üçün.

Sözümün canı odur ki, həyatda hər şey göründüyü kimi deyil. Doğrudur, Mövlanə müəllim (burada tavtalogiya var) hələ orta əsrlərdə buyurubdur: “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün”. Hazırkı situasiyamıza tətbiq eləsək, “ya xarabanda yat, ya da tədbirdə blaknota yaz” kimi olmalıdır. Ancaq vacib olan bu deyil.

Vacib olan vətənpərvərlikdir. Patriotizmdir. Ana yurdumuzu sevməkdir. Yuxarıda yazdım, məmurlar o köhnə sovet kinosundakı Qılınc Qurban kimi gecələr yatmadan işləyirsə və əvəzində gündüz kresloda yuxulayırsa, vətəndaşlar bunun üstünü vurmamalı, lazımsız səs-küy salıb onları oyatmamalıdır. Bəlkə xeyir onların yuxulamağındadır. Bunun ata sözü də var: “Məmur yatar, armud vaxtında yetişər”.

Bir misal da çəkim. Söz vaxtına çəkər, yenə bu yaxında bir icra başçısının oğlunun şirkətləri haqda xəbər yazılmışdı. Guya yoldaş korrupsionerdir, dövlət əmlakını çırpışdırır. Lakin bunu yazan paxıllar, bədxahlar, xaricdən maliyyələşənlər mühüm detallara fikir vermək istəmirdilər: icra başçısının oğlunun şirkətlərindən birinin adı “Əfəndilər”, başqasının adı “Bərgüşad” idi! Hətta “Əfəndilər” adıyla həm MMC, həm “Group” qeydiyyatdan keçirmişdir.

Möhtəşəmdir. Vətəni sevmək imandandır. Gör bu insan necə vətən aşiqidir. İzah edirəm: Əfəndilər icra başçımızın Qubadlıda doğulduğu kəndin adıdır, Bərgüşad da orda çaydır! Demək, bu insan hələ rayon erməni işğalı altında olarkən yurdun, çayın adını yaşatmağa çalışmışdır!

Əhsən. Vallah, mən bu yerdə kövrəldim, uzun müddət heç zad yaza bilmədim, bağışlayın. Duzlu göz yaşları klaviaturanı görməyimə mane olurdu. İndi də bu dəqiqə heç bilmirəm nə yazıram, asdfghjkl...

Nəsə, məcburən, birtəhər özüm gəldim, yazını bitirmək lazımdır. Mən sizin hamınıza məsləhət görürəm, vətəni sevməyi icra başçılarından, onların övladlarından öyrənəsiniz.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости